Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər:
"Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma periodunu gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir”.
Qeyd edək ki, yanvarın 18-də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda bildirilmişdi ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.
TurpKimi.com