Trampın sabiq müşaviri koronavirusun yayılmasında Bill Qeytsi günahlandırıb.
ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Roger Stone koronavirusun yayılmasında Bill Qeytsin barmağının olduğunu söyləyib.
TurpKimi.com Türkiyə mediasına istinadla xəbər verir ki, Roger Stone “Microsoft”un qurucusu Bill Qeytsin insanlara mikroçip taxa bilmək üçün koronavirusu meydana gətirdiyini irəli sürüb.
Çindən yayılan virusla bağlı radio verilişdə danışan Stone Bill Qeytsin məqsədinin insanlara mikroçip yerləşdirmək olduğunu deyib: “Bill Qeytsin bu virusun yaradılması və yayılması prosesində rol oynayıb-oynamaması müzakirə edilməlidir. Mühafizəkar dostlarımızın bəziləri bunu gülünc, bəziləri isə tamamilə doğru hesab edirlər. Bill Qeyts və digər qlobalistlər koronavirusdan vaksinləri məcburi hala gətirmək və insanlara mikroçiplər yerləşdirmək üçün istifadə edirlər. Vaksin məcburidi, başqa yolu yoxdur”.
Bill Qeytsin 2015-ci ildəki çıxışı gündəm oldu
Koronavirusun bütün dünyaya yayılması ilə birlikdə Bill Qeytsin 2015-ci ildəki çıxışı yenidən gündəm olub. Milyarder iş adamı çıxışında “qarşıdakı 10 ildə bir şey 10 milyon insanı öldürərsə, yəqin ki, bu, müharibə olmayacaq, yoluxucu virus olacaq” ifadələrini işlədib.
Səsləndirilən iddiaların nə dərəcədə doğru olub-olmadığı sual altında. Çünki sabiq müşavir insan bədəninə yerləşdiriləcək mikroçiplərin hansı məqsədlə istifadə edilə biləcəyi haqda hər hansı fikir bildirməyib. Qeyd edək ki, Roger Stone 2016-cı ildə ABŞ-da keçirilən seçki kampaniyasında Donald Trampın müşaviri olub, adı Rusiyanın seçkilərə müdaxilə etməsi ilə bağlı istintaq işində hallanıb.
Məhkəmə prosesi 2019-cu ilin 15 noyabrında tamamlan Stone Konqresə yalan ifadələr vermək, şahidləri yalan ifadələr verməyə məcbur etmək və rüşvət vermək kimi, ümumilikdə 7 cinayətə görə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: Timeturk.com
Firuzə Alimova / TurpKimi.com