Əslində normal inkişaf edən uşaq nə vaxt danışmalıdır?
Bəzi uşaqlar yaşıdları ilə müqayisədə gec danışa bilər. Bu, hər zaman problem kimi qəbul edilməməlidir. Bəs o zaman niyə bir çox uşaqlar gec danışır? Gec danışmaq nədən qaynaqlanır? Bunun qarşısını necə almaq olar?
TurpKimi.com Türkiyə mediasına istinadla bildirir ki, dil uşaq doğulduğu gündən inkişaf etməyə başlayır. Bununla yanaşı uşağın psixososial inkişafı, sosial münasibəti, zehni və öyrənmə qabiliyyəti də yaşına uyğun səviyyədə olmalıdır.
Adətən normal inkişaf edən uşaqlar ilk 6 aydan hecalar deyə bilir. 1 yaşından sonra isə sözləri yavaş-yavaş deməyə başlayır. Artıq 1 yaş 5 aylığında daha çox söz deyir. 2 yaşında isə sözləri birləşdirərək deyirlər. Beləliklə, 2-2,5 yaşlı uşaqlar 400 söz danışa, 2-3 sözdən ibarət cümlələr qura bilir. Danışdıqlarının 80-90 faizini isə başa düşürlər. 3-4 yaşlarında demək olar ki, bütün deyilənləri başa düşür, 4-5 yaşlarında isə 6-8 sözdən ibarət cümlələr qururlar.
Müxtəlif səbəblər uşaqların gec danışmasına və geriləməsinə səbəb olur. Bu səbəblər genetik və emosional, həmçinin nevroloji və ya nevropsixiatrik pozulmalarla müşahidə edilə bilər.
GEC DANIŞMAĞA SƏBƏB OLAN FAKTORLAR:
Zehni gerilik
Eşitmə problemi
Görmə problemi
Tək qalmaq
Tez-tez ürək getmə və ya epilepsiya
Xroniki depresiya
Uşağın cinsi
Televizora baxmaq
Uşaqlıq psixozları
Ailədə gec danışma problemi
İnkişafda ləngimə
Erkən doğuş və ya böyümə geriliyi
Qardaşını qısqanmaq
Ailədə 2 dildə danışmaq
Dil bağı, yarıq damaq-dodaq kimi ağızdaxili problemlər
Autizm, əqli gerilik kimi bəzi xəstəliklər
Uşağa danışmaq imkanı verməmək
Gec danışan uşaqların ən böyük problemi ailədə ünsiyyətin olmamasıdır. Valideynlər bu məsələdə çox diqqətli olmalıdır. Övladları ilə daha çox vaxt keçirməli, ünsiyyət qurmalıdırlar. Belə ki;
Uşağın televizora çox baxmasına icazə verilməməlidir.
Uşağa tez-tez suallar verilməlidir.
Bir sözü səhv deyəndə uşağa qarşı səbrli olmaq və təzyiq etməmək lazımdır.
Sosiallaşmasına və ünsiyyət qurmasına şərait yaradın.
Övladınızla yaradıcı oyunlar oynayın.
Çoxlu kitab oxuyaraq söz ehtiyatını zənginləşdirin.
Övladınıza mahnılar oxuyaraq əyləncəli formada onunla danışın.
İşarəylə göstərdiyi şeyləri sözlə deməsinə səy göstərin.
Mütəxəssislər bildirir ki, uşaqların vaxtında dil açması onlar üçün faydalıdır. Çünki vaxtında dil açan uşaqların zəka və öyrənmə prosesləri daha sürətli inkişaf edir. Gecikən danışıq uşaqların zəka və sosial inkişafını da zədələyir.
Bundan başqa, uşaqlar danışdıqda onu diqqətlə dinləmək lazımdır, danışdığı önəmsiz olsa belə. Çünki uşaq ona ciddi yanaşıldığını görəndə danışma həvəsi yaranır ki, bu da nitqin inkişafına müsbət təsir edir.
Firuzə Alimova / TurpKimi.com