İsveç kotletini yemək üçün İsveçə getməyə ehtiyac yoxdur - Resepti


İsveç kotletini mərcangilə (lingonberry) cemi, xüsusi ət sousu və qaynadılmış və ya qızardılmış kartofla birlikdə servis edirlər. 

isvec-kotletini-yemek-ucun-isvece-getmeye-ehtiyac-yoxdur
19.10.2022 09:52 1 dəq oxuma

İsveç kotleti kiçik yumru küftələr şəklində bişirilən və ət suyu ilə hazırlanan xüsusi sousu ilə birlikdə süfrəyə verilir.  
TurpKimi.com dadını bildiyimiz təamları fərqli tərzdə dadmaq istəyənlər üçün resepti təqdim edir. 

Ərzaqlar: 

- 1 kq qıyma
- 2 ədəd yumurta
- 1 ədəd soğan
- 1 çay qaşığı sarımsaq tozu
- 1 kiçik çay qaşığı toz bibər
- 1 çay qaşığı sarıkök
- 1/2 su stəkanı qaleta unu
- 1 çay qaşığı qaraistiot 
- 1 çay qaşığı yenibahar (İstiota bənzəyən ana vətəni Amerika olan bitkidir. Dadı bir az qərənfilə, bir az darçına və bir az da hilə oxşayır,  ingiliscə adı - pimenta racemosa)
- Duz

Hazırlanması:

Bütün ərzaqları bir qaba töküb yoğurun.  30 dəqiqə qalsın və sonra kiçik toplar şəklində  qızardın.

Sous üçün:

- 5 yemək qaşığı un
- 1 paket qaymaq
- 2.5 su stəkanı ət suyu
- Duz

Hazırlanması:

Kotlet bişirdiyimiz tavada unu qovurun,  ət suyunu əlavə edin. Qaymaq və duzu əlavə edin, əgər içində yumrular qalsa  blenderdən keçirin. Kotletlərin üzərinə sousu tökün. Süfrəyə verərkən istəyə bağlı  üzərinə cəfəri doğraya bilərsiniz.  Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

28-02-2022