Körpə doğulandan sonra dərhal çimizdirilməlidir? - Verniks nədir?


Əslində uşağın sağlamlığı üçün faydalı olan nədir?

korpe-dogulandan-sonra-derhal-cimizdirilmelidir
30.01.2020 13:10 2 dəq oxuma

Körpələr dünyaya gələndə dərilərinin üzərində krem kimi ağ rəngdə qatı konsistensiya olur. Bu konsistensiyaya verniks deyilir.

TurpKimi.com bildirir ki, Dünya Sağlamlıq Təşkilatı daxil olmaqla bir çox mütəxəssislər yeni doğulan körpələrin dünyaya gələndən sonra dərhal çimizdirilməsinin zərərli ola biləcəyi qənaətindədir. Xüsusilə də körpənin dərisini örtən nazik təbəqə verniksin bədənə yaxşıca əmilməsini gözlədikdən sonra uşağı çimizdirmək olar. Bu onun sağlamlığı üçün çox faydalıdır.

Verniks nədir?

Hamiləliyin son 3 ayında körpənin dərisində yaranmağa başlayan nazik qoruyucu təbəqəyə verniks deyilir. Körpələrin hamısı bədənlərini örtən verniks təbəqəsi ilə dünyaya gəlir. Vaxtından tez dünyaya gələn körpələrdə verniksin daha çox olduğu müşahidə edilsə də, 40-cı həftəsini keçmiş bəzi körpələrdə verniks təbəqəsinin azalmağa başladığı görülüb.

Verniks nə işə yarayır?

Ana bətnində olarkən mayenin içərisində üzən körpənin hamiləliyin 10-cu həftəsindən etibarən böyrəkləri inkişaf etməyə başlayır. Bununla birlikdə körpə sidiyini də etməyə başlayır. İçində yerləşdiyi mayeyə qarışan sidik körpəyə heç bir zərər verməz. Ancaq bu qarışıq mayenin mənfi təsirlərindən qorunmaq üçün körpənin qoruyucu bir təbəqəyə ehtiyacı olur.

Aparılan araşdırmalar, tərkibində 40-50 növ xüsusi proteinlərin olduğu verniksin körpənin həm ana bətnində, həm də doğumdan sonra müxtəlif infeksiyalardan mükəmməl  şəkildə qoruduğunu aşkar edib. Belə ki, körpə doğulandan sonra dünyaya uyğunlaşarkən dərisi verniks sayəsində qorunur.

 Körpə dərhal çimizdirilməlidir?

Vernikslə bağlı məlumatlar dəqiqləşdikdən sonra mütəxəssislər körpənin doğumdan dərhal sonra çimizdirilməsinin zərərli ola biləcəyinə qərar verib. Hətta Dünya Sağlamlıq Təşkilatı (WHO) da körpələrin doğuşdan sonra 6 saat ərzində çimizdirilməməsini bildirir. Dərinin üzərindəki verniks körpənin immun sisteminə qoruyucu və gücləndirici təsir göstərir. Ona görə də yenicə doğulan körpənin çimizdirilməsi bir qədər gecikdirilsə onun üçün sağlam seçim olacaq.

Firuzə Alimova / TurpKimi.com

loading...