"Məktəblinin dostu" nə işə yarayır? - Məktəblərdəki özbaşınalığa necə son qoymaq olar?


2016-cı ildən etibarən ölkənin təhsil sistemində yeni, mühüm əhəmiyyət kəsb edən "Məktəblinin dostu” adlı layihə tətbiq olunur.

mekteblinin-dostu-ne-ise-yarayir
28.01.2022 19:24 3 dəq oxuma

Məqsəd tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığını və məmnunluğunu artırmaqdır. Hazırda "Məktəblinin dostu" layihəsi 70 ümumtəhsil məktəbində tətbiq olunur. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində "Məktəblinin dostu" fəaliyyət göstərir. Layihə çərçivəsində ümumilikdə 300 əməkdaş fəaliyyət göstərir.

Bu kimi layihələr dünyanın bir çox ölkəsində çeşidli adlarla uğurla sınaqdan çıxıb. ABŞ, Fransa, Çexiya, Türkiyə, Gürcüstan kimi ölkələrdə məktəblərdə "şagirdlərin dostu" olur. Bu xidmətin müxtəlif adı olsa da, hər yerdə məqsədi eynidir. Burada əsas hədəf məktəb - təhsil alan - valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsil alana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. "Məktəblinin dostu”nun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir.

Azərbaycanda da 4 ildən artıqdır ki, sadalananları əhatə edən "Məktəblinin dostu" layihəsi icra olunur. 

Təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında "Məktəblinin dostu” layihəsinin fəaliyyəti ilə bağlı öz fikirlərini bildirib.

O deyib ki, bu layihə məktəbdaxili nizam-intizamın tam qaydasında olması üçün köməklik göstərmir:

"Məktəblinin dostu” layihəsi özünü doğrulda bilərdi, amma doğrultmur. Buna səbəb isə bəzi məktəblərdə olan direktorların özbaşınalığıdır. Həmin direktorların hesabına bu layihə özünü doğrultmur. Hansı məktəblinin dostu korrupsiya faktını görüb qarşısını almağa çalışırsa, onun fəaliyyətini dayandırırlar. Həmin o məktəblinin dostunu ləğv edib bir başqasını dəvət edirlər. Amma bəzi məktəblər var ki, burada məktəblinin dostu layihəsi özünü doğrulda bilir. Bunu bütün məktəblərə aid etmək olmaz. 4432 təhsil müəəssəsinin hər birində bu hala rast gəlmək mümkün deyil. Qiymətləndirmə aparsaq, görərik ki, "Məktəblinin dostu” layihəsi məktəbdaxili nizam-intizamın tam qaydasında getməsi üçün köməklik göstərmir.
 
O deyib ki, "məktəbliin dostu"nu polis əvəz etsə, daha effektiv olar:

"Mənim fikrimcə, məktəblinin dostu layihəsindənsə, məktəblərə DİN-in əməkdaşları cəlb olunsa daha yaxşı olar. Çünki nəzarəti birbaşa polislər etsə, nizam-intizama da əməl olunar. "Məktəblinin dostu” layihəsi deyərdim ki, bir növ mənasız yerə arada gəzir. Şagirdlərin yersiz hərəkətlərinə qarışan yoxdur. Son günlər şagirdlərin gündəm olan videolarına da nəzər salsaq, açıq-aydın görərik ki, bu layihənin uğurlu nəticəsindən söz belə gedə bilməz. Yaxşı olardı ki, bu layihə şagirdlərin nizam-intizamına da diqqət ayırsın. Məktəblərdəki bu özbaşınalığa da bir son qoyulsun”.

Millət vəkili Fazil Mustafa da AZXEBER.COM-a açıqlamasında "Məktəblinin dostu” layihəsinin bugünki fəaliyyəti ilə bağlı fikirlərini söyləyib.


 
O, bildirib ki, bu layihənin müsbət və mənfi tərəfləri var:

"Bu layihənin müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bir məktəblinin dostu kriminala, narkomaniyaya meyilli şagirdlərə kömək etmək səlahiyyətinə malikdir. Yəni bir növ psixoloq funksiyasını həyata keçirir. Mənfi tərəfi isə odur ki, bu digər uşaqları da sıradan çıxara bilər. Yaxşı olardı ki, çətin tərbiyə olunan uşaqlar üçün ayrı fəaliyyət göstərilsin. Digər uşaqlarla çətin tərbiyə olunan uşaqların eyni ortamda olması həm bu layihənin əməkdaşları üçün çətinlik yaradır, həm də uşaqların psixologiyasına mənfi təsir göstərir. Mən oxuduğum dönəmdə məktəbdə məktəb polisləri olub. Məktəbə inzibati polis görüntüsü vermədən hansısa bir forma tapmaq lazımdır ki, tərbiyədən kənar davranışlar sərgiləyən, pis vərdişləri olan şagirdlərlə bağlı nəzarəti gücləndirmək gücləndirsin. Bununla sahə müvəkkili məşğul ola bilmir. Məktəblə xüsusi məşğul olan mexanizm tapmaq lazımdır”.

TurpKimi.com