Meyvə və tərəvəzlərdəki pestisit qalıqları sağlamlığa necə təsir edir? - Səssiz təhlükə


Hansı qidalar daha risklidir? Doğru yuma üsulları ilə bu kimyəvi maddələrdən nə dərəcədə qoruna bilərik?

meyve-ve-terevezlerdeki-pestisit-qaliqlari-saglamliga-nece-tesir-edir
01.06.2025 17:13 6 dəq oxuma

Tarladan süfrəyə gələnə qədər meyvə və tərəvəzlər müxtəlif prosedurlardan keçirlər.  Məhsuldarlığı artırmaq və zərərvericilərlə mübarizə aparmaq üçün pestisit adlanan kənd təsərrüfatı dərmanları sağlamlığa zərər verir. Bu kimyəvi maddələrin qalıqları, fərqində olmadan istehlak etdiyimiz qidalar vasitəsilə orqanizmimizə daxil olur.

Son illərdə aparılan analizlər bəzi məhsullarda yüksək səviyyədə pestisit olduğunu göstərir.

Bəs hansı qidalarda risk daha böyükdür?
Təkcə su ilə yuma kifayət edirmi?
Soda, sirkə, limonlu su kimi təbii üsullar təsirlidirmi?
Qabığını soymaqla pestisit miqdarını azalda bilərikmi?
Pestisit qalıqları olan tərəvəz və meyvələr sağlamlığımıza necə təsir edir?
Orqanik məhsullarda da pestisit riski varmı?

TurpKimi.com Ankara Universiteti Qida Mühəndisliyi Bölməsindən Qida Təhlükəsizliyi üzrə Mütəxəssis Prof. Dr. Nevzat Artık və Daxili Xəstəliklər üzrə Mütəxəssis Aytaç Karadağın maraqlı açıqlamalarını oxucularla bölüşür.

1. Pestisiti təkcə su ilə yumaq kifayət edirmi?

Prof. Dr. Nevzat Artık: Meyvə və tərəvəzlərdəki pestisiti uzaqlaşdırmaq üçün əvvəlcə təsirli şəkildə su ilə yuyulmalıdır. İlk yuyulmadan sonra suda bir müddət saxlayıb yenidən yumaq pestisitlərin böyük bir qismini aradan qaldıra bilər.

2. Meyvə və tərəvəzləri birbaşa sirkəli suda yumaq daha risklidirmi?

Prof. Dr. Nevzat Artık: Meyvə və tərəvəzlər əvvəlcə  su ilə yuyulmalıdır. Beləliklə, çirklərlə birlikdə mikroorqanizmlər də təmizlənmiş olur. Birbaşa sirkəli su ilə yumaq kifayət etmir. Yəni əvvəl su ilə yuyulmalı, sonra sirkəli su tətbiq olunmalıdır.

3. Təbii üsullar kifayət edirmi, yoxsa hazır yuma məhlullarına ehtiyac varmı?

Prof. Dr. Nevzat Artık: Təbii üsullar yerinə xüsusi məhlullardan da istifadə oluna bilər, amma bundan sonra çox təsirli şəkildə su ilə durulama aparılmalıdır.

4. Pestisitləri təmizləmək məqsədilə edilən ən böyük səhvlər hansılardır?

Prof. Dr. Nevzat Artık: Meyvə və tərəvəzlər sabun və ya qab şampunu, yuyucu toz suyu ilə yuyulmamalıdır. Belə təmizləmə zamanı başqa təhlükəli qalıqlar əmələ gəlir. Yuyucu toz  qalıqları da pestisitlər qədər təhlükəlidir.

5. Pestisitə məruz qalmağı azaltmağın yolları hansılardır?

Dr. Aytaç Karadağ: Araşdırmalar göstərir ki, meyvə və tərəvəzləri soyuq suda yuyarkən yumşaq bir fırça ilə sürtmək bəzi pestisitləri azalda bilər.

Başqa bir araşdırmada isə, alma meyvələrinin 1%-lik sodalı  su ilə yuyulmasının pestisitləri təmizləməkdə sadəcə su ilə müqayisədə daha təsirli olduğu ortaya çıxıb.

