Övladına erkən yaşda toy edənlərin nəzərinə - Yeni qərar


Azərbaycanda 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər həbs olunacaq.

ovladina-erken-yasda-toy-edenlerin-nezerine
11.06.2024 14:17 2 dəq oxuma

Bununla bağlı Cinayət Məcəlləsinə yeni 176-2-ci maddə (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili) əlavə edilir.

Yeni maddəyə əsasən, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin həmin şəxsin və ya erkən evliliyə daxil olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs tərəfindən təşkil edilməsinə görə 2 000 manatdan 3 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 189-3-cü maddə (Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə) əlavə edilir.

Yeni maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər 1 000 manat məbləğində cərimə ediləcək.
Məcəllənin 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 2 000 manat məbləğdə cərimə ediləcək və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

 

TurpKimi.com