İntiharlarla bağlı mediaya çağırış edildı


Mənəvi və əxlaqi öhdəlik...

intiharlarla-bagli-mediaya-cagiris-edildi
13.03.2021 12:43 2 dəq oxuma

Son günlər ölkə mediasının gündəmini intiharlarla bağlı xəbərlər zəbt edib. Bəzən sosial şəbəkələrdə, hətta saytlarda 10-20 il əvvəl baş vermiş intiharların səbəbləri bu günlə əlaqələndirilir. Bu isə insanlarda qıcıq doğurur. Bütün bunlarla əlaqədar Parlament Jurnalistləri Birliyi (PJB) ölkə mediasına müraciət edib.

TurpKimi.com xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycanda intiharların sayının artması, xüsusən azyaşlı və yeniyetmələr arasında intihar halları bütün cəmiyyəti olduğu kimi KİV və jurnalist təşkilatlarını da narahat edir. Qabaqcıl dünya təcrübəsi və aparılan tədqiqatlar göstərir ki, mürəkkəb fenomen olan intihar hallarına qarşı yalnız komlpeks mübarizə tədbirləri səmərə verə bilər. Profilaktika və mübarizə tədbirləri bütün cəmiyyət tərəfindən dəstəkləndikdə təsirli olur.

Maarifçilik və məlumatlandırma profilaktik tədbirlərin əsas komponentlərindən biri kimi çıxış edir. KİV, jurnalistlər, blogerlər, ictimai rəy liderləri bu fəaliyyətlərin əsas subyektləri kimi nəzərdə tutulur. Mütəxəssislərin ortaq fikirinə görə, KİV-də, sosial şəbəkələrdə, geniş auditoriyaya xitab edən audio-vizual məhsullarda intihar halları barədə xəbərlərin , xüsusən sensasiya üslubunda məlumatların tez-tez verilməsi, bu qəbil məlumatların qabardılması mənfi fəsadlara yol açır. Mütəxəssislər qeyd edirlər ki, xəbərlərin tez-tez yayılması və qabardılması intihara meyilli şəxslər, həm də ən sadə problemlə qarşılaşan insanları intihara sövq edə bilər. Bir çox mütəxəssislər isə bu cür halları intihara meyl yaradan təbliğat kimi də dəyərləndirirlər.

Bu məsələlərlə bağlı fərqli yanaşmalar olsa da, intihara meyl yarada biləcək amillər, xüsusların qarşısının alınması üçün KİV və jurnalistləri hər bir halda öz töhfələrini verməyə çağırırıq. İntihar hallarına qarşı mübarizə və profilaktik tədbirlərə dəstək verilməsi məqsədilə mütəxəssislərin rəylərinə əsaslanaraq, KİV və jurnalistləri intihar hallarının, onlarla əlaqədar şəxslərin, xüsusatlar barədə məlumatların mümkün qədər az ışıqlandırılmasını, xüsusi olaraq qabardılmamasını cəmiyyət qarşısında mənəvi və əxlaqi öhdəlik kimi nəzərdən keçirməyə çağırırıq.

Bu Bəyanat heç bir halda senzura, yaxud özünüsenzuraya çağırış kimi dəyərləndirilməməlidir. Bu Bəyanat Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarına, bu Qaydaların 3.11.-cü maddəsinə istinad edərək yalnız və yalnız KİV, jurnalistləri intihar hallarına qarşı mübarizə və profilkatik tədbirlərinə dəstək verməyə çağırmaqdan başqa niyyət güdmür”.

TurpKimi.com