Ozon dəliyi kiçilir - Alimlər təəccübləndi


16 sentyabr “Beynəlxalq ozon təbəqəsinin mühafizəsi günü” elan edilib.

ozon-deliyi-kicilir
18.09.2019 15:53 1 dəq oxuma

Bəşəriyyəti ekoloji fəlakətlə təhdid edən mənfi tendensiyanın azaldığı bildirilir.

TurpKimi.com bildirir ki, bu barədə məlumatı Avropa İttifaqı Kopernik Afmosfer Müşahidə Xidməti (CAMS) açıqlayıb.

CAMS-ın açıqlamasında Ozon dəliyinin sentyabr ayında əldə edilən ölçülərinin əvvəlkilərindən daha kiçik olduğu qeyd edilib.

Belə ki, ötən həftə Ozon təbəqəsinin 5 milyon kv.km-ə qədər kiçildiyi, ötən ilin eyni dövründə bu sahənin böyüklüyünün 20 milyon, 2017-ci ildə isə 10 milyon kv.km olduğu vurğulanıb. Bundan başqa, Ozon dəliyinin cənub qütbünün mərkəzdən bir qədər sürüşdüyü aşkar edilib.

Ozon təbəqəsi Yer planetini Günəşin zərərli ultrabənövşəyi şüalarından mühafizə edir. Bu təbəqə Yerdən 20-30 km yüksəklikdəki stratosfer qatında davamlı şəkildə gah üzə çıxır, gah da yox olur. Çirklənməmiş atmosferdə bu dövriyyə bir-birini tarazlayır.

Lakin texnoloji inkişaf nəticəsində atmosferə atılan xlor və brom tərkibli kimyəvi maddələr bu balansı pozur. Sentyabr-oktyabr aylarında Antarktidada Ozon təbəqəsi mövsümə uyğun olaraq, ən yüksək kiçilmə səviyyəsinə çatır.

Qeyd edək ki, 1987-ci ildə imzalanmış Monreal protokolu atmosferə ən çox zərər verən kimyəvi maddələrin istehsalını və istifadəsini qadağan edib. Ozon təbəqəsinin qalınlığının 1970-ci ildəki səviyyəsinin 2060-cı ildə bərpa olunacağı bildirilir.

Firuzə Alimova / TurpKimi.com