Mavi işıqlar yuxunu qaçırdır, ömrü qısaldır - Necə qorunmalı?


Min illərdir havanın qaralmağı ilə yatıb, günün  çıxmağı ilə oyanmağa alışan biolojik saatımız son 50 ildə bu vərdişini itirib. Artıq daha az, keyfiyyətsiz yuxu yatırıq və təbiətimizə qarşı çıxırıq. Bunun sağlamlığımıza təsirləri olduqca çoxdur.  

mavi-isiqlar-yuxunu-qacirdir-omru-qisaldir
28.05.2021 09:28 4 dəq oxuma

TurpKimi.com xəbər verir ki, bu sözləri  türkiyəli  professor, doktor Derya Uludüz deyib.

Normal halda vucudumuzun günəşdən aldığı "mavi işığı" artıq süni işıqlar, elektronik avadanlıqlar vasitəsilə alırıq.

Bu, beynimizdə qarışıqlıq yaradır. Hormonal tarazlıq və yuxu-oyanıqlıq dövrü pisləşir.  Çarxın bir dişinin xarab olması əlbəttəə ki, ümumilikdə  işinə pis təsir edir. 2-ci tip diabet, depressiya, piylənmə gün keçdikcə artmaqdadır və bunlar insan həyatını qısaldan amillərdəndir.  Beləliklə, mavi işıq bizə nə verir və bu işıqdan  necə qorunuruq?

Mavi işıq beyni qarışdırır, hormonları pozur.

İnsan orqanizmi günün müəyyən vaxtlarında hormon istehsal edir.

Məsələn, səhər erkəndən kortizol hormonu bizi oyadır. Kortizol ilə metabolizma və iştah tarazlanır,  konsantrasiya və enerji artır.

Axşam düşəndə isə melatonin hormonu ifraz edilməyə başlayır. Bu hormon orqanizmə yorulduğumuzu və yatmalı olduğumuzu çatdırır.

Mavi işıq ən çox  melatonin hormonuna mənfi təsir göstərir. Çünki mavi işığa görə axşam düşdüyü haqda beyinə siqnal ötürülmür.

Yuxunun müddəti  və keyfiyyəti azalır. Melotonin hormonu  bizi xərçəng, depressiya, piylənmə, metabolik sindrom kimi bir çox xəstəliyə qarşı qoruyur. Buna görə də yatmağa getməzdən ən azı yarım saat əvvəl telefona baxmaqdan imtina etməliyik.  Mavi işığa məruz qaldıqda, bizi qoruyan bu faydalı hormonun işi pozulur. 

Göz hüceyrələrini öldürür

Mavi işıq gözdəki hüceyrələri öldürür və göz quruluğuna səbəb olur. Mavi, yaşıl, qırmızı və sarı işıqların hüceyrələrə verdiyi zərər araşdırılıb. Nəticələrə əsasən hüceyrələrə ən çox mavi işıqlar zərər verib.

Bundan əlavə, 60-cı illərdə normal olaraq görülən yaşlanmayla əlaqəli makülyar degenerasiya adlandırılan yaxını görmə pozğunluğu mavi işığa məruz qalanlarda daha erkən yaşlarda meydana çıxır.  Çünki  mavi işıq həssas olan və gözə siqnalları ötürən  fotoreseptor hüceyrələrin ölməsinə səbəb olur.

Cildi qocaldır

İllərdir cildimizi qocaldar deyə, Günəşdən qorunduq. Amma son illərdə mavi işığın da dəridə sallanma, qırışıqlıq və ləkələnməyə səbəb olduğu araşdırılıb.

Mavi işıq dəridəki sərbəst radikalların miqdarını artırır, DNT zədələnməsinə, cildin tez yaşlanmasına səbəb olur.

Mavi işığı təbii olaraq günəşdən alın.

Mavi işıq yalnız rəqəmsal cihazlardan deyil, təbii günəş işığından da gəlir. Əslində, gündüz vaxtı  təbii günəş işığından gələn mavi işıq depressiya kimi bəzi xəstəliklər üçün faydalıdır. Ancaq təbii proses  nəticəsində gündüz vaxtlarda  mavi işığın gecə də alınması  bədənin tarazlığını pozur.  “5 dəqiqə internetə girib çıxacam” fikri ilə telefonunuzu əlinizə aldığınızda, bir anda yanlış bir siqnalın beyninizə getməsinə səbəb olduğu üçün yuxunuzun birdən-birə qaçdığınızı görəcəksiniz. Bizi oyandıran və günəş işığı ilə istehsal olunan  kortizol hormonu yalançı mavi işığın təsiri altında ifraz edildikdə yuxusuzluq və stress yaradır.

Yuxu keyfiyyətsiz olduqda immunitet sistemi zəifləyir, depressiya riski artır, bu da beynin fəaliyyətinə pis təsir edir.  Nizamsız yuxu beyindəki sinir hüceyrələri arasındakı əlaqəni yaradan ağ maddənin miqdarının azalmasına səbəb olur.  Bu da qavrama pozğunluğu və diqqət əskikliyinə səbəb olur.

Axşam saatlarında mavi işıqdan mümkün olduğu qədər uzaq durun. Əks halda yuxunun sakitləşdirici, təmizləyici, yeniləşdirici kimi faydasından əsla yararlana bilməyəcəksiz. 

Necə qoruna bilərik?

Cihazlarda sarı filtrdən istifadə edin.

Mavi işığın mənfi təsirlərindən necə qorunaq?  Birincisi, telefonunuza sarı  filtri təmin edən proqramlardan birini yükləyin. Bu tətbiqlər saat diliminizə görə ekranınızın rəngini və parlaqlığını avtomatik olaraq tənzimləyir. Qaranlıqda  olduqda mavi işıqları blok edir və ekrana solğun narıncı ton verir. Beləcə beyniniz gecələr  oyanmaq üçün lüzumsuz yerə ayıq qalması haqda siqnalı almaz. Bundan əlavə mavi işıqlandırma üçün xüsusilə hazırlanmış sarı şüşələri olan gözlük də istifadə edə bilərsiniz.  Araşdırmalar göstərir ki, insanlar mavi işığı filtrləyən eynək istifadə etdikdə, işıqlandırılmış otaqda və ya elektron qurğudan istifadə edərkən qaranlıqda olduğu qədər melatonin hormonu istehsal edirlər. Bundan əlavə, bəzi tədqiqatlar göstərir ki, mavi işığı filtrləyən gözlüklər yalnız 2 həftəlik bir müddət ərzində insanların yuxu keyfiyyətində və əhval-ruhiyyəsində əhəmiyyətli dərəcədə dəyişiklik  yaradır.

Evin işıqlandırılmasına diqqət edin

Əvvəllər evi işıqlandırmaq  üçün zəif  lampa və  şam istifadə edilirdi. İnsanlar erkən yatar və səhər çox erkən oyanardı. Bu gün enerjiyə qənaət etmək üç istifadə olunan LED lampalar daha çox mavi işıq yaradır. Bütün bunlar daxili saatımızın təbii funksiyasını pozur. Beləliklə, mümkün qədər keçmişə geri  dönməyə çalışın. Yatmazdan 1-2 saat əvvəl evinizdəki bütün lampaları söndürün və ya olduqca zəif işıqlar, hətta şamlardan istifadə edin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Yazılıb:25.05.2019