Körpəyə qulluqda beynimizə yeridilən səhv fikirlər - "Ənənə"ləri alt-üst edən bilgilər


Uşağa qulluqda ordan-burdan eşidilən və heç bir tibbi əsası olmayan məlumatları nəzərə almaq uşağın fiziki və psixoloji inkişafına zərər verir.

korpeye-qulluqda-beynimize-yeridilen-sehv-fikirler
22.02.2021 13:55 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  yeni ana olmuş qadınların ən çox rastlaşdığı şey kənardakı hər kəsin özünü həkim kimi aparıb məsləhət verməsidir. Bu məlumatların çoxu anaya və uşağa xeyir verməkdən çox zərər vurur. Məhz ən çox buraxılan səhvlər bunlardır: 
 
Südün çatmır!

Südün çatıb-çatmadığına həkim nəzarətilə qərar verilə bilər. Ana südü əmən uşaqların gündəlik 2-3 dəfə bayıra və sidiyə çıxması ana südünün yetərli olduğunu göstərir. Həkim uşaqları müayinə edərkən çəkisinin az olduğunu müəyyən edərsə, əlavə qidalardan təklif verə bilər.  
 
 Şəkərli su sarılığa yaxşı təsir edir! 

Saf su belə  ilk 6 ay ərzində uşaqlara verilməməlidir. Həzm sisteminin sağlamlığını qorumaq üçün bu normaya diqqət etmək lazımdır.


 

 2 yaş! Bezdən imtinanın vaxtı gəlib-çatdı

Körpələrin sağlam tualet vərdişi üçün ən uyğun dövr 24-36 aylar arasıdır. Hər uşağın fərqli  inkişaf xəttini nəzərə alaraq bu vərdişin uşağın  inkişafına uyğun şəkildə, təlaşa düşmədən, məcbur etmədən, inad etmədən, qorxutmadan və utanmadan aşılanması lazımdır. Uşağın tualet vərdişinə hazır olması üçün; Ayaqyolunun gəldiyini ifadə etməsi, paltarlarını çıxara bilməsi və tualetini etdiyi saatların bir sistemə daxil olması əhəmiyyətlidir.
 
Kök uşaq daha sağlam olur

Kök  uşağın daha sağlam olduğu fikri doğru deyil. Bir körpənin sağlam olmasının yeganə göstəricisi həkim yoxlanışından çıxan nəticələrdir. 
 
 Ev həmişə isti saxlanılmalıdır

Otaq temperaturu yay/qış 20-24 dərəcə arası olmalıdır. Qışda çox isti və havasız otaq mikrobların çoxalması və yayılması üçün əlverişli şərait yaradır. Ona görə də ideal temperatura diqqət edilməlidir.
 
 Ayaqda yelləyəndə dərhal yatır

3-cü aydan başlayaraq körpə beşiyində yatırılmalıdır. Beşik xəfifcə yellənə və layla deyilə bilər. Ayaqda yelləmək isə səhvdir.
 

Çox çimizdirilərsə soyuq dəyər

Uşaqlar tez-tez çimdikləri üçün xəstə olmazlar. Duşdan sonra doğru şəkildə qurulanıb, sürətli şəkildə geyindirilmədikləri üçün xəstə olurlar. Yayda  hər gün, qışda isə həftədə üç dəfə çiçizdirilməsi  təklif edilir.
 
Əgər uşağın saçı dibdən qırxılarsa, saçları gurlaşar

Bu mövzuda aparılmış və sübut edilmiş elmi bir iş yoxdur. Əksinə qız uşaqlarının saçı oğlan stilində kəsdirilməməlidir. Bu onların şəxsiyyətlərinə mənfi təsir göstərir.
 
Üst-üstə sıx geyindir,  uşaq üşüyər

Körpələrin üşüməsi də, çox artıq tərləməsi də təhlükəlidir. Bu səbəblə paltarlar hava temperaturuna uyğun şəkildə seçilməlidir.
 
 Əmziyi mürəbbəyə batırsan əmər

İlk 6 ayda saf suyun belə verilməsi düzgün deyil,  o ki qaldı mürəbbəyə. Əks halda uşağın sağlamlığına mənfi təsir göstərir. 
 
 Yeriməsinə kömək edən vasitələr yeriməyini sürətləndirər

 Hər körpə müxtəlif aylarda yeriyir, bəziləri 10 ay, bəziləri 1 yaş, 2 yaş.  Bu inkişaf xüsusiyyətləri,  genetik quruluşu və əzələlərin hazır olması ilə bağlıdır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com