İslamda uşağa ad qoymaq haqqı - KİMƏ MƏXSUSDUR?


Cütlüklər arasında mübahisəyə səbəb olan məsələnin İslamda həlli...

islamda-usaga-ad-qoymaq-haqqi
22.05.2022 01:29 2 dəq oxuma

Qız və ya oğlan olsun, əlbəttə, fərq etməz, uşağa ad qoyularkən çox vaxt ana və atalar arasında gərginlik yaşana bilir. Mümkün olmursa, cütlüklərin ortaq qərara gəlmələri, hər iki tərəfin də könlünü oxşayan seçim etməsi daha gözəldir. Lakin tərəflər yenə də razılaşa, ortaq məxrəcə gələ bilmirsə, bu zaman islamın uşağa ad qoymaq məsələsində səlahiyyətin kimdə olmasına baxmaq lazımdır.

TurpKimi.com bildirir ki, bir çox Türkiyə saytlarında dərc edilmiş yazılarda İslamda uşağa ad seçmək və qoymaq haqqının ataya aid olduğu qeyd edilib. Ata vəfat etmiş və ya hüquqi cəhətdən bu ixtiyarı itirmişsə, o zaman bu haqqın ananın üzərinə düşdüyü bildirilir.

Həmin saytlarda qeyd edilənləri diqqətinizə çatırırıq:

Peyğəmbərimizin adı anası tərəfindən seçilmiş, lakin babası Abdülmutalib tərəfindən qoyulmuşdur.

“Uşağa ad vermək səlahiyyəti və haqq ataya aiddir. Quranımız uşaqları ataları ilə anmamızı əmr etməkdədir”. (Əhzab surəsi, 5)

Ailələrdə ciddi mübahisəyə səbəb olan uşağa ad qoymaq səlahiyyəti həqiqətən də ataya məxsusdurmu? Bunu Quranla əsaslandırıb insanları inandırmaq necə? Əhzab surəsinin 5-ci ayəsinin tərcüməsi nə dərəcədə düzgündür? Bəs Quranda uşağa adın ata tərəfindən verilməsi haqda bir cümlə varmı?

Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri saytımıza açıqlamasında bildirdi ki, yazılanlar doğru deyil: “Türkiyə saytlarında dərc edilən bütün yazıların heç də hamısı düzgün deyil. Əhzab sürəsini açıb baxın, görün orda elə bir şey varmı?! Saytda yazılan ayə uydurmadır. Bunun İslama heç bir aidiyyatı yoxdur. Bunlar hamısı əsassız olan məsələlərdir. Bu cür iddiaları Quran ayələrinə baxdığımız zaman görmək mümkün deyil”.

Bəs Quranın 33-cü surəsi olan Əhzab surəsinin, sözügedən 5-ci ayəsində nə deyilir?

“Onları (oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın! Allah nəzdində bu daha ədalətlidir. Əgər onların atalarının kim olduğunu bilmirsinizsə, onları din qardaşlarınız və yaxınlarınız olaraq görün. Çaşıb etdiklərinizə görə yox, qəsdən etdiklərinizə görə sizə günah yazılar. Allah bağışlayandır, rəhmlidir”.

Firuzə Alimova / TurpKimi.com