"Günün mineralı" maqnezium, sosial media ulduzu dedikləri qədər faydalıdırmı?
Sosial mediada bir ulduz kimi parlayan mineral həqiqətən faydalıdırmı?
Sosial media istifadəçiləri maqneziumla bağlı reklamları tez-tez görürlər. Maqnezium tərkibli qida əlavələrini elə ballandıra-ballandıra reklam edirlər ki, insan tez bir zamanda alıb içmək istəyir. Bəs düzgün olan nədir, həqiqətən maqnezium orqanizm üçün vacibdir? Satılan qida əlavələri nə qədər sağlamdır?
Bütün bunlara TurpKimi.com Amerikanın və Türkiyənin nüfuzlu medialarının araşdırmalarına əsasən aydınlıq gətirəcək.
Sosial mediada “sevimli mineral” kimi təqdim olunan maqnezium əlavələrinin yuxunu yaxşılaşdırmaqdan tutmuş, miqreni yüngülləşdirməyə, depressiyanı azaltmağa və çəkiyə nəzarət etməyə qədər bir çox sağlamlıq probleminə kömək etdiyi iddia olunur. The Times qəzetinin yazdığına görə, #magnesium həştəqi TikTok-da 1 milyarddan çox baxış toplayıb.İnstaqram isə maqnezium reklamları ilə doludur.
Bəs, bu “günün mineralı” doğrudan da hər kəs üçün lazımdır? Araşdırmalar və mütəxəssislər nə deyir?
Maqnezium daha yaxşı yatmağımıza kömək edirmi?
Son dövrlərdə maqnezium sosial mediada xüsusilə bir “yuxu möcüzəsi” kimi təqdim olunur. TikTok-da maqnezium videoları milyonlarla insan tərəfindən izlənir, xüsusilə də yuxusuzluqdan əziyyət çəkən orta yaşlı insanlara yönəlmiş reklamlarla doludur.
Amma, bu populyarlığın arxasında elmi əsas var?
“Yuxuya getməyi asanlaşdırır, yuxunun keyfiyyətini artırır, çəkini azaltmağa kömək edir, yorğunluğa və miqrenə yaxşı təsir edir” kimi qulaqdan-qulağa yayılan iddialarla bir çox insan bu əlavələri həkim məsləhəti olmadan qəbul edir.Lakin maqnezium tamamilə zərərsizdirmi?Qida əlavələrini normal qidalarla əvəz etmək olarmı? Araşdırmalar nə deyir?
Qidalanma üzrə mütəxəssis Dr. Linia Patelə görə, maqneziumla bağlı araşdırmaların böyük hissəsi yuxu ilə əlaqəlidir.
2021-ci ildə 50 yaşdan yuxarı şəxslər üzərində aparılan tədqiqatda maqnezium qəbul edənlərin yuxuya keçid müddətinin orta hesabla 17 dəqiqə qısaldığı müəyyən edilib.
Amma maqneziumun yuxunun keyfiyyətinə və müddətinə təsiri tam sübut edilməyib.
Dr. Patel klinik təcrübəsində, xüsusilə menopoz dövründə olan qadınlarda maqneziumun faydalı ola biləcəyini bildirir:
"Anksiyete, əzələ ağrısı, miqren, “huzursuz ayaq sindromu” və yuxu pozğunluğu yaşayan qadınlarda müsbət təsirləri müşahidə olunur".
Amma sosial mediada yayılan “yatmazdan əvvəl ayaqlara maqnezium kremi çəkin” kimi məsləhətlərə ehtiyatla yanaşmaq lazımdır, çünki maqneziumun dəri baryerini keçdiyini sübut edən elmi dəlillər çox azdır.
Yəni maqnezium yuxuya getməyi asanlaşdıra bilər, amma möcüzəvi bir həll deyil, fərdi ehtiyaca görə qiymətləndirilməlidir.
Maqnezium nə üçün vacibdir?
Maqnezium orqanizm üçün həyati vacib mineraldır və 600-dən çox biokimyəvi reaksiyada iştirak edir. Dr. Patelə görə maqnezium enerji istehsalı, sinir sistemi fəaliyyəti, qan təzyiqinin tənzimlənməsi, qan şəkərinin nizamlanması kimi əsas proseslərdə iştirak edir. Əgər maqnezium çatışmazlığı varsa, diabet və ürək-damar xəstəlikləri riski artır.
Həkimlə məsləhətləşmədən maqnezium qəbul etmək düzgündürmü?
"The Washington Post" qəzetində çap edilən bir məqalədə Harvard Tibb Fakültəsinin həkimi Dr. Trisha Pasricha maqnezium əlavəsinə başlamazdan əvvəl həkimlə mütləq məsləhətləşməyin vacib olduğunu bildirir.
O qeyd edir ki, böyrək xəstələri artıq maqneziumu bədəndən xaric etməkdə çətinlik çəkə bilər.
Doza həddinin aşması nəticəsində isə qan təzyiqinin aşağı olması(hipotoniya), refleks zəifləməsi, ürəkdə ritm pozğunluğu kimi əlamətlər yarana bilər.
