Günümüzdə insanların daha çox maraqlandığı mövzulardan biri də köklük problemidir.
Piylənmə, çəkinin həddindən çox olması insanları əməliyyata qədər aparıb çıxarır.
TurpKimi.com son zamanlarda məşhurlaşan mədəkiçiltmə əməliyyatı haqda oxucuların bilməli olduqları vacib məlumatları təqdim edir:
Ümumi-bariatrik cərrah Kamran Rəfiyev mədəkiçiltmə əməliyyatı ilə bağlı bəzi məqamları TurpKimi.com-la bölüşüb.
Mədəkiçiltmə əməliyyatını kimlərdə aparmaq olar?
- Mədəkiçiltmə əməliyyatı təbii ki, hər pasiyent üzərində aparıla bilməz. İlk növbədə xəstənin yaşı önəmlidir. Ümumdünya Səhiyyə Təşkilatına görə 15-65 yaş arası insanlarda mədəkiçiltmə əməliyyatı aparıla bilər.
2-ci növbədə Bədən Kütlə İndeksi (BKİ-Red.) əsas rol oynayır. BKİ 35-in üzərində olmalıdır. Həm də pasiyentdə yanaşı xəstəliklər - yüksək təzyiq, qaraciyər çatışmazlığı, 2-ci tip şəkərli diyabet varsa, qanda xolesterinin miqdarı artıqdırsa, bu zaman BKİ 35 yox, 32-nin üzərində olsa belə bu əməliyyat icra edilə bilər. Mədəkiçiltmə əməliyyatı zamanı mədənin 20-25 faizi saxlanılır, 75-80 faizi kəsib götürülür. Əməliyyatdan sonra xəstə istədiyi kiloya qədər düşə, yəni normal bədən kütlə indeksinə qayıda bilirlər.
Normal insanlarda BKİ 19-25 arasıdır
Ekzogen xarakterli kökəlmə olduqda, yəni pasiyentin kilo alması sırf xaricdən qəbul olunan qidalanma hesabınadırsa, biz əməliyyat məsləhət görürük. Xəstə bizə müraciət edərkən ətraflı olaraq sorğu-suala tutulur, əvvəlcədən diyetoloq yanında olubsa, fitneslə məşğul olubsa, kilo verə bilməyibsə və ya verdiyi kilolar bu prosedurları saxlayan kimi tez bir zamanda geri qayıdıbsa, o zaman əməliyyatı icra edirik. Yaş və BKİ çox önəmlidir.
Mədəkiçiltmə əməliyyatına kimlər girə bilməz?
BKİ 35-dən az olan, yanaşı xəstəlikləri olmayan şəxslərdə icra oluna bilməz. Bəzən bizə müraciət edən pasiyent bildirir ki, boyu 165 sm-dir, 70 kilodur, 65 kilo olmaq istəyir. Bu zaman təbii ki, əməliyyat risklidir. Hər hansı bir psixoloji problemi olan xəstələrdə də bu əməliyyat icra olunmur. Hormonal, böyrəküstü vəzində problemi olanlar kök olurlar. Xəstə bizə müraciət edərkən tam müayinə paketi yazılır. Əgər müraciət edən şəxsin kökəlmə səbəbi tamamilə ekzogen xarakterlidirsə, yəni xaricdən alınan qidaya bağlıdırsa, əməliyyat məsləhət görürük.
Vüsalə Əlövsətqızı, TurpKimi.com