Son zamanlarda mağazadan aldığımız qidaların tərkibinə keyfiyyətsiz məmulatlar vurulur. Bu da çoxlarını evdə bişirilən qidalara üsütünlük verməyə məcbur edir.
Həm pulunuz cibinizdə qalır, həm də ailənizin sağlamlığına fayda qatmış olursuz.
Piknikə gedərkən və ya açıq havada olarkən ləzzətlə yeyə biləcəyiniz bir reseptlə gəlmişik.
TurpKimi.com mayasız, 10 dəqiqədə hazırlaya biləcəyiniz dadlı və asan hazırlanan poğaça reseptini oxucuları ilə bölüşür:
Tərkibi:
• 125 qram kərə yağı
• 1 çay stəkanı duru yağ
• 1 çay stəkanı süd
• 1 dənə yumurta
• 1 çay qaşığı duz
• 1,5 paket qabartma tozu
• 1 kasa pendir (əzilmiş)
• 1 kiçik kasa doğranmış şüyüd
• 3,5 su stəkanı un
Hazırlanması:
Kərə yağı, duru yağ, yumurta, süd və duzu bir qabın içində yaxşıca çırpın. Daha sonra pendir və şüyüdü əlavə edib qarışdırın.
Un və qabartma tozunu əlavə edərək yumşaq və hamar bir xəmir əldə edənə qədər qarışdırmağa davam edin.
Xəmiriniz hazır olduqda naringi böyüklüyündə parçalar qoparıb yumrulayın və bişirmə kağızı qoyduğunuz soba nimçəsinə düzün.
Üzərinə yumurta sarısı çəkib, istəyə bağlı olaraq çörəkotu, küncüt, çia toxumu, kətan toxumu və s. səpin. Sonra əvvəcədən isidilmiş 180 dərəcə sobada, üzəri qızarana qədər bişirin.
Sobadan çıxan poğaçaların ilkin istiliyi çıxan kimi üzərinə təmiz bir bez örtün və gözlədin. Soyuduqdan sonra çay və ya qəhvə, istəyə görə ayran və ya dovğa ilə servis edin.
Nuş olsun!
Vüsalə Əlövsətqızı, TurpKimi.com