Biz böyüklər gecələr dincəlirik, uşaqlar isə işləyir...
- Səhər övladınız yuxudan oyananda ona: “Sabahın xeyir!” deyin və cavab gözləməyin. Günə gümrah və xoş əhval-ruhiyyəylə başlayın, tənqid və mübahisə ilə yox.
- Övladınızla danışarkən “Sən həmişə beləsən”, “Sən ümumiyyətlə...”, “Daim sən...” kimi ifadələr işlətməyin. Övladınız həmişə yaxşıdır, sadəcə bu gün bir az nəyisə yaxşı etməyib. Bunu beləcə də ona bildirin.
- Mübahisədən sonra küsülü halda övladınızla ayrılmayın. Əvvəl barışın, sonra işlərinizin ardınca gedin.
- Ən çətin anlarınızda, hətta heç istəməsəniz belə kübarlığınızı itirməyin. Bu yüksək insani keyfiyyəti övladınıza da öyrədin. Unutmayın, davranış tərzi – hər kəsin əsl fitrəti əks olunan güzgü kimidir.
- Çalışın ki, övladınız ailəyə bağlı olsun, o 4 divar onun cənnəti olsun, daim yuvasına can atsın. Evinizə qayıdanda “Haranı gəziriksə gəzək, evdən gözəli yoxdur!” deməyi unutmayın.
- Övladınızı danlayarkən “Yalan danışma” əvəzinə, “Düzünü de” ifadəsini işlədin. Ya da gülümsünərək “deyəsən, kimsə aldadır” deyin.
- Biz böyüklər gecələr dincəlirik, uşaqlar isə işləyir, yəni böyüyür. Ona görə də səhər yuxudan duranda məktəbə getməmiş onu yaxşı-yaxşı yedirdin.
- Qızınız ya oğlunuz evə qayıdanda onları qapıda qarşılayın. Uşaq valideyninin onu gördüyünə şad olduğunu hiss etməlidir. Hətta yanlış hərəkətləri olsa belə...
- Nə qədər yorğun olursunuzsa olun çalışın övladlarınıza şikayət etməyəsiniz. Çünki bu zaman siz onlara şikayət etməyi öyrədirsiniz, haldan anlamağı yox. Ümumiyyətlə isə uşaqda özünə yazığı gəlməyi yox, ətrafdakı insanlara, yaxın və doğmalarına mərhəmət hissini formalaşdırın.
- Övladlarınızla mübahisə edərkən bəzən güzəştə gedin. Qoy elə bilməsinlər ki, onlar hər zaman yanlışdırlar. Bununla siz onlara güzəştə getməyi, yanlışları və məğlubiyyəti qəbul etməyi öyrədərsiniz.
Firuzə Alimova / TurpKimi.com
14-12-2021