İstidən bezənlərin canı sərinləyəcək


Güclü külək əsəcək, temperatur 5-8 dərəcə aşağı enəcək.

istiden-bezenlerin-cani-serinleyecek-1
05.09.2023 22:12 2 dəq oxuma

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Bakıda və Abşeron yarımadasında sentyabrın 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sentyabrın 7-si axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 6-sı axşam şimal və qərb rayonlarından başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-aran, Qarabağ və Şərqi-Zəngəzur zonasının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

TurpKimi.com