Azərbaycanda işləyən qadınların hüquqları genişləndirilir.
Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Layihədə qeyd olunub ki, hər il Dünya Bankı tərəfindən işləyən qadınların əmək münasibətləri ilə bağlı formalaşmış normaların tətbiq səviyyəsi göstəricilərini ehtiva edən qadınlar, biznes və hüquq hesabatı dərc edilir. Sözügedən hesabatda ölkəmizin reytinqinin yüksəldilməsi məqsədilə Əmək Məcəlləsinə qadınların məşğulluq imkanlarını məhdudlaşdıran normaların aradan qaldırılması, ölkə üzrə qadınların orta aylıq əmək haqqının kişilərin orta aylıq əmək haqqına nisbətinin yüksəldilməsi, işləyən uşaqlı qadınlara güzəştlərin müəyyən edilməsi və ya onlar üçün əlverişli əmək şəraitinin yaradılmasının təmin edilməsi əsas prioritet olaraq nəzərdə tutulur.
Qeyd olunan hesabatda "Qadınların əməkhaqqı ilə bağlı qanunlar” göstəricisi üzrə daha yaxşı nəticələr əldə etmək üçün qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləməsinə icazə verən, qadınların kişilərlə bərabər təhlükəli hesab edilən iş yerlərində və ya sənaye sahələrində işləmələrinə icazə verən bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı məsələlərinin təkmilləşməsi, eyni zamanda "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa müvafiq olaraq eyni terminlərin vahid şəkildə verilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranmışdır.
Layihə gecə vaxtı, iş vaxtından artıq işə cəlb edilmə və ezamiyyətə göndərilmə ilə bağlı qadınların hüquqlarını genişləndirir.
Qanun layihəsində həmçinin nəzərdə tutulub ki, hamilə, 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların kişilərlə bərabər qaydada gecə işlərində işləmələrinə, iş vaxtından artıq işə cəlb edilmələrinə və ezamiyyətə göndərilmələrinə yalnız onların yazılı razılığı ilə icazə veriləcək. (Report)