Dr. Pasricha əlavə edir: “Maqneziumun çoxluğu bədən üçün toksik ola bilər, amma gündə 350 mq-dan az qəbul etmək (böyrək problemi yoxdursa) zərər verməz. Lakin bu dozanın da əhəmiyyəti olmaya bilər.”
Maqnezium və stress
2023-cü ildə aparılan tədqiqat maqnezium əlavələrinin depressiya simptomlarını azaltmağa kömək edə biləcəyini göstərib.
Dr. Patel qeyd edir ki, maqnezium serotonin və melatonin kimi ruhi vəziyyəti və yuxunu tənzimləyən neyrotransmitterlərlə birlikdə işləyir və buna görə stressin idarəsində mühüm rol oynayır.bBöyük Britaniyada aparılan araşdırmaya əsasən kişilərin 20–25 faizi, qadınların isə təxminən 50 faizi gündəlik tövsiyə olunan maqnezium miqdarını qəbul etmir.
Miqrenə kömək edirmi?
Prof. Dr. Murat Aladağ bildirir ki, maqnezium miqreni yüngülləşdirməyə kömək edə bilər.
Maqnezium bədəndə 300-dən çox fermentin reaksiyasında iştirak edir və əzələ və sinir funksiyalarını, qan şəkəri və təzyiqini, zülal, sümük və DNT istehsalını, enerji istehsalını dəstəkləyir.
Depressiya və anksiyetə üçün faydalıdırmı?
Ruh sağlamlığı üzrə mütəxəssis Doç. Dr. Taha Can Tuman bildirir ki, bir çox vitamin və mineral çatışmazlığı depressiv əlamətlərə səbəb ola bilər.
Məsələn, D vitamini, B12, dəmir, sink və maqnezium çatışmazlığı varsa halsızlıq, yorğunluq və ruh düşkünlüyü müşahidə olunur.
Can Tuman əlavə edir ki, həkim məsləhəti olmadan heç bir əlavədən istifadə etmək düzgün deyil — xəstənin tibbi vəziyyəti, istifadə etdiyi dərmanlar və ümumi sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.
Maqneziumla zəngin qidalar hansılardır?
Dr. Linia Patel bildirir ki, maqneziumu təbii qidalarla qəbul etmək həm daha faydalı, həm də daha təhlükəsizdir.
Bu qidalar maqneziumla yanaşı, digər vacib vitamin və minerallarla da zəngindir.
Maqneziumla zəngin qidalar: ispanaq, kələm kimi yaşıl yarpaqlı tərəvəzlər, toxumlar və qoz-fındıq, acı (bitter) şokolad, avocado, yağlı balıqlar, paxlalılar, tam taxıllardır.
Bir fincan balqabaq tumu təxminən 168 mq maqnezium ehtiva edir.
Diyetoloq Gülçin Işık qeyd edir ki, torpağın intensiv istifadəsi nəticəsində tərəvəzlərin maqnezium miqdarı azalıb, bu da orqanizmdə maqnezium çatışmazlığını artırır.
Maqnezium və çəkiyə nəzarət
Gülçin Işık bildirir ki, maqnezium metabolik sürətin və enerji sərfiyyatının tənzimlənməsində kritik rol oynayır.
Yəni maqnezium çatışmazlığı olmayan insanlar daha sağlam əzələ fəaliyyəti və kalori yandırma prosesi göstərə bilirlər.
Həkim nə zaman maqnezium əlavəsini məsləhət görə bilər?
Dr. Pasricha aşağıdakı hallarda maqnezium əlavəsinin faydalı ola biləcəyini bildirir:
Çölyak xəstəliyi, Crohn xəstəliyi, xroniki alkoqol istifadəsi, insulin dirənci və ya 2-ci tip diabet
Həddindən artıq maqnezium təhlükəlidirmi?
Prof. Dr. Murat Aladağ xəbərdarlıq edir ki, maqneziumun qidalarla qəbulu təhlükəsiz olsa da, əlavə şəklində çox qəbul edilməsi toksik ola bilər.
Maqnezium bəzi dərmanlarla (məsələn, ürək dərmanları, antibiotiklər) qarşılıqlı təsir göstərə bilər.
Buna görə mütləq həkim məsləhəti vacibdir. Maqneziumu həddindən artıq qəbul etdikdə, yəni doza həddi aşıldıqda ürəkbulanma və qusma, qarın ağrısı və ishal, başgicəllənmə, qan təzyiqinin düşməsi, nəfəs darlığı, hətta, ağır hallarda ürəyin dayanması baş verir.
Maqnezium bədən üçün zəruri və çoxfunksiyalı bir mineral olsa da, sosial mediada təqdim olunduğu kimi “möcüzəvi dərman” deyil. Ən yaxşısı maqneziumu təbii qidalarla qəbul etmək, balanslı qidalanmaq və yalnız həkim məsləhəti ilə istifadə etməkdir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com