Ramazan ayından sonra qidalanmaya diqqət!
Ramazan ayı ərzində müxtəlif saatlarda yatdığınız üçün yemək vərdişləriniz və metabolizmanız dəyişib. Bir ay oruc tutan orqanizmi yeni dövrə öyrəşdirmək lazımdır.
TurpKimi.com Ramazan ayından sonra həzm sistemini əvvəlki vəziyyətinə qaytarmaq üçün diqqət ediləcək məqamları təqdim edir:
- Bayramın birinci günü səhər yeməyində yağlı və xəmir qidalardan uzaq durmanızda fayda var. Çünki mədəsi xəstə olanlarda ağrıların artmasına səbəb olur. Ona görə də səhər yeməyində soyutma yumurta, az yağlı pendir, az yağlı qatıq, zeytun kimi proteinlə zəngin qidalarla, xiyar-pomidor kimi tərəvəzlər yeməniz münasibdir. Gün ərzində 2 litrdən az olmamaqla su için.
- Bayramdan sonra həddən çox şirniyyatın yeyilməsindən qaçmaq lazımdır. Qonaqlıqlarda süfrəyə qoyulan paxlava, yağlı-şərbətli şirniyyatların qəbulu mədədə ağrıya, qastrit olan xəstələrdə gün ərzində mədədə yanma, şişkinlik və qarın ağrısına səbəb olur.
- Yemək və şirniyyat süfrəsində qazlı, turş içkilərdən, hətta evdə hazırlanan kompotların qəbulundan uzaq durmaq lazımdır.
- Tez-tez, lakin az-az yemək lazımdır. Zeytunyağlı qidalarla qidalanmaq və şorba içmək, salat yemək həzmi asanlaşdıraraq, onun daha nizamlı işləməsinə kömək edəcək.
- Axşamlar ağır yeməklərdən uzaq durun. Meyvəni isə hərəkətli olduğunuz günorta saatlarında yeməyə çalışın.
- Günün sonunda yatmazdan 3-4 saat əvvəl yeməyi dayandırın ki, mədəniz bir qədər boşalsın. Bu, həzm sisteminizi qorumağa kömək edəcək.
Firuzə Alimova / TurpKimi.com