Xalq arasında sirkə ilə yuma vərdişi olsa da, bu düzgün üsul deyil. Sirkəyə qoyulan qidalardakı mikroblar ölə bilər, amma içindəki kimyəvi maddələr – pestisitlər – sirkənin turşusu ilə daha aktiv hala gələ bilər. Buna görə, əvvəlcə sodalı  suda yuyulmalı, pestisitlər təmizlənməli, sonra mikrobları yox etmək üçün sirkəli suda saxlanmalıdır.

Bir digər vacib məqam isə meyvə və tərəvəzin qabıqlarının soyulmasıdır. Vitaminləri qabıqlarında olsa da, meyvə və tərəvəzin qabığının soyulması pestisid qalıqlarını əhəmiyyətli dərəcədə azalda bilər. Bir tədqiqatda meyvə və tərəvəzlər qaynadıldıqdan sonra soyuq suya salındıqda, şaftalı istisna olmaqla, bütün nümunələrdə pestisid miqdarı 50%-dən çox azalıb. Başqa bir araşdırmada isə çiyələklər qaynadıldıqda pestisid miqdarı 42,8%-dən 92,9%-ə qədər azalıb.

6- Pomidor və xiyar kimi tərəvəzlərin qabığını soymaq pestisid miqdarını azalda bilərmi? Orqanik məhsullarda da pestisid varmı?

Prof. Dr. Nevzat Artık: Pomidor və xiyar əvvəl diqqətlə yuyulub, sonra qabığı soyularsa, pestisidin böyük bir hissəsi uzaqlaşdırılmış olur.

Orqanik məhsullarda pestisid olmur, lakin orqanik məhsullar da analiz olunur. Bu məhsulların sertifikatları mütləq yoxlanmalıdır.

Aytaç Karadağ: Ənənəvi kənd təsərrüfatında bir çox sintetik, yəni insan istehsalı olan pestisidlərə icazə verilir. Risklər universal şəkildə qəbul olunmur. Məsələn, ABŞ-da geniş istifadə edilən otöldürücü glifosat Ümumdünya Səhiyyə Təşkilatının Beynəlxalq Xərçəng Araşdırma Agentliyi tərəfindən "xərçəng törədən" kimi təsnif edilib. Fransa, Almaniyada geniş şəkildə qadağan edilib. Orqanik kənd təsərrüfatında istifadə edilən yeni pestisidlər isə daha kiçik dozalarda və daha spesifik təsir mexanizmi ilə işləyir.

7- Meyvədə pestisid olub olmadığını və miqdarını əvvəlcədən bilmək mümkündürmü?

Aytaç Karadağ: Bunu əvvəlcədən müəyyən etmək mümkün deyil. Ona görə də yuxarıda qeyd edilən qaydalara əməl etməklə istifadə etmək ən düzgün yanaşma olacaq.

8.Meyvə və tərəvəzlərdə pestisid daha çox harada toplanır? Necə yumaq lazımdır?

Aytaç Karadağ: Pestisidlər əsasən meyvə və tərəvəzlərin səthində toplanır. Buna görə də onların qabıqlarını soyaraq istifadə etmək tövsiyə olunur. İspanaq kimi yarpaqlı bitkiləri isə mütləq 30 dəqiqə sodalı suda saxlayıb sonra sirkəli su ilə durulamaq lazımdır.

9. Ən riskli meyvə və tərəvəzlər hansılardır?

Prof. Dr. Nevzat Artık: Ən çox pestisid ehtiva edən meyvə və tərəvəzlər arasında çiyələk, ispanaq, üzüm, alma, şaftalı, albalı, sivri bibər və kapya bibər yer alır. Xüsusilə çiyələkdə orta hesabla 7-8 müxtəlif pestisid, ispanaqda isə 19-a qədər müxtəlif pestisid aşkarlanıb.

Ən az pestisid ehtiva edən və daha təhlükəsiz hesab edilən məhsullar isə avokado, qarğıdalı, ananas, soğan, noxud, göbələk və kividir.

