Körpə gündə ən azı səkkiz dəfə ana südü ilə qidalanmalıdır


Ana südündə olan maddələr qadının qidalanması ilə əldə edilir.

korpe-gunde-en-azi-sekkiz-defe-ana-sudu-ile-qidalanmalidir
07.08.2024 22:06 2 dəq oxuma

Bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova bildirib.

Onun sözlərinə görə, əvvəllər körpəyə süd verən qadının rasionu məhdudlaşdırılırdı və xüsusi pəhriz təklif edilirdi. Son zamanlar isə demək olar ki, həmin məhdudiyyət aradan qaldırılıb: “Ümumiyyətlə, ana südünün keyfiyyəti ananın pəhrizindən asılı deyil. Ana südü kifayət qədər sabit tərkibə malikdir və yalnız ananın qida rasionundan seçici şəkildə təsirlənə bilir. Yalnız suda həll olunan vitaminlərin (C və B qrup vitaminləri) tərkibi birbaşa ananın qidalanmasından asılıdır. Qida ilə B1, A və D vitaminlərinə olan ehtiyac ödənilmədikdə ana südündə həmin maddələrin miqdarı daha az olur. Odur ki, süd verən analar bədənlərinin kifayət qədər D və B qrup vitaminləri, dəmir, kalsium və sink almasını təmin etməlidirlər”.

Həkim-pediatr qeyd edib ki, laktasiya dövründə arıqlama məqsədilə pəhriz tətbiq edilməməlidir: “Süd verən analarda qida ilə alınan enerjinin 80 faizi “süd istehsalı” üçün istifadə edilir. Buna görə süd verən analar gündəlik 1800 kaloridən az enerji qəbul etməməlidirlər. Laktasiya dövründə ananın yod və xolinə ehtiyacı artır və bir il ərzində onlara gündəlik 290 mikroqram yod və 550 milliqram xolin istehlak etmələri tövsiyə olunur. Ona görə də körpəni əmizdirən analara balanslı şəkildə qidalanmaq məsləhət görülür. Körpə gündə ən azı səkkiz dəfə ana südü ilə qidalanmalı və hər ay orta hesabla 600-800 qram çəki artırmalıdır. Daha tez-tez qidalanma südün miqdarını və yağ tərkibini artırır”.

A.Məmmədova onu da bildirib ki, süd verən analar yedikləri dəniz məhsullarının miqdarına və növlərinə diqqət yetirməlidirlər: “Əksər balıqlarda ana südü ilə körpəyə keçə bilən civə olduğuna görə civə səviyyəsi az olan balıqlar seçilməlidir. Həmçinin çox yüksək kofein qəbul edən anaların körpələrində əsəbilik yaranır, yuxu rejimi normal olmur. Buna görə süd verən analar daha az kofein istehlak etməli və spirtli içkilərdən istifadəni məhdudlaşdırmalıdırlar”. (Azərtac)