Koronavirusa görə evdə qalmaq insana necə təsir edir?


İnsanların ziyarət etdiyi yerlər onların şəxsiyyətinin xüsusiyyətlərinə təsir edə bilər. Belə ki, evdə bir neçə ay qalmış ekstravertin introvertə çevrilməsi mümkündür. 

koronavirusa-gore-evde-qalmaq-insana-nece-tesir-edir
23.06.2020 17:48 1 dəq oxuma

“Report” “Futurity”yə istinadən xəbər verir ki, bu qənaətə ABŞ-ın Kaliforniya ştatının Stenford Universitetinin alimləri gəliblər.

“Vaxtını ictimai yerlərdə sərf edən insanlar evdə keçirənlərdən daha açıq, mehriban və insaflıdırlar”, - araşdırmanın həmmüəllifi Qabriella Harari bildirib.

Araşdırmada 2 350 gənc iştirak edib. Onlar, ilk növbədə, şəxsiyyət testindən keçiblər, daha sonra ard-arda 2 həftə qısa sualları cavablandırıblar. Onlardan vaxtlarını keçirdikləri yerlər və özlərini necə hiss etdikləri soruşulub.

Ümumilikdə 63 000 cavab alan alimlər onları ziyarət yerlərinə görə 10 tipə bölüblər: iş, ev, kafe, dostun evi, idman zalı, mağaza, ticarət mərkəzi, restoran, kampus, kitabxana. Həmçinin avtomobildə olma da seçilib.

Bütün məlumatları təhlil edən alimlərin fikrincə, hər ziyarət olunan yeri şəxsiyyətin müəyyən aspektləri ilə tutuşdurmaq olar. Bundan başqa, xasiyyətin ortaq xüsusiyyətlərinə malik insanlar bənzər yerlərə getməyə can atırlar.

Koronavirus pandemiyası ilə əlaqədar bir çox insanın evdən çölə çıxmaması onların şəxsiyyətinə də öz təsirini göstərib.

“Əgər siz özünüzü daha az yaradıcı sayırsınızsa, bu, sizin evdə qalmağınız və mühitinizi dəyişməməyinizdən irəli gəlir”, - Q.Harari vurğulayıb.

Araşdırmanın nəticələrinə görə, mühiti dəyişərək xasiyyətin özəlliklərini korrektə etmək mümkündür. Məsələn, kimsə özünü evdə narahat və kaprizli hiss edirsə, onun vaxtını qonaqlıqda, kafedə və ya digər ictimai yerlərdə keçirməsi daha faydalıdır.