Hətta bu material tibbi maskaların parçasına da tətbiq oluna bilər...
Təmiz mis və ya mis birləşmələrindən ibarət örtüklər SARS-CoV-2 koronavirusunu tez bir zamanda təsirsiz hala salır, hətta məhv edir.
Bu barədə Kanadanın Vaterloo Universiteti alimlərinin “APL Materials” jurnalında dərc olunan məqaləsində deyilir.
Tədqiqatçılar altı müxtəlif ultra nazik mis və ya mis oksid örtüyünün “HCov-229E” ilə (genetik olaraq SARS-CoV-2-yə bənzər koronavirus növü) necə qarşılıqlı əlaqədə olduğunu araşdırıblar.
Belə ki, şüşə, yaxud parça üzərinə tükdən min dəfə nazik örtük çəkilib və viruslar olan məhlula yerləşdirilib. Aparılan təcrübə zamanı məlum olub ki, mis və mis tərkibli birləşmələr virusaleyhinə təsirə malikdir. Özü də nanoölçülü plyonka fraqmentləri, tərkibində virus olan mayedə həll olunanda onun effekti daha da güclənir.
Tədqiqatçıların sözlərinə görə, mis örtük tibbi maskaların parçasına tətbiq oluna bilər, bu da fərdi qorunma vasitələrinin müdafiə əhəmiyyətini xeyli artırar.
Mənbə: Aip.scitation.org / TurpKimi.com