NOVRUZ şirniyyatlarından orqanizm üçün ən faydalısı - SƏMƏNİ HALVASI


Süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr qadının südünü artırır.

novruz-sirniyyatlarindan-orqanizm-ucun-en-faydalisi
12.03.2022 17:46 3 dəq oxuma

Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür.

Ən qədim milli şirniyyatlarımızdan biri olan səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Qədimdə nənələrimiz hər zaman səmənidən müxtəlif şirniyyat bişiriblər. Son zamanlar mətbəxlərdə bu şirniyyatların hazırlanması demək olar azalıb. Baxmayaraq ki, səmənidən hazırlanan şirniyyatlar dadlı olmaqla yanaşı, həm də insan orqanizmi üçün faydalıdır. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun ekoloji cəhətdən tam təmiz olması, yalnız təbii məhsullardan hazırlanmasıdır.

Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr qadının südünü artırır.

Novruzda bişirilən səməni halvası jenşen bitkisindən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.

Bildirək ki, səməninin tərkibindəki d-tokoferol, yəni E vitamininin miqdarı yüksək olduğundan ondan hazırlanan halvalar antioksidant xüsusiyyətinə malikdir. D-tokoferol hüceyrələri gəncləşdirir, cinsi gücü artırır. Bəzi məlumatlara görə, dənizçilər uzaq səfərə çıxarkən özləri ilə buğda götürüblər. Sonra buğdanı göyərdərək balla qarışdırıb yeyiblər, beləliklə, orqanizmə əlavə vitaminlər daxil olub.

SƏMƏNİ HALVASININ HAZIRLANMASI

Səməni halvasının maraqlı bişirilmə texnologiyası var. Halvanı bişirmək üçün yüksək keyfiyyətli, çox da köhnə olmayan buğda tələb olunur. Buğda təmizlənir, yuyulur və ilıq suya qoyulur. Suya qoyulmuş buğda dəfələrlə yuyulmalıdır ki, suda qalıb iylənmasin. Bir-iki gün belə yuyulduqdan sonra buğdanın şişdiyini müşahidə edirik, bundan sonra buğda bir də yuyulur və yaş torbanın içinə qoyulur. Burda da buğdanın yuyulması və nəmlənməsi davam etdirilir. Buğdanın keyfiyyətindən asılı olaraq bu proses 2-7 gün arasında davam edə bilər.

Bu prosesin sonunda xeyli miqdarda özündən rişə vermiş buğda alınacaq. Nəzərə almaq lazımdır ki, halvanın keyfiyyətli olması üçün rişələrin göyərməsinə imkan vermək lazım deyil. Lap sonda rişələnmiş buğdalar bir də yuyulur və ət maşınında çəkilir. Klassik variantda, yəni keçmişdə aydın məsələdir ki, onları ət maşınında çəkməyiblər, taxtadan olan tabaqlarda buğdanı əzib südünü çıxarıb istifadə edərmişlər. İndi rahatlıq üçün ət maşınında çəkilir. Ət maşınında çəkilmiş kütləni tənzif vasitəsilə sıxıb suyunu alırlar. Məhz bu kütlə səməni halvasının bişirilməsində istifadə edilir.

Daha sonra alınmış mayedə unu yoğururlar. Artıq səməni halvasını bişirmək olar. Bunun üçün mümkün qədər yekə mis və ya çuqun tava götürülür. Bundan əlavə halvanı qarışdırmaq üçün möhkəm dəstəyi və iti burnu olan ərsin deyilən mis əşyadan istifadə edilir. Ərsin yoxdursa, onu əvəz edə bilən başqa alət gərəkdir. Əslində isə ərsinin olması çox vacibdir, çünki səməni halvası çox uzun müddətə əmələ gəlir.

Beləliklə, səməni halvası mis tavada ərsin vasitəsilə daim qarışdırlmaqla hazırlanır. Halva yanmasın deyə ara-sıra halvanın altına kərə yağı vurulur. Bu qarışdırma prosesi 4-8 saata qədər çəkə bilər. Sona yaxın xəmir qəhvəyi rəngə çalır.

Halva hazır olduqdan sonra ona doşab, bir qədər xırdalanmış qoz ləpəsi və müxtəlif ədviyyələr vurulur. Deyirlər ki, səməni halvasına bütün ədviyyələrdən bir qədər vurmaq lazımdır. Vurulması vacib olan ədviyyələr bunlardır: mixək, darçın, zəncəfil, qara istiot, sarıkök, zirə, cirə, razyana. Əl altda olan başqa ədviyyələrdən də qatmaq olar. Məsələn, cöhüz, qara çörəkotu, keşniş tumu və s. Maraqlıdır ki, bütün ədviyyələrin qatılması təklif olunsa da, səməni halvasına zəfəranın qatılması məsləhət bilinmir. Ola bilər ki, bu, zəfəranın başqa ədviyyələri sevməməsi və əsasən təklikdə yeməklərə qatılması ilə bağlıdır.

Bütün qarışıqlar halvaya qıtılandan sonra onu qoğal formasına salıb açıq yerə sərirlər. Ortasına də bəzək üçün qoz ləpəsi düzürlər. Səməni halvası artıq hazırdır.

Kulinariya dərsliklərində təklif olunan nisbətlər aşağıdakıdır:

  • Buğda – 100 qram,
  • Buğda unu – 500 qram,
  • Ərinmiş yağ – 100 qram,
  • Doşab – 200 qram,
  • Qoz ləpəsi – 100 qram,
  • Cirə – 2 qram,
  • İstiot – 1 qram,
  • Darçın – 2 qram,
  • Razyana – 1qram

20-03-2019

Firuzə Alimova / TurpKimi.com