Övladınıza niyə kitab oxumalısınız? - Hətta ana bətnindən başlayaraq...


Hamilə olanlar sınaq etsə, əlbəttə, təsirinin şahidi olacaq...

ovladiniza-niye-kitab-oxumalisiniz
14.03.2022 00:37 3 dəq oxuma

Mütəxəssislərin əksəriyyəti ana bətnindən etibarən övladınıza kitab oxumağı tövsiyyə edir. Niyə? TurpKimi.com bu suala ətraflı cavab verəcək.

Körpələrin ana bətnindən başlayan inkişafı doğulduqdan sonra da davam edir. Uşaqların zehni inkişafı nəsə öyrənməklə davam etdiyi üçün ətrafdan aldıqları məlumatları maraqla araşdıraraq, beyinlərində sxemlər yaradaraq qruplaşdıra bilirlər. Bu zehni inkişaf körpəlik dövründə olduqca çox vacibdir. Valideynlər körpələrinin bu dövründə zehni inkişafları üçün çox diqqətli olmalıdır. Onlara kömək etmək, lazım gələrsə birlikdə kəşf etməyi hədəfləməlidirlər. Bu müddətdə ən təsirli vasitələrdən biri kitab oxumaqdır. Bunu bilirdinizmi?

 Övladınıza niyə kitab oxumalısınız?

Kitab oxumaq təkcə uşaq və yetişkin insanlar üçün deyil. Körpələr üçün də olduqca faydalıdır. Aradakı yeganə fərq kitabları onlar üçün sizin oxumanızdır.

Körpələr üçün kitab oxumaq onların zehni inkişafına və beyinlərində sxemlərin yaranmasına kömək edir. Aparılan araşdırmalara görə, anasının səsini eşidən körpələrin onun səs tonunu tanıyaraq özlərini daha rahat və hüzurlu hiss etdiyi təsdiqlənib. Ona görə də ana bətnindəki uşağa kitab oxumaq, onu ananın səsinə alışdırmaq və hüzur hissi yaşatmaq üçün olduqca vacibdir.

Aparılan araşdırmalara görə, körpənizə nə qədər tez kitab oxumağa başlasanız, onun inkişafına müsbət təsirlərini bir o qədər tez görəcəksiniz. Bəs, uşaqlara nə vaxtdan kitab oxumaq lazımdır? Sualına ən gözəl cavab “ana bətnindən başlayaraq, kitab oxuyun” olacaqdır. Çünki ana bətnindəki körpənin eşitmə duyğusuna və hüzurlu hiss etməsinə səbəb olur.

Motor və zehni inkişafa müsbət təsir edir

Ana bətnindən etibarən oxunan kitablar körpələrdəki motor və zehni inkişafa hər tərəfli təsir edir. Sizin səsinizi eşidib ayırd etməsi bir inkişaf olduğu kimi, oxuduqlarınızı və göstərdiklərinizi anlaması necə inkişaf olmaya bilər?!

Kitablarda olan şəkillər, heyvanlar, rənglər, əşyalar və uşağın diqqətini çəkə biləcək bir çox şey körpənin beynində suallar yaradır və bu vaxta kimi öyrəndikləri kənarda qalır. Bundan başqa, uşaq oxunulan hekayələri anlamağa çalışarkən belə zehni inkişaf etməyə başlayır. Bu müddət ərzində uşaqdan oxumağı öyrənməsini gözləməyin. Əmin olun ki, ona maraqlı olan şeyləri öyrənsin və sual vermək yaşına çatanda suallara cavab verməyi, sual soruşmağı bilsin.

Sizinlə olan zamanın dəyərini bilir

Dünyaya yenicə göz açmış körpənin anaya ehtiyac duyduğu dövrlərdən biridir. Bu dövrdə körpəyə kitab oxumaq, ana-uşaq arasındakı münasibətləri daha da qüvvətləndirir. Bundan başqa, yuxu rejiminin formalaşması mərhələsində olan körpələrinizə həm ananın, həm də atanın nağıl, hekayə oxuması vacibdir. Körpə onunla maraqlandığınız üçün özünü məmnun hiss edəcək və xoşbəxt bir uşaq olaraq böyüyəcəkdir.

Kitab oxumağı sevəcək

Ailə içərisində kitab oxuyaraq böyüdülən uşaqlar bu vərdişi sonrakı yaşlarda da  davam etdirəcək və kitab oxumağı sevəcək. Kitab oxumaq vərdişi onlara hadisələri tez qavramağa, hərfləri öyrənməyə və məktəbdə dərslərində diqqətli olmağa və hər şeyi tez anlamağa kömək edir.

Yaradıcı düşünürlər

Nağıl kitabları və öyrədici ibrətamiz kitablardakı hadisələr uşaqların çox istiqamətli düşünməsinə müsbət yöndə təsir edir. Körpəlik dövründən uşaqlıq çağına gələndə təxəyyülləri xeyli inkişaf edir və yaradıcı düşünərək məhsuldar şəxsiyyətə çevrilirlər.

Dünyanı tanıyırlar

Ətrafda baş verənləri müşahidə edərək təqlid edən körpələr, ətraf aləmi də bu yolla tanıyırlar. Çöldə baş verənlərdən xəbərsiz olduqları üçün nəsə öyrənmələrində kitab ən gözəl vasitədir. Məsələn; günəş sistemini rənglər və şəkillərlə tanıdan maarifləndirici kitab uşağınızın erkən yaşda planetlər haqqında  məlumatlar əldə etməsinə yardım edəcək.

Amma unutmayın, kitab oxumağı vərdiş halına gətirməli, davamlı oxumalısınız ki, övladınızın növbəti yaşlarında meyvələrini görə biləsiniz.

Firuzə Alimova / TurpKimi.com