“Koronaviursdan sağalan insanlar gün ərzində minimum 2,5 litr su içməlidir"


Təkrar yoluxmaq istəmirlərsə...

koronaviursdan-sagalan-insanlar-gun-erzinde-minimum-2-5-litr-su-icmelidir
31.08.2021 23:37 2 dəq oxuma

Koronavirusdan sağaldıqdan sonra da bu xəstəlikdən sağalmış şəxslər sağlamlığına, qidalanmasına fikir verməlidir. Çünki xəstəlik zamanı orqanizm və vitamin bazası zəifləyir.

Dietoloq Samir Quliyevin sözlərinə görə, koronavirusa təkrar yoluxmaq mümkün olduğu artıq sübut olunub. Koronavirusa yoluxan insanların immun sistemi zəiflədiyi üçün təkrar yoluxmaq istəmirlərsə, daha diqqətli olmalıdırlar.

“Koronaviursdan sağalan insanlar ağciyərlərində nəm tuta bilmək üçün gün ərzində minimum 2,5 litr su içməlidir. Bununla yanaşı immun sistemi yenidən gücləndirmək üçün müxtəlif tərəvəzlər, xüsusilə çuğundur qəbul edilməlidir. Çuğundur az qaynadılaraq və ya çiy olaraq salatlarda istifadə edilməlidir. Çuğunduru duza qoymaq və ya suyunu içmək sağlamlıq üçün çox əhəmiyyətlidir. Həftədə 4 dəfə çuğundur və ya çuğundur suyu içmək lazımdır. Bununla yanaşı çuğundurun rəngində olan yerkökü də immun sistemin gücləndirilməsi üçün vacibdir. Yerkökü salatlarda istifadə edilə bilər və ya suyunu içmək olar. Çuğundur və yerkökünü yeməklə birlikdə deyil, arada yemək lazımdır” - deyə həkim bildirib.

Dietoloq qeyd edib ki, koronavirusdan sağaldıqdan sonra qida rasionunda şirniyyat məhsullarını, ağ undan hazırlanmış qida məhsullarını, düyünü azaltmaq lazımdır:

“Gündə bir fincan çuğundur şirəsi, gün ərzində ehtiyac duyulan probiotik ehtiyacını ödəyir. Gün ərzində 1 stəkan qatıq kalsium-protein səviyyəsini normal saxlayır. Gün ərzində müxtəlif rəngləri olan meyvə tərəvəz qəbul etmək immun sistemi gücləndirir. İnfeksiya keçdikdən sonra sağalan şəxslər toyuq və hind quşu ətinə üstünlük verməlidir. Qırımızı əti isə həftədə 4 dəfə qəbul etməlidir”.

Gündə 50 qram qoz-fındıq yemək xəstəlikdən çıxmış orqanizm üçün çox faydaldır.

“Bal və bəkməz gün ərzində bir qaşıq qəbul edilməlidir. Gün ərzində 4 dilim pendir yemək lazımdır. D vitamini bibərin tərkibində çox olduğu üçün bibəri qida rasionunda artırmaq lazımdır. Gün ərzində 40 dəqiqə idman etmək də xəstəlikdən sonra orqanizm üçün faydalıdır” - dietoloq əlavə edib.

S.Quliyev qeyd edir ki, koronavirus zamanı xəstələr dad bilmə qabiliyyətini itirirlər:

“Dad bilmə duyğusunun itməsi tamamilə reseptorların bağlanması ilə əlaqədardır. Yəni həddən artıq dadlı, acı-şirin-duzlu qidalar üçün dad bilmə qabiliyyətinin itməsi mümkün deyil. Xəstəlik sağaldıqca reseptorlar da düzəlir. Buna görə də dad almağa görə şəkər istifadəsini artırmaq olmaz. Dad bilmə qabiliyyətinin qayıtması üçün vacib olan addımlar; bol maye qəbul etmək və ağız təmizliyinə diqqət etməkdir”.

Bizimyol.info / TurpKimi.com