Koronavirus (COVİD-19) infeksiyasının "kraken” adlı yeni ştammı hazırda Avropada sürətlə yayılmağa başlayıb.
Artıq Danimarka, Fransa, Avstriya, Niderland, Almaniya, İtaliya, İspaniya, İsveç, İslandiya, Belçika, Çexiya, Portuqaliya, İrlandiya kimi ölkələrdə tapılan bu ştamm son olaraq qonşu ölkələr olan Rusiya və Gürcüstanda da aşkarlandı.
"Kraken” ilk dəfə 22 oktyabr 2022-ci ildə ABŞ-da müəyyən edilib. Belə ki, ABŞ-da müəyyən edilmiş "kraken” virusu hallarının sayı bir neçə həftə ərzində 40 faizə qədər yüksəlib.
"XBB.1.5" və yaxud "kraken" ştamı Koronavirusun "Omikron" ştammının alt variantıdır. "Kraken" variantı özünü əzələ ağrısı, şiddətli öskürək, boğaz ağrısı, baş ağrısı, yorğunluq, burun axması kimi simptomlarla büruzə verir.
XBB.1.5 indiyə qədər ən yoluxucu "Covid-19” variantıdır. Bununla belə, ÜST indiyə qədər onun əvvəlki "Omikron” variantlarından daha ciddi və ya zərərli olduğuna dair heç bir əlamət olmadığını bildirib.
Əsasən yaşlı insanlarda və xroniki xəstəlikləri olan insanlarda "kraken" diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı artır.
Bu səbəbdən yaşı 65-dən yuxarı olan xroniki xəstəlikləri olan insanlara qapalı məkanlara daxil olarkən maskadan istifadə etmələrini tövsiyə edilir. Bu variant üçün yeni xüsusi simptom müəyyən edilməmişdir. Başqa sözlə desək, kliniki simptomlar uzun müddətdir vərdiş etdiyimiz "Covid-19” əlamətlərinə bənzəyir. Boğaz ağrısı, baş ağrısı, qızdırma, öskürək burun tutulması, əzələ və bel ağrısı ən çox narahat edən simptomlar ola bilər.
Qeyd edək ki, son iki ay ərzində Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin araşdırma rəqəmləri göstərib ki, XBB.1.5 variantı hazırda ABŞ-da yoluxma hallarının 40%-dən çoxunu təşkil edir. Hal-hazırda, yeni variant Şimal-şərqdə kəskin şəkildə artır, burada isə yoluxma hallarının 75% -dən çoxunu təşkil edir. //Azxeber.com