Karantin dövründə toylar necə keçirilməlidir? - Maraqlı TƏKLİFLƏR


Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimində təxirə düşən əsas tədbirlərdən biri də toy mərasimləridir.

karantin-dovrunde-toylar-nece-kecirilmelidir
23.06.2020 18:18 3 dəq oxuma

Bu dövrdə gizli toy mərasimlərinin keçirilməsi və yaxud sadəcə nikah bağlamaqla yeni ailələlər qurulmasını müşahidə edirik.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ ilə bağlı Trend-ə deyib ki, Dünya Səhiyyə Təşkilatı və ayrı-ayrı ölkələrin mütəxəssisləri koronavirus pandemiyasının hələ bir müddət davam edəcəyini proqnozlaşdırır.

“Biz artıq epidemiya şəraitində yaşamağa öyrəşməliyik və həyat tərzimizi ona uyğun qurmalıyıq. Ona görə də artıq 400-500 nəfərlik toylardan imtina etməliyik. Təbii ki, toy insanların bir arzusudur və bunu uzun müddət təxirə salmaq olmaz. Ancaq əvvəlki təmtəraqlı toyların keçirilməsi indiki vəziyyətdə mümkün deyil. Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu şəraitə uyğun təlimatlar hazırlaya, normalar müəyyən edə bilər.

Misal üçün, toyda iştirak edəcək insanların sayı, buna uyğun yemək sifarişi və toyun davam etmə müddəti müəyyən edilməlidir. Çünki virus qapalı məkanda müəyyən zaman daxilində yolxucu konsentrasiyanı toplaya bilir. Məsələn, toya 30 adam gəlibsə və onun biri virus daşıyıcısıdırsa, həmin şəxs asqırdığı və ya öskürdüyü zaman dərhal yanındakı insanı yoluxdura bilər, hətta asqırıb-öskürmədiyi halda belə tənəffüs vasitəsilə 50 dəqiqə ərzində ətrafa virus yaya bilər. Ona görə də toylar üçün müəyyən bir müdddət qoyulmalı, məclisə az sayda insan cəlb olunmalı, sosial məsafə gözlənilməlidir.

Toyların maska ilə keçirilməsini təsəvvür edə bilmirəm. Bu qədər çağırışlara və cərimələrə baxmayaraq, insanlar küçələrdə və marketlərdə maska taxmırlar, o ki qaldı toya maska ilə gedəcəklər. Bu, bir az real deyil. Ancaq insan sayını azaltmaq, ən azı girişdə insanların hərarətinin ölçülməsi, burun-boğazda axıntı və ağrıların olmasını müəyyənləşdirmək də vacibdir. Bir də toyda iştirak edənlərin siyahısı olmalıdır və onlar da toydan sonra bir neçə gün ərzində nəzarətdə saxlanılmalıdır”.

Komitə sədri hesab edir ki, digər bir metod toyların ayaqüstdə keçirilməsidir: “Yəni vacib deyil ki, insanlar gəlib saatlarla oturub musiqi dinləsinlər. Tutaq ki, 15-20 nəfər testdən keçmiş ailə üzvləri və yaxın qohumlar toyda iştirak edir, qalan insanlar isə qısa müddətə gəlib bəylə gəlini təbrik edib və öz hədiyələrini verib gedir. Bu və ya digər şəkildə toyları keçirmək olar”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva isə bildirib ki, bu elan olunmamış koronavirus müharibəsində bütün dövlətlər təxirəsalınmaz tədbirlər həyata keçirir:

“Azərbaycanda da bu istiqamətdə tədbirlər görülür və bütün bunlar əlbəttə ki, insanların sağlamlığını qorumaq məqsədi daşıyır. Belə bir dövrdə insanların gündəlik həyata nə şəkildə davam edəcəkləri ilə bağlı müəyyən nüanslar ortaya çıxır. Bu nüanslardan biri də toylardır.

İstər-istəməz həyat davam edir və toylar da bir şəkildə tənzimlənməlidir. Düşünürəm ki, toylar az sayda insanın iştirakı, ara məsafəsinin qorunması ilə nikah bağlanması formasında keçirilə bilər. Artıq Türkiyədə və bir sıra ölkələrdə bununla bağlı proqramlar hazırlanıb.

Burada vətəndaş məsuliyyəti də çox önəmlidir. Dövlət tərəfindən lazımı tədbirlər görülür, qaydalar qoyulur və tövsiyələr verilir, ancaq mən düşünürəm ki, birinci növbədə insan özü-özünü qorumalıdır. Vətəndaşlar öz məsuliyyətini dərk etməli və müəyyən müddət həmişəki alışqanlığından qaçmalıdır. Bəlkə təmtəraqla deyil, az adamın iştirakı ilə toylar keçirilə bilər. Qaydalarla bərabər, insanların da buna şüurlu şəkildə getmələri vacibdir. Qaydalara əməl etməklə toy mərasimləri keçirmək olar. Çünki görünən odur ki, bu virus hələ bizimlədir. Buna görə də düşünürəm ki, müəyyən məsələlər var ki, onları da həyatımızda tənzimləmək lazımdır”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı isə bildirib ki, indiki şəraitdə Operativ Qərargahın tövsiyələrinə və təlimatlarına əməl etməliyik:

“Həyatımızı pandemiya dövründə bu qaydalara uyğun dəyərləndirməliyik. Biz ətrafımızdakıları da düşünməliyik. İnsan özü virus daşıyıcısı ola, onda heç bir əlamət hiss edilməyə bilər, ancaq onun yoluxdurduğu insan ağır vəziyyətə düşə, ölə bilər. Ona görə də bu məsələyə məsuliyyətlə yanaşmalıyıq. Xüsusən, Azərbaycan toylarının formatı elədir ki, orada nə sosial məsafə qorumaq mümkün olacaq, nə də insanlar maska taxacaq. Bu səbəbdən də Operativ Qərargah hansı qərarı verirsə, hər bir vətəndaş vəzifəsindən asılı olmayaraq ona riayət etməlidir”.

loading...