Son zamanlarda mədə xərçəngi ilə bağlı məlumatları tez-tez eşitməkdəyik.
Statistikaya görə, hər il dünyada 800 min insan mədə xərçəngindən dünyasını dəyişir. Bu kifayət qədər böyük göstəricidir.
Bəşəriyyətin düçar olduğu bəladan qorunmaq mümkündürmü?
Ümumi-bariatrik cərrah Kamran Rəfiyev mədə xərçəngi ilə bağlı TurpKimi.com-un suallarına cavab verib.
Mədə xərçənginin geniş yayılma səbəbləri nələrdir?
-Mədə xərçəngi dünyada yayılmış 4 xərçəng növündən biridir. Qadınlara nisbətən kişilərdə 4-5 dəfə daha çox rast gəlinir. Bu da əsasən kişilərin yaşam tərzindən və vərdişlərindən asılıdır. Kişilər alkoqol, siqaretdən daha çox istifadə etdiyinə görə bu xəstəlik onlarda daha çox yayılıb.
Mədə xərçənginin yaranması birbaşa qidalanma ilə əlaqədardır. Əsasən ayaqüstü yeməklər, isti, qaynar yeməklər, tünd çay, təkrar istifadə edilmiş yağlar bu xəstəliyin yaranmasına səbəb olur. Mədə xərçənginə düçar olmuş xəstələrin 65-85 faizində mədədə yaşayan helikobakter pilori adlanan bir mikroba rast gəlinir. Helikobakter pilori mədə xərçənginin yaranmasında risk faktorudur.
Mədə xərçənginin əlamətləri hansılardır?
-Mədə xərçənginin erkən diaqnozunu qoymaq olduqca çətindir. İlk vaxtlarda adi bir mədə ağrısı, qastrit, qarın ağrısı kimi hiss edilir. Təəssüf ki, xəstələr bu ağrıları elə də ciddiyə almırlar. Xəstəlik irəliləyəndə, ağırlaşmış formada həkimə müraciət edirlər. İlk tipik əlamətlər özünü adi mədə ağrıları, ürəkbulanma, qusma, ağızda acılıq, qarında ağrılarla göstərir. Ağırlaşmış variantda isə xərçəngin böyüməsi nəticəsində qanaxma meydana gəlir. Xəstədə halsızlıq, iştahsızlıq müşahidə edilir. Ən nəzərəçarpan cəhət isə xəstənin yüksək sürətdə çəki itirməsidir. Mədə xərçənginin irəliləmiş formasında xəstə 2 ayda 8-10 kiloya qədər çəki itirir.
Mədə xərçəngindən necə qoruna bilərik?
-Mədə xərçəngini yaradan risk faktorlarını aradan aldırmaqla bu xəstəlikdən qorunmaq mümkündür. Həddindən artıq alkoqol və siqaret qəbulunu dayandırmaq, yanmış, tüstüyə, hisə verilmiş qidalardan uzaq durmaq və sağlam qidalanmaqla mədə xərçəngindən qorunmaq mümkündür.
Mədə xərçənginin diaqnozu necə qoyulur?
-Xəstələrə diaqnoz qastroskopiya, el arasında zont vasitəsilə qoyulur. Mədəyə kamera ilə girilib baxılır. Şübhəli nəsə varsa, biopsiya götürülür və mikroskopiyada xərçəngin növü təyin olunur. Təəssüf ki, gec aşkar olunduqda cərrahi müdaxilə faydasız olur. Xəstəlik artıq metastaz-yəni, digər yanaşı orqanlara yayılmış olur. Ağcıyərə, qaraciyərə eləcə də digər daxili orqanlara sürətlə yayıla bilir. Gecikmiş formada müraciət edənləri əsasən kimyaterapiyaya yönləndirməli oluruq. Ona görə də çalışmaq lazımdır ki, həkimə vaxtında müraciət edəsən. Əgər bir insanda mədədə, qarın bölgəsində ağrılar varsa, gecikmədən mütəxəssisinə müraciət etmək lazımdır. Yayıldıqda bir insan üçün 5 illik yaşama müddəti çox az olur.
Vüsalə Əlövsətqızı, TurpKimi.com