Narahatlıq, təlaş və ya stresdən ana südünün keyfiyyəti dəyişmir


Süd istehsalı prosesi stresli bir vəziyyətdən asılı deyil və yalnız nadir hallarda laktasiya qabiliyyətinə müvəqqəti təsir göstərə bilər.

narahatliq-telas-ve-ya-stresden-ana-sudunun-keyfiyyeti-deyismir
07.08.2024 22:09 1 dəq oxuma

Bu fikri K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Aygün Məmmədova söyləyib.

Onun sözlərinə görə, ananın narahatlığı, təlaş və ya stres səbəbindən ana südünün keyfiyyəti dəyişmir: “Stresli vəziyyətdə ana südünün axmasını təmin etmək son dərəcə vacibdir. Əgər ana südü ilə qidalanma müvəqqəti mümkün deyilsə, südün döş pompasından istifadə edərək və ya əllə sağılması mütləqdir. Çünki ana südü ilə qidalanmanın qəfil kəsilməsi bir sıra ağırlaşmalara (sərtləşmə, döş vəzinin iltihabı və s.) səbəb ola bilər. Bundan əlavə, fövqəladə vəziyyət zamanı həddindən artıq qorxu hissi keçirən analarda həmin narahatlıq uşağa süd verərkən tez keçir”.

Həkim-pediatr bildirib ki, laktasiya prosesi körpənin döşə bağlandığı müddətdə davam edir, çünki laktasiya sistemi dəyişikliklərə uyğunlaşır və stresli vəziyyətdə də körpənin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur: “Davamlı qidalanma, birbaşa dəri ilə təmas və körpəyə yaxınlıq gecikmiş süd tədarükü müddətini qısaldır”. Azərtac