Çeklərdəki maddə nəfəs yollarına gedərsə, əllərimizdə qalarsa sağlamlığımızda ciddi problemlərə yol açar.
Kassa çeklərindəki mürəkkəbin tərkibində “Bisfenol A” maddəsinin olduğu iddia edilib və həmin məhlulun insan sağlamlığına ciddi zərərləri ola biləcəyi aşkarlanıb. Alimlər “Bisfenol A”nın beyin inkişafının gecikməsinə, autizmə, şəkərli diabetin inkişafına gətirib çıxardığını bildirirlər.
TurpKimi.com bildirir ki, Oxu.Az bu məsələ ilə bağlı araşdırma aparıb.
Ofset texnologiyaları üzrə mütəxəssis, texnoloq Azər Sarıyev saytımıza açıqlamasında bildirib ki, “Bisfenol A” kassa çekləri ilə yanaşı, bəzi plasmastların tərkibində də olur:
“Bu maddə birbaşa insan dərisi ilə təmasda olarsa, insan orqanizminə pis təsir edə bilər. Kassa çekləri əslində iki növdə olur. Bunlardan biri adi ofset kağızıdır. Ofset kağızdan olan kassa çeklərinə ölkədə çox az rast gəlinir. Digəri isə termo kağızlardır ki, ölkəmizdə daha çox istifadə olunur.
Məsələnin məğzini anlamaq üçün hər iki kağızın strukturunu bilmək lazımdır. Ofset kağızın üzərindən xüsusi bir təbəqə, onun üzərindən isə istiliyə həssas bir təbəqə gedir. Bu təbəqənin özü də 3 komponentdən ibarətdir. Biri piqmentdir ki, bu, rəngi verən məhluldur. Bu məhlul insan orqanizmi üçün bir o qədər də ziyanlı deyil. Digər iki həssas komponentin tərkibində isə “Bisfenol A” var. Bu maddə olmadan həmin çeklərin çapı mümkün deyil. Çek aparatda istilik üsulu ilə çap olunur. Burada istifadə olunan mürəkkəb bildiyimiz adi mürəkkəbdən çox fərqlənir”.
A.Sarıyev qeyd edib ki, çek kağızlarından bir dəfə istifadə etmək olar, onlar yenidən istifadəyə yararlı deyillər:
“Bir sözlə “Bisfenol A” kassa çeklərində var və təxminən 1 kvadratmetr kağızdan 1 milliqram “Bisfenol A” çıxa bilər. Bakıda çeklərə fikir verdiyim zaman bir məsələ diqqətimdən yayınmadı. Bahalı olduğu üçün Avropada istehsal edilən kağızlarından olan çeklər ölkəmizdə yoxdur. Həmin kağızlarda “Bisfenol A”nın miqdarı nisbətən az olur. Azərbaycana çeklərin bəlkə də 99 faizi Çindən gətirilir ki, onların da keyfiyyəti daha aşağıdır”.
Həkim dermatoloq Şəmsiyyə Rəhimzadə Oxu.Az-a açıqlamasında qeyd edib ki, pandemiya bizə gigiyena qaydalarında daha ciddi riayət etməyi öyrətdi:
“Əgər “Bisfenol A” nəfəs yollarına gedərsə, onun insan orqanizminə ciddi zərərləri ola bilər. Biz sözügedən çeklərə toxunduqdan sonra əllərimizi yumadan qida qəbul edəriksə, orqanizmə ziyanı ola bilər. Çeklər nəm şəkildə dəriyə nüfuz edərsə, tez bir zamanda əllər yuyulmalıdır. Əlinizi yumadığınız təqdirdə saatlarla bu maddə dərimizdə qalarsa, dərinin məsamələrindən qana nüfuz edərək beyin inkişafına, xroniki xəstəliklərin oyanmasına, şəkərli diabetlərdə şəkərin qalxmasına və s. səbəb ola bilər”.
TurpKimi.com