Apardığı 20 illik araşdırmaları sayəsində “mükəmməl sağlamlığın” sirrini tapdı! Məşhur həkim hər gün 9 qida əlavəsi qəbul edir.

Hər gün qida əlavələri haqqında yeni məlumat eşidirik və oxuyuruq. Bəzi həkimlər onların mütləq istifadə edilməli olduğunu deyir, digərləri isə düşündüyümüz qədər təsirli olmadıqlarını iddia edir. İmmunoloq Dr. Jenna Macciochi isə 20 il immun sistemini araşdırdıqdan sonra, ürək sağlamlığından, yuxuya qədər hər şeyi yaxşılaşdırmaq üçün hər gün 9 qida əlavəsi qəbul edir. Dr. Macciochi son analizlərində və müayinəsində sağlamlığının A-dan Z-yə qədər mükəmməl olduğunu deyir.
TurpKimi.com “The Telegraph”ın “The nine supplements an immunologist swears by for healthy ageing” məqaləsindən maraqlı bilgiləri oxucuları ilə bölüşür.
İmmunoloqun hər gün istifadə etdiyi 9 növ qida əlavəsi və istifadə səbəbləri…
Bir immunoloq və sağlam qidalanma üzrə mütəxəssis kimi Dr. Jenna Macciochi vaxtını əlavə formulaları hazırlamağa və optimal dozanı hesablamaya sərf edir. Ona tez-tez hansı əlavələrin həqiqətən dəyərli olduğu və özünün nələrdən istifadə etdiyi barədə suallar verilir.
O, yalnız yaxşı elmi sübutlarla dəstəklənən məhsulları tövsiyə edir və əlavələrin iki kateqoriyaya bölündüyünə inanır.
Birinci qrup D vitamini çatışmazlığını aradan qaldıran əlavələrdir. Günəş işığının azaldığı oktyabr–mart ayları arasında qəbul edilməsi tövsiyə edilir.
İkinci qrup isə sağlamlığı yaxşılaşdıran və uzunömürlülüyü artıran əlavələrdir. Bu sahədə alimlər arasında fikir ayrılıqları var. Alimlər xəbərdarlıq edir ki, bu əlavələr bəzən aşağı keyfiyyətli olur, yan təsirləri ola bilər və çox vaxt sağlam olmayan həyat tərzini kompensasiya etmək üçün istifadə edilər.
SAĞLAMLIĞIN DÖRD TƏMƏLİ
“Müasir sağlamlığın əsasları qidalanma, həyat tərzi, yuxu və stresin idarə olunmasıdır. Daimi şəkildə əməl edilməsi çətin olan bu sadə qaydalardır” - deyə, Dr. Macciochi bildirir:
“Ancaq bu dörd əsas yerinə oturduqdan sonra qida əlavələrinin ümumi sağlamlığı dəstəkləyəcəyinə və yaxşılaşdıracağına inanıram. Mən işlədiyim sahədə digərlərindən daha çox təcrübə aparıram. Yaxınlarda qan, nəcis və sidik də daxil olmaqla bütün analizlər edildi və orqanlar yoxlanıldı, hər şey mükəmməl idi. Demək ki, düzgün bir şey edirəm.”
O, bütün əlavələrini mətbəxdə çaydanın yanında bir qutuda saxlayır və səhər yeməyi ilə birlikdə qəbul edir. Bunlar onun tövsiyə etdiyi qida əlavələridir:

1. İmmunitet və kövrəklikdən qorunmaq üçün D3 və K2 vitaminləri
Dr. Macciochi qışda D3 və K2 qəbul edir. D vitamini sümükləri, dişləri və immun sistemini dəstəkləyir. D3 günəş işığı ilə bədəndə yaranan formadır.
K2 vitamini D3-ün sümüklərə və dişlərə daha yaxşı sorulmasına kömək edir. Birlikdə sümükləri gücləndirir, sınıq riskini azaldır və immuniteti yüksəldir.
Dr. Macciochi:
“Əksər insanlar ilin sonuna doğru D vitamini çatışmazlığı yaşayır və yanvar-fevralda dəhşətli soyuqdəymə keçirirlər. Qışda yalnız D vitamini qəbul edərək immunitet üçün çox şey edə bilərik.”
2. Əzələlər və yuxu üçün maqnezium
Bədən qidadan enerji almaq, əzələ, sinir və sümük funksiyasını dəstəkləmək üçün maqneziuma ehtiyac duyur.
Sağlam maqnezium səviyyəsi daha yaxşı və uzun yuxu ilə əlaqələndirilir.
Yaşıl yarpaqlı tərəvəzlər, paxlalılar, tam taxıllar, fındıq və toxumlar maqneziumla zəngindir, lakin araşdırmalar əksər insanların yenə də kifayət qədər almadığını göstərir.
Dr. Macciochi:
“Torpaqdakı maqnezium 50 il əvvəllə müqayisədə xeyli azalıb. Üstəlik müasir stress də maqnezium ehtiyatlarımızı çox istehlak edir. Buna görə çatışmazlıq daha çox olur.”
Maqnezium bir neçə formada olur: maqnezium sitrat, maqnezium qlisinat, maqnezium oksid və s.
3. Beyin və ürək sağlamlığı üçün Omeqa-3 və Omeqa-7
Omeqa-3 qoz, toxum və balıqda olur.
İltihabı azaldır, ürək və beyin fəaliyyətini dəstəkləyir, bioloji yaşlanmanı yavaşlada bilir.
Dr. Macciochi Omeqa-7 də olan bir Omeqa-3 əlavəsi qəbul edir. Yaş artdıqca bədənin Omeqa-7 istehsalı azalır.
Bu yağ dərinin və selikli qişaların qorunmasına yaxşı təsir göstərir, yaşlanmaya qarşı faydalı ola bilər.
