Özünüzü yorğun hiss edirsiz? - 12 maddə ilə xilas olmağın yolu


Gündəlik iş rejimi, şəhər həyatı, tıxaclar, sosial problemlər...Bütün bunların hamısı insan orqanizminin daha tez yorulmasına səbəb olur. Belə yorğunluq xroniki yorğunluqdur və yüngül istirahətlə keçib gedir.

ozunuzu-yorgun-hiss-edirsiz
02.03.2022 19:26 2 dəq oxuma

Statistikaya görə, xroniki yorğunluqdan ən çox qadınlar əziyyət çəkirlər.

Dünyanın və texnologiyanın sürətli inkişafı insan üçün çoxlu problemlər də gətirir. Bu gün demək olar ki, heç nədən bir anlıq bezməyən bir insanı tapmaq mümkün deyil. Bəs yorulmağımıza səbəb nələrdir?

Yorğunluğun yaranma səbəbləri

Ümumilikdə yorğunluğun səbəbi çox ola bilər. Bunlara cəmiyyətdəki problemləri də daxil etmək mümkündür. Bundan əlavə, səhhətdə olan bəzi problemlər məsələn, qan azlığı, müxtəlif infeksiyalar, qaraciyər, ürək və böyrək çatışmazlıqları, orqanizmdə vitamin və mineralın yetərincə olmaması, metobolik pozulmalar, hormonal problemlər, xərçəng xəstəliyi kimi ciddi problemlər yorğunluğun ilk göstəriciləridir.

Yorğunluq həm də tez-tez  təkrarlanan və uzun müddət davam edən stress, yuxu pozğunluğu, depressiya və digər psixoloji problemlərin təsirindən də yarana bilər. Spirtli içkilər və siqaret də yorğunluğa səbəb olur. Mütəxəssislər yorğunluğu önləmək üçün öncə düzgün bəslənməyi məsləhət görürlər.

Adətən insanlar yaz və yay aylarında özlərini yorğun hiss edirlər. Bu da təbii ki,  mövsümi dəyişikliklə əlaqədar ola bilər. 

Soyuq aylardan çıxan orqanizmin şəraitə adaptasiya olunması, uyğunlaşması üçün bir az zaman lazımdır. Ona görə də yay aylarında istirahət etmək vacibdir. Hər şeyin bol olduğu mövsümdə qida rasionu xüsusilə zənginləşdirilməlidir.

TurpKimi.com xəbər verir ki, yorğunluğu azaltmaq üçün mütəxəssislər bunları məsləhət görürlər:

1.    Gündəlik qidalanmanı 4-5 paya bölün.

2.    Az-az və tez-tez yeyin.

3.    Ağ rəfinə edilmiş taxıl məhsullarının yerinə, qara, rəfinə edilməmiş çovdarlı, yulaflı və kəpəkli qidalara üstünlük verin.

4.    Gün ərzində 8-10 stəkan maye qəbul edin.

5.    İdmanla məşğul olarkən və ya çox hərəkətli işlər görərkən tərləyirsinizsə meyvə suları, meyvə şirələri daha çox için.

6.    Yağlı qidalardan mümkün qədər uzaq olun.

7.    Xüsusilə axşamlar tərəvəzli yeməklər yeyin.

8.    Spirtli içki qəbulunu azaldın.

9.    Qızardılmış yeməklərdən qaçın.Onların yerinə sobada qaynadılmış və buğda bişmiş yeməklər yeyin.

10. Özünüzü yorğun hiss etdiyinizdə banan, çiyələk və kivi yeyin.

11. Normal yuxunuzu alın. İnsan sutka ərzində 7-8 saat yatmalıdır.

12. Təbiət qoynuna çıxın. Açıq havada, oksigenin zəngin olduğu yerlərdə daha çox gəzişin. Yaşıl sahələr beyni dincəldir.

Vüsalə Əlövsətqızı, Turpkimi.com

Dərc olunub: 13-03-2020