Koronavirusun müalicəsində istifadə edilən dərmanlar niyə ərşə çəkilib? - ARAŞDIRMA


Azərbaycanda bəzi dərmanlar yoxa çıxıb.

koronavirusun-mualicesinde-istifade-edilen-dermanlar-niye-erse-cekilib
18.02.2022 16:11 3 dəq oxuma

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarında artım müşahidə olunur. Bununla yanaşı, payız-qış mövsümü bir sıra qrip və kəskin respirator virus infeksiyalarının da sürətlə yayılmasına səbəb olub. Bu isə dərmanlara olan təlabatı daha da artırıb. Nəticədə Bakının bəzi apteklərində dərman qıtlığı yaranıb.

“Report” məsələ ilə bağlı araşdırma aparıb.

Məlum olub ki, bəzi apteklərdə zəruri olan bir sıra dərmanlar yoxdur. Paytaxtın Rəşid Behbudov, 18 ünvanında yerləşən “Zeytun 211”, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bizim aptek”in əczaçıları bir sıra dərmanların satışda olmadığını təsdiqləyiblər.

Onlar bildiriblər ki, hazırda çalışdıqları apteklərdə xeyli sayda dərman vasitələri yoxdur. Bu sıraya ürək-damar, sinir-əsəb sistemi xəstəliklərində istifadə olunan, dərman pişikotu – “valerian”, ağrıkəsici təsirə malik qeyri-steorid iltihab əleyhinə olan vasitə “nimesil”, “natrium xlorid” (infuziya üçün məhlul) və tərkibinə qatılan “ABC” vitamin kompleksləri daxildir.

Əczaçı Orxan Axundovun sözlərinə görə isə, hazırda çalışdığı “Urfan” aptekdə “nimesil” dərman vasitəsi satılmır və alıcılara yalnız bunun əvəzedicisi təklif olunur. O bildirib ki, hər dəfə ölkədə koronavirusa yoluxma artanda apteklərdə dərman çatışmazlığı yaranır.


“Kapsula” aptekinin əczaçısı Əsmər Orucova deyib ki, əksər dərmanlar müəyyən məhdudiyyət və limit çərçivəsində depodan alınır: "Son bir həftəyədək qrip əleyhinə dərman tozları tapılmırdı. Səbəb olaraq həmin dərman vasitələrinin gömrükdə olduğu və ya depolarda bitdiyi barədə standart cavab verirdilər".

Paytaxtın 8-ci mikrorayon ərazisindəki “Zeytun 73” aptekinin əczaçısı Çinarə Məmmədova qeyd edib ki, onun da çalışdığı aptekdə bəzi dərmanların çatışmazlığı yaşanır. O, buna misal olaraq bildirib ki, ən çox tələbatın olduğu öskürək əleyhinə “ACC” dərman preparatıdır. Əczaçı xanım bu dərmanın aptekdə satılmamasının səbəbini depoda olmadığı ilə əlaqələndirib.


Əczaçı Zöhrə Əliyeva da çalışdığı “Zeytun 13” aptekində öskürək əleyhinə “ACC” dərman preparatının satılmadığını bildirib. O da bunu həmin dərmanın depoda olmaması ilə əlaqələndirib: "Ümumiyyətlə, son vaxtlar dərmanlara tələbat artıb. Əsasən də “ACC” dərmanına. Lakin gətirilmir. Biz bununla bağlı maraqlanmışıq, amma depoda da yoxdur. Çox güman ki, depoya da gətirilmir. Əgər depolarda olsaydı, apteklərə paylanılardı”.

Əczaçılar qeyd ediblər ki, hazırda bəzi apteklərdə tapılmayan dərmanlarla bağlı müraciət edən alıcıların sayı kifayət qədərdir. Onlar deyib ki, hətta qızdırmaölçən civəli termometrlərin də gətirilməsi dayandırılıb. Onlar bunun səbəbini bilmədiyini vurğulayıblar.

Səhiyyə Nazirliyindən “Report”a bildirilib ki, ölkəyə dərman gətirilməsi ilə özəl şirkətlər məşğul olur. Ona görə də vəziyyətlə bağlı sualı yalnız həmin şirkətlər cavablandıra bilərlər.


“Zeytun Pharmaceuticals” MMC-nin xarici satınalma üzrə meneceri Samir Kamilov isə “Report”a söyləyib ki, dərman çatışmazlığı ilə bağlı problemin başlıca səbəbi pandemiyadır: "Bildiyiniz kimi, pandemiya ilə əlaqədar olaraq dünya əhalisinin dərman preparatlarına olan tələbatı dəfələrlə artdığından xammal çatışmazlığı və işçi qüvvəsinin tam iş rejimində işləyə bilməməsi səbəbindən bəzi preparatların təchizatında müvəqqəti problemlər yaranıb. Dərman bazarında olan çatışmazlıqlar hazırda yalnız Azərbaycanda deyil, eyni zamanda bir çox ölkələrdə aktualdır".

Azərbaycana xaricdən dərman gətirən əsas şirkətlərdən biri olan “Avromed Company” QSC məsələ ilə bağlı “Report”un sorğusunu cavablandırmayıb. Şirkət sorğunu cavablandırmamasının səbəbini də izah etməyib.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Report” açıqlamasında bildirib ki, bu problemə görə dərmanları ölkəyə idxal edən şirkətlər cavabdehdirlər: "Onlar bu işin məsuliyyətini öz üzərlərinə götürüblər və bu məsələ ilə özləri məşğuldurlar. İndiki dövrdə bir tərəfdən dərman maddələrinin keyfiyyət parametrlərinin aşağı olması, digər tərəfdən isə qıtlıq əhali arasında çox ciddi problem yaradıb".

TurpKimi.com