Körpələrin də tək qalmağa ehtiyacı var - İnkişafları üçün...


Tək oynadıqda uşaqda nələr formalaşır?

korpelerin-de-tek-qalmaga-ehtiyaci-var
05.12.2022 00:32 2 dəq oxuma

Tək qalıb dincəlmək, adətən yetkin insanların ən çox seçdiyi bir haldır. Lakin uşaqların, hətta körpələrin belə yalnız qalmağa ehtiyacı var. Tək qalmaq xüsusilə şəxsiyyətin formalaşmasında körpələr, uşaq və yetkin üçün vacibdir.

Aydın məsələdir ki, körpələrin və uşaqların davamlı nəzarət altnda olmasını düşünürük. Bəli, uşaqlara nəzarət edilməlidir, amma tək qalmağa da ehtiyac duyurlar. Uşaqların özləri ilə vaxt keçirmələri  müstəqil xarakterə malik olmalarından tutmuş bir çox məsələlərdə onların inkişafına kömək edir.

TurpKimi.com bildirir ki, uşaq və yeniyetmələr üzrə psixoloq Dr.Hülya Bingöl körpəlikdən başlayaraq uşaqlara təkbaşına oynamaları üçün  şərait yaratmağın müsbət tərəflərini vurğulayıb: “Öz-özünə oynaya bilməyi öyrənmək gələcəkdə davranış pozğunluqlarının qarşısını ala bilər. Lakin çox vaxt buna icazə vermirik”.

Məlum məsələdir ki, analar uşaqlarının təkbaşına oynamasına şərait yaratmırlar. Bu narahatlıqdan dolayı olur. Lakin uşaq yuxudan oyananda yatağında oyuncaqları ilə oynasa, daha sonra yaşına görə müəyyən zamanları təkbaşına keçirsə və nəyləsə məşğul olsa növbəti yaş mərhələlərində bir çox məsələlərdə dözümlülük göstərməsinə yardım edəcək. Bu nə deməkdir? Yəni uşaq gələcəkdə növbəsini gözləməyi, barmaq qaldıraraq danışmağı, ana və atası telefonla danışarkən sözlərini kəsməməyi öyrənə biləcək. Bundan başqa, onda özünü tənzimləmə qabiliyyəti formalaşdığı üçün diqqətini daha rahat toplayacaq.

Uşaqlar yalnız qalacaqları vaxtı özləri müəyyən etməlidir. Xüsusilə də 2-3 yaş arasında olan uşaqların bir oyun qurması üçün onların tək qalmasına şərait yaratmaq lazımdır. Körpələrin öz-özlərinə oynaya bilmələri üçün tək qalmaları vacib şərtdir. Çünki insan öz bədənini, reflekslərini tanımalıdır, inkişaf etməsi üçün buna ehtiyacı var. Lakin psixoloq uşaq ağladığı zaman susana kimi tək qoymamağı xüsusi qeyd edir: “Körpələrin uzun müddət yalnız qoymaq və ya susana qədər tərk etmək sağlam deyil. Körpələr hüzurlu olduqları anlarda onları yalnız buraxmaq lazımdır”.

Yeniyetmələrin tək qalmaq istəyi daha çoxdur...

Yeniyetməlikdə tək qalmaq arzusu, özünü kəşf etmək və həyatla əlaqədar sualların yaranması ilə bağlıdır. Hətta çox vaxt yeniyetmələrin kapüşonlarını başlarına çəkib, qulaqlıq taxdığına şahid oluruq. Bu, onların fiziki təması azaltmaq istəyindəndır. Bu yaşda ailəsiylə birlikdə səhər yeməyi yemək, hətta qohumgilə qonaq getmək istəkləri olmur. Bu ən çox yeniyetməliyin ilk vaxtlarında rast gəlinir.

Yeniyetmələrin uzun müddət otağında tək qalması normal sayılsa da, uşaqlar üçün eyni fikir keçərli deyil. Müəyyən müddətdən sonra onlara uzaqdan nəzarət etmək lazımdır: "Uşaq uzun müddət tək qalmaq istəyirsə, bu normal sayılmamalıdır. Bunun səbəbləri ola bilər: evdəki mühitdən uzaq durmaq istəyi, yüksək narahatlıq səviyyəsi və ifadə edə bilmədiyi bəzi şeylər ola bilər. Nəzarət lazımdır, amma uzaq məsafədən”-deyə, psixoloq xüsusi qeyd edib.

Mənbə: Haber Global

Firuzə Alimova /TurpKimi.com