İsti yay günlərində maye itkisindən başqa qidalanma və yuxusuzluq xüsusilə diabet xəstələrinin qan şəkərində tarazlığın pozulmasına səbəb olur.
TurpKimi.com-un təqdim etdiyi bilgilərə əməl edərək onsuz da risk altında olan diabet xəstələrinin isti yay günlərini normal başa vurmasına kömək edə bilərsiz.
1-TƏCİLİ OLMADIQCA GÜNORTA VAXTLARI ÇÖLƏ ÇIXMAYIN
Günəşin zərərli şüaları orqanizmdə yanıqların yaranmasına səbəb ola bilər. Diabet xəstələri günün dayandığı vaxt çölə çıxmamalıdırlar. Səhər erkən və axşamüstü çölə çıxmaları məsləhətdir. Günorta saatlarını çöldə keçirən xəstələrin isə çətirdən istifadə etməsi və ya kölgə olan yerlərə üstünlük verməsi tövsiyə edilir.
2-QİDALANMA VƏ YUXU REJİMİNƏ DİQQƏT EDİN
Xüsusilə həddindən artıq isti bölgələrdə yaşayan diabet xəstələrinin kondisionerli mühitdə olmaları və qidalanma, yuxu qaydalarına diqqət etmələri vacibdir. Əks halda isti hava qan şəkərinə pis təsir edir.
3-YAY MEYVƏLƏRİNİN İSTEHLAKINI MƏHDUDLAŞDIRIN
Qlisemik indeksi yüksək olan qarpız, yemiş, üzüm, şaftalı, gilas kimi yay meyvələri az miqdarda yeyilməlidir. Çünki diabet xəstələrinin bu meyvələrdən yeməsi hiperqlikemiyaya, yəni qanda şəkərin yüksəlməsinə səbəb olur.
4-ARA PAYLARI UNUTMAYIN
Hədsiz istilərin olduğu yay aylarında gündəlik paylara nəzarət edin. Xüsusilə nahar vaxtını qaçırmayın. Günorta yeməyi vaxtında yeyilməlidir. Çünki əsas və ara pay yeməklərin buraxılması, nizamsız qidalanma hiperqlikemiyaya səbəb olur və qan şəkəri tarazlığının pozulmasına yol açır. Qızartma kimi yağlı yeməklərdən və qırmızı ətdən uzaq durmaq, bol, təzə tərəvəz istehlakına diqqət edilməlidir.
5-SU İÇMƏYİ UNUTMAYIN
Diabet xəstələrinin yayda birbaşa günəş şüaları ilə təmas etməsi təhlükəlidir. Çünki günəşə məruz qalmaq tərləməylə birlikdə maye və elektrolit itkisinə də səbəb ola bilər. Bu da qan şəkərinin yüksəlməsinə və qan təzyiqinin düşməsinə yol aça bilər. Ona görə də yay mövsümündə diabet xəstələrinin bol miqdarda maye içməsi təklif edilir.
6-ÇİMƏRLİKDƏ AYAQYALIN GƏZMƏYİN
Diabet xəstələrində yara çox gec sağalır. Ayaqda olan çatlar və kəsiklər orqanizmdə infeksiyaya yol açır. Diabetli xəstələrdə ayaqlardakı sinirlər qumun temperaturunu o qədər də hiss etmir. Bu hal ayaq yaralarına səbəb ola bilər. Yayda diabet xəstələrinin çimərlikdə və torpaq olan sahələrdə ayaqyalın gəzməsi məsləhət deyil. Dənizə girərkən xüsusi səndəllərlə girməyi də unutmamaq lazımdır.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
16-06-2022