Min bir dərdin dərmanı  ƏVƏLİK - Əsl zamanıdır


Daha çox su kənarlarında bitən əvəlik otunun  qədim  Misir dövrlərinə qədər uzanan böyük bir keçmişi var. 

min-bir-derdin-dermani-evelik
28.12.2021 16:31 3 dəq oxuma

TurpKimi.com əvəlik haqqında hər kəsin bilməli olduğu bəzi bilgiləri oxucuları ilə bölüşür. 

Əvəlik çox zaman ispanağa, quzuqulağına bənzədilir. Yarpaqları yeyilir, toxumlarından isə çay hazırlanır. 
Yabani bitki olduğu üçün az qala dünyanın hər yerində bitir.  

Kökündə nişasta, şəkər, C vitamini var. Fosfor baxımından zəngin olan bu bitkinin faydaları çoxdur. 

Əvəlik bitkisi qırxbuğum fəsiləsinə aid çoxillik ot bitkisidir. Becərmək istəyənlər üçün qeyd edək ki, toxum və kök pöhrələri ilə çoxalır. Toxumları yazda və payızda səpilir. İkinci ildən başlayaraq qida üçün istifadə olunacaq yaşıl kütləsi yığılır.

Əvəlik bitkisinin yarpaqlarını  çiçəkləməmişdən qabaq yığırlar. Toxumu yetişən ərəfədə mal-qara üçün təhlükəlidir.

Əvəlikdən tibb aləmində də geniş məqsədlər üçün istifadə edilir. 

-Əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsindən daxili qanaxmalarda,  sidik tutulmalarında, bəd xassəli şişlərin, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, qaşınma, revmatizm və bədxassəli xərçəngdə istifadə edilir.

-Təzə dərilmiş yarpaq və dəmləməsindən laxlayan dişlərin dibinin möhkəmləndirilməsində, gec sağalan kəskin irinli yaraların müalicəsində, şirəsindən antiseptik, zəhərlənmə əleyhinə geniş istifadə olunur. 

-İshalın qarşısını alır.  Kökü qaynadılıb içilərsə ishalı kəsər.  10 qram əvəlik kökü 1 stəkan isti suda dəmlənərək içilir. 

-Qəbizliyi önləyir. Ağlınıza ilk sual gəlir.  Həm ishalda həm qəbizlikdə necə istifadə edilər? İshalda bitkinin  kökü,   qəbizlikdə isə yarpaqları istifadə edilər. Xüsusilə hemoroid problemlərində təsirlidir. 

İshalı kəsmək üçün bitkinin tərkibində bol miqdarda həlledici turşu var. Məhz buna görə ishalın qarşısını uğurla alır. 

-Dəri xəstəlikləri : Eqzema, qaşınma və dəri üzərindəki göbələklərdə çox təsirlidir. Dəri səthlərində görülən yara və ləkələri aparır.  Yara və dəri ləkələrinin sağalmasında istifadə etmək üçün xüsusi məcun halına gətirilir və dəri üzərinə sürtülür. 

- Keçmişdən bəri fərqli məqsədlər üçün istifadə edilən əvəlik  otu müxtəlif dövrlərdə meydana gələn allergik problemlərin qarşısını alır. 

 - Sümük xəstəliklərinin müalicəsində istifadə edilən bitki revmatizm  və qadın hormonlarını düzəltməkdə olduqca təsirlidir. Bundan əlavə bəzi qadın xəstəliklərinin müalicəsində  çox təsirlidir. 

-C vitamini ilə  zəngin olduğu üçün qrip kimi infeksiyalarla mübarizədə çox təsirlidir.  

-Bədəndə yığılan toksinlərin atılması üçün detoksda istifadə edilir. Bu xüsusiyyəti ilə qaraciyər xəstəliklərində də geniş istifadə edilən əvəzedilməz bitkidir. Antibakterial təsiri vardır. Qaraciyər və ağciyərlərin toksinlərdən təmizlənməsində xüsusi yeri var. 

-İştah açar. Xüsusilə çəkisi artmayan  və yemək istəməyən kiçik uşaqlar üçün təbii dərmandır. 

-Qadınlarda tez-tez olan adət sancılarının yüngülləşməsini və ağrıların azalmasını təmin edir. 

-Əmizdirən analar və körpələri üçün də  təbii dərman qaynağıdır. Ana südünü artırmaq üçün istifadə edilər.

- Kökləri aşı maddəsi ilə zəngindir. Onlardan boyaq hazırlamaq üçün də istifadə olunur.

Əvəlik bitkisini çiçəkləməmişdən əvvəl, may-iyun aylarında yığır, saç kimi hörür, qurudaraq qışa tədarük edirlər.

Qurudulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər hazırlanır. Yarpaqlarından dolma da bişirilir. 

Əvəlik otundan hazırlanan  yeməklər ləzzətli olduğu kimi çox faydalıdır.

Əvəlikli sıyıq

Üç stəkan düyüyə bir litr su əlavə edilir. Su qaynamağa yaxın əvəlik ovxalanıb tökülür. Su qaynayıb azalana yaxın xörək oddan götürülür, duz əlavə edilir. Hazırlanmış əvəlikli sıyıq mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.

Əvəlikli umac

Əvəlikli umac unla hazırlanır. Umac üçün müəyyən miqdarda un götürülüb ələkdən keçirilir. Qazana su tökülüb qaynadılır. Qaynar suyun içərisinə 100 qrama qədər ovxalanmış quru əvəlik tökülərək qarışdırılır. Bir-iki buğum qaynadıqdan sonra onun üzərinə umac əlavə edilir. Beləliklə, 5-10 dəqiqədən sonra əvəlikli umac hazır olur. Bu xörək soyuqdəymənin müalicəsinə çox kömək edir.

Əvəlik dovğaya, qutaba, şorbaya, salatlara və sair xörəklərə qatılır. 

Qurudulmuş əvəliyi xırda-xırda doğrayıb bişirirlər. Onu gündə bir dəfə sulu-sulu yeməklə öd kisəsi xəstəliklərini müalicə etmək olar.

Əvəlik çayı necə hazırlanır?

Qurudulmuş əvəlik kökü və yarpaqlarından bir xörək qaşığı götürülür. İsti suya əlavə edilərək 5 dəqiqə dəmlənir. Süzülür və içilir. 

ZƏRƏRLƏRİ NƏLƏRDİR?

Əvəlik otunun faydaları olduğu qədər zərərləri də var. Ülseratif kolit və Krohn Xəstəliyində istifadə edilməməlidir. Bədəndə su itkisini sürətləndirdiyi üçün böyrək çatışmazlığı olan xəstələr istifadə etməməlidir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com 

Dərc olunub: 21-04-2021