Heç zaman xəstələnməyəcək insanlar da var?
“Mən epidemioloq deyiləm, həkim-klinisistəm (klinikada işləyən, elmi tədqiqatlarla məşğul olan həkim). Amma bir mütəxəssis kimi fikrimi deyə bilərəm. Həqiqətən də, peyvənd olunmamış uşaqların bir yerə toplaşması pandemiyanın yayılmasına səbəb olur”.
Bu sözləri Oxu.Az-a açıqlamsında məktəb və təhsil müəssislərinin pandemiyanın yayılmasında hərəkətverici qüvvə olduğu iddiasına münasibət bildirən N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin Yoluxucu Xəstəliklər və Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Vladimir Nikiforov deyib.
O vurğulayıb ki, istehsal edilən bütün vaksinlər koronovirusla mübarizədə effektivdir:
“Lakin mən mRNT texnologiyası ilə hazırlanan vaksinlərə üstünlük verərdim. İnaktivləşdirilmiş peyvəndlər virusun mutasiya edən növləri ilə mübarizədə geri qalacaq”.
Asimptomatik ishal halının olmadığını nəzərə alsaq, mütəxəssis virusun asimptomatik keçməsinin nə qədər mümkün olub-olmadığına da aydınlıq gətirib:
“İshal xəstəlik deyil, simptomdur. Tez-tez maye halında nəcisin gəlməsidir. Koronavirus infeksiyası hər hansı bir şəkildə özünü göstərə bilər və yeri gəlmişkən, bəzi hallarda bu, sadəcə ishaldır. Lakin subklinik (əlamətsiz) formada da olur. Yəni proses gedir, amma heç bir kənar əlamət yoxdur. Nümunə olaraq əvvəl “Botkin xəstəliyi” kimi qeyd edilən hepatit A-dan misal çəkək. İnsanların 90 faizi Hepatit A-nı yüngül formada, sarılıqsız keçirir. Yəni xəstəlik var, amma xəstəliyin adının götürüldüyü sarılıqdan əlamət yoxdur! Koronavirusda da məhz eyni məsələ ola bilər. İmmunitet virusla o qədər effektiv mübarizə aparır ki, koronovirusun vurduğu zərər özünü büruzə vermir".
Vladimir Nikiforov insanlarda koronavirusa qarşı təbii immunitetin mövcud olub-olmamasını isə belə şərh edib:
“Hər zaman əhalinin elə bir hissəsi olur ki, demək olar heç zaman xəstələnmir. Amma ola bilsin ki, yuxarıda da qeyd etdiyimiz kimi xəstəliyi asimptomatik keçirib. Məsələn, HİV-infeksiyasına həssas olmayan insanlar var. Onlar genetik olaraq belə bir xüsusiyyətə sahibdirlər. Yəqin ki, COVID-ə qarşı da həssas olmayan insan təbəqəsi var. Ancaq təkrar edirəm, çox güman ki, sadəcə olaraq immunitet yaxşı müqavimət göstərib”.
TurpKimi.com