4. Enerji və idman performansı üçün kreatin və taurin
Kreatin və taurin idmançılar arasında məşhurdur, amma Dr. Macciochi-yə görə orta yaşda hər kəsə lazımdır.
“Kreatin hüceyrələrə enerji verir. Sadəcə əzələlərdə deyil, beyində, immun sisteminə də faydalıdır.”
Taurin dəniz məhsulları və ətdə olan bir elementdir. Yaş artdıqca daha çox ehtiyac olur. Enerji istehsalını dəstəkləyir. Bu cütlük birlikdə daha yaxşı işləyir.
O, toz halında qatığa qarışdıraraq qəbul edir və bunun ona idman zamanı daha çox enerji verdiyini və bərpanı sürətləndirdiyini deyir.
5. Əzələləri, sümükləri və oynaqları qorumaq üçün kollagen
Dr. Macciochi:
“Kollagen qadınlarda dəriyə çox yaxşı təsir edir, amma əslində idmandan sonra bərpaya və zədələnmələrin minimuma endirilməsinə kömək edir. Çünki bədənimizin böyük hissəsini təşkil edən proteindir.”
Kollagen istehsalı yaş artdıqca azalır. Əlavələr bu prosesi tam dayandırmasa da, azalmanı daha yavaş və tədricən etməyə kömək edir. Bu isə nəzəri olaraq dəri, oynaqlar və kollagendən asılı digər strukturların uzun müddət elastik qalmasını təmin edə bilər.
Dr. Macciochi kollageni toz halda qəbul edir. Sulu kollagenlər küf və bakteriyanın qarşısını almaq üçün kimyəvi maddələr (məsələn, kalium sorbat) ehtiva etdiyinə görə o, toz formasını qatığa qarışdıraraq içməyi seçir.
6. Bağırsaq divarlarını qorumaq üçün probiotik və postbiotiklər
Dr. Macciochi:
“Araşdırmalar sübut edir ki, yaş artdıqca bağırsaq divarları ümumi sağlamlıq üçün çox vacibdir. Bağırsaq divarları çox həssasdır — cəmi bir hüceyrə qalınlığındadır və bağırsaqla bədənin iç mühiti arasında sədd yaradır.”
“Modern həyat bağırsaq divarlarına ciddi zərbə vurur. Aşağı lifli qidalanma, mikroplastiklər, yüksək emal olunmuş qidalardakı pestisid və əlavələr iltihabı artırır. Bağırsağa yaxşı qulluq etmək, şişkinliyin azalması, həzm sisteminin daha nizamlı işləməsi və daha çox enerji kimi dəyişikliklər yarada bilər.”
Bu səbəbdən o, bağırsaq divarlarını təmir etdiyinə və iltihabı azaltdığına inanılan probiotik və postbiotik qəbul edir.
7. Beyni və uzunömürlülüyü dəstəkləmək üçün ergotionein
Dr. Macciochi:
“Ergotionein bizi oksidativ stressdən qoruyan antioksidantdır. Bədən bunu özü istehsal edə bilmir. Göbələk və daxili orqan ətlərində (bağırsaqlarda) az miqdarda olur. Yeni araşdırmalar bunun beyin sağlamlığı və uzunömürlülüklə əlaqəli olduğunu göstərir. Hələ araşdırmalar yenidir, amma qəbulunun yaxşı nəticəsinə inandım.”
8. Ürək sağlamlığını yaxşılaşdırmaq üçün CoQ10 (Koenzim Q10)
Dr. Macciochi:
“Bazarda çoxlu uzunömürlülüyün sirri kimi qida əlavələri var və çoxuna inanmıram, amma CoQ10 ümidverici görünür.”
CoQ10 bədəndə təbii yaranan antioksidantdır və sərbəst radikalların (hüceyrələrə və DNT-yə zərər verən hissəciklərin) təsirinə qarşı mübarizə aparır.
Xüsusilə, statin qəbul edən xəstələr üçün faydalı ola bilər, çünki statinlər CoQ10 səviyyəsini azaldır. Tədqiqatlar həmçinin ürək çatışmazlığı olan xəstələrdə infarkt və insult riskini yarıbayarı azalda biləcəyini göstərir.
O bildirir ki: “Uzunömürlülük üçün faydalı ola biləcəyini göstərən xeyli sübut var və məncə az istifadə olunan bir qida əlavəsidir.”
Səhərlər kapsul olaraq qəbul edir.
9. Sağlam yaşlanma üçün spermidin, kversetin və fisetin
Dr. Macciochi-nin qəbul etdiyi sonuncu qida əlavələri bunlardır. Bunlar bədəndə zamanla yığılan “iltihabi yaşlanma” (inflammaging) adlanan aşağı səviyyəli iltihabla mübarizəyə kömək edən bitki mənşəli maddələrdir.
Spermidin hüceyrələrin yenilənmə və özünü təmizləmə prosesini aktivləşdirir. Zədələnmiş, yəni “zombi hüceyrələrin” bədəndən atılmasını dəstəkləyərək yaşlanma zamanı beyin və ürəyə faydalı ola bilər.
Kversetin bitkilərdə olan və kövrəkliyi azaltdığı deyilən bir flavonol;
Fisetin isə zədələnmiş hüceyrələrin təmizlənməsinə kömək edir.
O, bu üç maddəni birləşdirən tək bir həb qəbul edir və deyir:
“Araşdırmalar hələ yeni olsa da, bu əlavələrin arxasındakı elm mənə digər uzunömürlülük əlavələri ilə müqayisədə daha çox inandırıcı gəldi.”
Mənbə: The Telegraph qəzetində çap olunan “The nine supplements an immunologist swears by for healthy ageing” məqaləsi əsasında hazırlanıb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com