Niyə izdivaca qohumla girmək olmaz? - Araşdırma


Qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir - ARAŞDIRMA

niye-izdivaca-qohumla-girmek-olmaz
30.06.2024 00:03 4 dəq oxuma

Milli Məclisdə qohum nikahları və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik edilməsi ölkədə geniş müzakirələrə səbəb olub. Bu dəyişiklik yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə edilib. Belə ki, hər iki məsələ insan hüquq və azadlıqlarının təmin edilməsinə və cəmiyyətin sağlam gələcəyinə zərər vuran fəsadlara səbəb olur.

AZƏRTAC-ın əməkdaşı qohum nikahların gələcək nəsillərdə yarada biləcəyi fəsadlarla bağlı araşdırma yazı hazırlayıb. Yazını təqdim edirik.

Hər hansı nəsildə genetik müxtəlifliyin yaratdığı ümumi genefond həmin nəsildən olan ailələrin daxilində nikahların sayı artdıqca azalır. Belə məhdud genetik hovuzlarda autosomal rezessiv xəstəliklərə səbəb olan resessiv genlər dominant olur və özünü gələcək uşaqlarda mütləq şəkildə göstərir. Məsələn, birinci dərəcəli qohum nikahlarında hər iki tərəf eyni nənə və babanı paylaşır. Əgər nənə və babada təhlükəli irsi xəstəlik varsa, nəvələrin daşıyıcı olma şansı 50 faiz olur. Bu, əmiuşağı nikahlarında tərəflərdən dünyaya gələn uşaqların təhlükəli irsi xəstəliklərin nüsxəsini miras alması şansını artırır. Genetik xəstəliyin olma ehtimalı valideynlərin yaxın qohumluq əlaqələrindən asılıdır. İki fərd arasındakı genetik əlaqə nə qədər uzaq olarsa, övladların zərərli gen mutasiyalarını paylaşma riski bir o qədər azalır. Qohumluq dərəcəsi artdıqca, ciddi xəstəlik və ya anadangəlmə qüsurlu uşaq sahibi olma riski də artır.

Səhiyyə Nazirliyinin Ailə Planlanması Məsləhətxanasının genetiki Günay Amirlinin sözlərinə görə, qohum nikahlarında daha çox təsadüf edilən xəstəliklərin böyük bir qismi irsən keçir: “Genetik xəstəliklər irsiyyət növünə görə fərqlənir. Bəziləri tək valideyndən (autosom-dominant, X-ilişilkli dominant və ya X-ilişikli resessiv irsiyyət növləri) ötürülə bilər, bəziləri isə hər iki valideynin (autosom-resessiv irsiyyət növü) eyni “xəstə” genin daşıyıcı olması səbəbindən övlada ötürülür”.

Genetik: Qohum nikahlarında eyni “xəstə” geni daşıyan tərəflərin olması ehtimalı əhəmiyyətli dərəcədə artıb

G.Amirli son dövrlər qohum nikahları ilə bağlı təhlükəli göstəricinin olduğunu vurğulayıb: “Ölkədə qohum nikahlarında eyni “xəstə” geni daşıyan tərəflərin olması ehtimalı əhəmiyyətli dərəcədə artıb. Təəssüf ki, bu ehtimal daşıyıcı olan cütlükdən dünyaya gələn hər övlad üçün böyük təhlükə yaradır. Belə ki, ailənin 4 uşağından 1-i ( 25%) tam sağlam, 2-si (50%) daşıyıcı, 1-i isə (25%) xəstə ola bilər. Ancaq qohum nikahlarda xəstə uşağın doğulması ehtimalı daha yüksəkdir”.

Valideynlər arasındakı genetik müxtəlifliyin azalması zərərli mutasiyaların ötürülməsi riskini də azaldır. Genetikin sözlərinə görə, qohumlar arasında olan nikahlarda uşaqların hər iki valideyndən eyni zərərli mutasiyaları alması nəsillər boyunca davam edən irsi xəstəlikləri formalaşdırır və vəziyyəti daha da ağırlaşdırır. “Zərərli mutasiyaların bir ailə genində yığılması sağlam nəslin azalmasına gətirib çıxarır. Məsələn, talassemiya, kistoz fibroz, fenilketonuriya, enzimopatiyalar, metabolik kimi xəstəliklərin sayının artması qohum nikahları ilə əlaqəlidir. Genetik irsi xəstəliklər insan orqanizmində bütün orqan və sistemləri zədəliyə bilir”, - deyə G.Amirli əlavə edib.

Vəkil: Tərəflər arasında nikaha xitam verildikdə qohumluq münasibətləri qalıcı olaraq zədələnir

Qohum nikahları cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlarla yanaşı, insan hüquq və azadlıqlarının təmin edilməsinə də mənfi təsir göstərir. Vəkil Cavanşir Qasımzadə mövzuya hüquqi baxımdan aydınlıq gətirib: “Ümumiyyətlə, ölkəmizin mentalitet dəyərləri baxımından evlilik və boşanmalar barədə qərar verilməsində əksər hallarda iki şəxslə yanaşı, hər iki ailə də mühüm rol oynayır. Bu məsələ qohum nikahlarının pozulması zamanı özünü daha çox göstərir. Tərəflər arasında nikaha xitam verildikdə qohumluq münasibətləri qalıcı olaraq zədələnir. Bəzən övladları ayrıldığı üçün bacı və qardaşlar, sözün əsl mənasında, düşmən olur, bir-birilərinə qarşı ədavət bəsləyirlər. Bu isə birbaşa ənənəvi ailə məfhumunu məhv edir”.

Dünyaya gələn övladlarda yaranan xəstəliklər üzə çıxdığı zaman qohum tərəflərin bir-birilərini günahlandırdığına diqqət çəkən vəkil deyib: “Bir vəkil olaraq icraatımdakı ailə mübahisələrinin demək olar, 50 faizdən çoxu qohum evliliyi edən şəxslərə aiddir. Belə hallarda hüquqi baxımdan əmlak və mülk məsələlərində tərəflər arasında ciddi problemlər yaranır. Bundan əlavə, qohum evliliyindən qaynaqlanan xəstəliklər uşaqlarda kəskin formada olanda qohum tərəflər bir-birilərini günahlandırırlar”.

Bir sözlə, anadangəlmə xəstəliklərin böyük bir qismi qohum nikahları ilə əlaqəlidir. Məsələnin həlli istiqamətində ən əhəmiyyətli və ucuz müalicə metodu isə qohum nikahlarının qarşısının alınmasıdır. Qohum nikahları və erkən evliliklərlə bağlı qanunvericiliyə dəyişiklik edilməsi də məhz bu amillə bağlıdır.