Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək?
Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur.
Maraqlıdır, Novruz süfrəsi bu il bir ailəyə minimum neçə manata başa gələcək?
Şəkərbura, paxlava, qoğal...
Novruzu adına musiqilər bəstələnən, xonçalara bəzək vuran şəkərbura, paxlava, qoğalsız təsəvvür etmək olmaz. Varlı, kasıb - fərq etməz, hər ailənin bayram süfrəsində səməni nə qədər önəmlidirsə, bu üç şirniyyat da bir o qədər vacibdir. Bəs görək, bunları bişirmək neçəyə başa gəlir?
Şirniyyatlar üçün iki kiloqram un minimum üç manat, yağ kərə yağıdırsa, iki kiloqramı 30 manat, qatıq 3-4 manat, on ədəd yumurta bir manat 70 qəpik, bir kiloqram qoz ləpəsi 16 manat, bir kiloqram fındıq ləpəsi 15 manat, iki kiloqram şəkər tozu dörd manatdır. Əlavə ədviyyatlar üçün iki manat vəsaitə ehtiyac var. Beləliklə, Novruz şirniyyatlarının hazırlanması minimum 73-74 manata başa gəlir. Əgər bu şirniyyatları hazır almaq istəyirsinizsə, şəkərburanın bir ədədi minimum bir manat, paxlavanın kiloqramı 20 manatdan başlayır, qoğalın isə bir ədədi minimum bir manatdır. Yəni dörd nəfərlik ailəyə minimum on şəkərbura, on qoğal alsaq, bir kiloqram da paxlavanı üzərinə gəlsək, 40 manatımızdan keçməli olacağıq.
Şah plovun şah kimi qiyməti
Süfrələrin şahı plovdur. Plovsuz Novruz Bayramı təsəvvür edilməz. Bir ailə plov yemək üçün bir kiloqram düyüyə minimum beş manat ödəməlidir. Yanında "aş-qarasını" saysaq, 20 manat da buna xərclənməlidir.
Bu gün ən çox xərc tutan məhsullar ət və kərə yağıdır. Mal ətinin bir kiloqramı 13 manat, qoyun əti 17-18 manat, toyuq əti 6-10 manatdır. Əgər balıq almaq istəsəniz, məsələn, kütüm üçün 17-20 manatınızdan keçməli olacaqsınız.
Bir xonça neçəyə başa gəlir?
Bazardakı qiymətləri iqtisadçı ekspert Rauf Qarayevlə də müzakirə etdik. Həmsöhbətimiz masaların bəzəyi olan xonçanın qiymətlərini araşdırıb: "İydənin bir kiloqramı 7-8 manat, innab 6-12 manat, xurma 10-14 manat, qoz və fındıq səkkiz manat, qoz ləpəsi 15 manat, fındıq ləpəsi 16 manat, şabalıd 14 manat, ərik 8-20 manat, turşu yeddi manat, kişmiş səkkiz manat, püstə (İran) 26-28 manat, püstə (Türkiyə) 31-36 manat, şəkər tozu 2.20 manat, buğda unu bir manatdır. Yəni bir xonçaya minimum 127 manat pul xərclənir".
Meyvəsiz süfrə olar?
Gələk meyvələrə. Meyvəsiz süfrə olar? Amma meyvəqabınızı doldurmaq istəyirsinizsə, minimum 17 manatınızdan keçməlisiniz: "Mandarinin bir kiloqramı üç manat, kivi dörd manat, banan üç manat, ananas yeddi manatdır".
Qiymət artımı qeydə alınıb?
İqtisadçı deyir ki, isti yeməklərə xərclənən pul minimum 41 manat, şirniyyata 50 manat, şirələrə isə altı manatdır. Dörd nəfərlik ailə bayram süfrəsi açmaq üçün minimum 270 manat xərcləməlidir.
Hər kəsi builki qiymət artımı maraqlandırır. İqtisadçının sözlərinə görə, keçən ilin mart ayında qeydə alınan inflyasiya 13,8 faiz təşkil edib. Bu ilin yanvarında isə sözügedən göstərici 1,7 faizdir. Yəni ciddi qiymət artımı qeydə alınmır".
Novruz bayramının məsrəfi
Yaşayış minimumuna gəldikdə, iqtisadçı qeyd edir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib: "Əgər ailədə ana, ata və iki uşaq varsa, 1044 manat gəliri olmalıdır ki, həmin ailə bir ay yaşaya bilsin. 1044 manat gəlirin 270 manatını Novruz Bayramında məsrəf etməlidir. Ehtiyac meyarının həddi haqqında qanunla isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün bu göstərici 270 manat məbləğində təsdiq edilib. Ehtiyac meyarına nəzər yetirdikdə 270 manat bir adamın aylıq minimum yaşaması üçün məbləğdir. Yaşayış minimumu da 270 manatdır. Əvvəllər fərqli rəqəmlər idi. Amma bu məbləğ kasıb adamın bayramı keçirməsinə bəs etmir. Nəticədə orta təbəqə və yuxarı təbəqədən fərqli olaraq kasıb insanlar bayramı keçirmək üçün ətrafdan asılı olacaqlar".
// kaspi.az