10.Hər il yayımlanan “Dirty Dozen” (Kirli On İkilik) siyahısı necə müəyyən olunur?

Prof. Dr. Nevzat Artık: Bu siyahını məhsullardan tamamilə uzaq durmaq üçün deyil, hansı məhsullarda daha diqqətli olmaq lazım gəldiyini bilmək üçün istifadə etməliyik.

ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təyin edilən 47.510 məhsul nümunəsi araşdırılır. Bu nümunələr evdə necə yuyulursa, elə yuyulub test edilir. Nəticədə, ABŞ-da satılan orqanik olmayan məhsulların 75%-nin yuyulduqdan sonra da pestisid qalığı ehtiva etdiyi ortaya çıxıb.

Məhsullar aşağıdakı kriteriyalarla qiymətləndirilir:

Nümunələrin neçə faizində pestisid aşkarlanıb

İki və ya daha çox pestisid olan nümunələrin faizi

Bir nümunədəki orta pestisid sayı

Ortalama pestisid miqdarı

Tək nümunədə aşkar olunan maksimum pestisid sayı

Ümumi pestisid sayı

11. 2024-cü ilin "Kirli On İkilik" siyahısı:

2024-cü ilin “Dirty Dozen” siyahısında hansı məhsullar var?

Prof. Dr. Nevzat Artık: Siyahıda çiyələk, ispanaq, qırmızı kələm, xardal yarpaqları, üzüm, şaftalı, armud, nektarin, alma, dolmalıq və acı bibər, albalı, qarağat və yaşıl lobya var. Gilas istisna olmaqla hər məhsulda 50-dən çox pestisid aşkarlanıb. Hər nümunədə ən az 13, bəzilərində isə 23 müxtəlif pestisid tapılıb.

12. Pestisidli qidalar sağlamlığımıza necə təsir edir?

Aytaç Karadağ: Uşaqlardan tutmuş böyüklərə qədər xroniki xəstəliklərin artmasının səbəblərindən biri də ətraf mühitin çirkliliyidir. Pestisidlərə məruz qalmaq astma, dəri allergiyaları, hormon pozğunluqları, nevroloji xəstəliklər və xərçəng riskini artırır. Hamiləlikdə pestisidlərə məruz qalmaq uşaqlarda inkişaf geriliyi və autizm riskini artırır. Uşaqlarda isə diqqət əksikliyi və hiperaktivlik sindromu ilə əlaqələndirilir.

Kənd təsərrüfatı ilə məşğul olan insanlarda isə obez və yoğun bağırsaq xərçəngi riski artır. Pestisidlər həmçinin Alzheimer, Parkinson, süd vəzi, qalxanabənzər vəzi, yumurtalıq, prostat, ağciyər və qaraciyər xərçəngləri ilə əlaqələndirilir.

Prof. Dr. Nevzat Artık: Pestisidlər zərərvericilərlə mübarizə üçün istifadə edilir, lakin qeyri-düzgün və ya həddindən artıq istifadəsi sağlamlıq üçün ciddi risklər daşıyır.

Qısa müddətli təsirlər: Zəhərlənmə, qusma, ishal, nəfəs darlığı, taxikardiya və əzələ qıcolmaları. Həmçinin dəriyə və tənəffüs yollarına təsir edə bilər.

Uzun müddətli təsirlər: Sinir sisteminə zərər, bəzi növləri xərçəng törədir. Sonsuzluq, böyrək və ağciyər zədələri, hormon sisteminə müdaxilə və inkişaf problemlərinə səbəb ola bilər.

Qeyd: Pestisid riski olsa belə, orqanik olmayan bir çiyələyi yemək, çiyələk dadlı bir konfet yeməkdən daha sağlamdır. Süfrənizi müxtəlif təzə meyvə və tərəvəzlərlə doldurmaq sağlam bəslənmənin əsas prinsipidir. “Kirli On İkilik” və “Təmiz 15” siyahıları isə daha məlumatlı alış-veriş üçün rəhbər ola bilər.

Vüsalə Əlövsətqızı,TurpKimi.com