Ləzzətli məzə: Qatıqlı badımcan salatı


Ləzzətli və praktik  məzə axtarırsınızsa, qatıqlı badımcan salatı sizə görədir. Közlənmiş badımcanı qatıqla qarışdıranda möhtəşəm bir dad alınır. 

lezzetli-meze-qatiqli-badimcan-salati
25.09.2024 00:52 2 dəq oxuma

Qatıqlı badımcan salatı türk mətbəxinin ən sevilən məzə və salatlarından biridir. Ləzzətli məzəni hazırlamaq üçün  bizə  lazımdır:

3-4 ədəd badımcan
1 su stəkanı süzmə qatıq
2 diş sarımsaq
2 yemək qaşığı zeytun yağı
Yarım limonun suyu
Duz
Qara istiot

Üzəri üçün:

Doğranmış təzə nanə və ya cəfəri, qırmızı pulbibər

Badımcanların Hazırlanması:

Badımcanları közləmək üçün manqal, qaz piltəsi,   ya da  sobanı seçə bilərsiniz. 

Badımcanları közlədikdən sonra qabıqlarını soyun və incə-incə doğrayın,  ya da çəngəllə əzərək püre halına gətirin.

Badımcanı közləmək ona xüsusi bir dad verəcək. Əgər zamanınız varsa, badımcanları bir gecə əvvəldən közləyib soyuducuda saxlayın ki, tüstünün dadı qarışsın. 

Qatıqlı qarışığın hazırlanması:

Süzmə qatığı bir kasaya tökün.  Sarımsaqları əzib qatığa əlavə edin. Limon suyu, zeytun yağı, duz və qara istiotu də əlavə edərək qarışığı yaxşıca çırpın.

Qatığın konsistensiyası salatın ümumi quruluşunu təyin edəcək. Qatı olmağını istəyənlər süzmə qatıqdan,  yüngül olmağını istəyənlər isə normal qatıqdan istifadə edə bilərlər. 

Hazırladığınız qatıqlı qarışığı doğranmış və ya əzilmiş badımcanların üzərinə tökün və yaxşıca qarışdırın.
Bu mərhələdə damaq dadınıza görə qatıq miqdarını artıra  və ya azalda bilərsiniz. Zeytun yağı və sarımsağın miqdarını da zövqününzə görə nizamlaya bilərsiniz. 

Salatı servis edərkən üzərinə təzə  nanə və ya cəfəri səpərək bəzəyin. Pul bibər də əlavə etmək olar. 

Salatı da soyuducuda saxladıqdan sonra servis etmək ləzzətini ikiyə qatlayacaq. 

Əlavə İpucları:

Badımcanın acı olmaması üçün közləmədən əvvəl yarım saat duzlu suda gözlədə bilərsiniz.

Qatığın tam bircinsli qarışım olması üçün tel çırpıcı ilə yaxşıca qarışdıra bilərsiniz. 

Alternativ ləzzətlər: Qatıqlı badımcan salatına qoz, nar turşusu,  ya da incə doğranmış qırmızı bibər əlavə edərək fərqli dad ala bilərsiniz. 

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com