Məktəbi əla qiymətlərlə bitirmək yarışı olmamalıdır...
"Uşağınızın sağ və ya sol yarımkürəsinin daha çox inkişaf etdiyini bilirsinizmi?"
TurpKimi.com xəbər verir ki, tanınmış pediatr Aytən İsmayılzadə bu sualla başlayan maraqlı yazı paylaşıb. Həkim uşaqlardakı istedad və biliyin inkişafını beynin yarımkürələri ilə əlaqəli olduğunu izah edib:
"Adətən, uşaqlara eyni tələblər qoyulur, ancaq müxtəlif nəticələr görülür. Məsələn, məktəbə gedən hər uşaadan riyaziyyatı yaxşı oxuması istənilir, amma nəticə fərqli olur. Bütün uşaqlar riyazi bilikləri eyni cür mənimsəmir, ya da kimlərsə humanitar fənlərdə, kimlərsə də dəqiq elmlərdə üstün olur. Ona görə mən hesab edirəm ki, məktəbi əla qiymətlərlə bitirmək yarışı olmamalıdır.
Keçək sağ - sol beyin məsələsinə... Hansı uşağın nəyi, necə qavramağı məhz ya sağ, ya sol yarimkürənin inkişafı ilə bağlıdır. Bizim bir beynimiz var, amma onun iki hissəsi körpü ilə ortada birləşsə də ayrı işlər görür.
Sağ beyin funksiyaları güclü olanlar daha çox xəyal qurur, sənət, yaradıcılıq, musiqi onlarda üstündür. Təbiətlə həmahəngliyi sevir, duyğulara çox önəm verir, həssasdırlar. Yaradıcı enerjiləri yüksəkdir. Buraxın yaratsınlar.
Riskə gedəndirlər, çünki duyğuları ilə düşünürlər. Subyektivdirlər. Mahnının sözünə deyil, musiqisinə önəm verir. Xırdalıqları deyil, bütünü görürlər.
Sol beyin funksiyası yaxşı olanlar obyektivdir. Məntiqli düşünür. Analitik düşüncəyə sahibdir. Hadisəni hissələrə bölüb analiz edər. Riyazi təfəkkür üstündür. Reallığı qəbul edirlər. Planlı və səbrli olurlar. Mahnının müsiqisinə deyil, sözlərinə önəm verir. Hər xırdalığa fikir verirlər.
Bütün bunlara görə müxtəlif xarakterlər, müxtəlif qavrama tipləri və müxtəlif zəkalar ortaya çıxır. Biz isə hər kəsi bir etməyə çalışırıq. Özümüz də fərqində olmadan sağa gedəni sola, sola gedəni sağa döndərməyə çalışırıq. Bu zaman beynin yan təsirləri ilə qarşılaşırıq. Məsələn, mənim sağ beynim inkişaf edib. Onun daha da inkişafı ruhsal və bədənsəl xeyrimədir. Deyək ki, yaradıcılığı sevirəmsə, onunla məşğul olsam daha faydam olar, nəinki riyaziyyatla".
Firuzə Alimova / TurpKimi.com