“Pandemiya insanların çoxunun ağır psixoloji probleminin olduğunu üzə çıxardı” - Psixoloq


"Kim nə desə inanır, onu asanlıqla yönləndirmək olur, reallıqdan uzaq olur”.

pandemiya-insanlarin-coxunun-agir-psixoloji-probleminin-oldugunu-uze-cixardi
19.05.2020 16:32 2 dəq oxuma

"Koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən karantin rejimi insan psixologiyasına ciddi təsir göstərib. Lakin bu təsir hər bir şəxsin fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlif şəkildə üzə çıxıb. Hazırda karantin qaydalarının yumşaldılması və əksəriyyətin hələ də qüvvədə olan qaydalara əməl etməməsi göstərir ki, insanların bəziləri doğrudan da psixoloji problemlər yaşayırlar və mövcud vəziyyəti dərk etmək istəmirlər".

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən psixoloq Aynur Əhmədova bildirib ki, nisbətən inkişaf etmiş ölkələrdə insanların məlumatı qəbul edib emal etməsi ilə bizim kimi inkişaf yolunda olan ölkələrin insanlarının məlumatdan nəticə çıxarması çox fərqlidir: “COVID-19 virusu dünyada yayılandan bəri istər xarici, istərsə də yerli kütləvi informasiya vasitələri gecə -gündüz insanları maarifləndirmə ilə məşğul idilər ki, virus çox sayda insana zərər verməsin. Lakin inkişaf etmiş ölkələrdə insanlar daha geniş mütaliə qabiliyyətinə malik olur, oxuyur, internetdən araşdırma aparır, televizyada dövlət rəsmilərini dinləyir və beyin məlumatı tam qəbul edir, özünü və ailəsini qorumağın yollarını öyrənir.Tövsiyyələrə əməl etməyə çalışır. Bizdə nə baş verir? Çox təəssüf ki, yüksək səviyyədə təhsili olan bir professor ondan məlumat almaq istəyən insana “boş şeydir” deyir. Müğənni, deputat, fəhlə məlumat sintezində eyni nöqtəyə gəlib çıxır - “Boş şeydir nöqtəsi”. Bu boşluq əslində bu tip danışan insanların beyin qırışları arasında olan boşluqdur. Vaxtilə 15-20 kitab oxuyur və ya heç oxumur, mütaliə sıfır səviyyəsindədir, beyni inkişaf etdirən şahmat, dama və s oyunlardan istifadə etməyib, heç bir təhqiqat işi yoxdur, dar bir çevrədə ancaq qidalanmaq və gəzməklə, nəsil artırmaqla işlərini bitmiş hesab edirlər. İnkişaf etməmiş beyin isə həqiqətən boşluqdadır. Kim nə desə inanır, onu asanlıqla yönləndirmək olur, reallıqdan uzaq olur”.

Psixoloq qeyd edib ki, reallığı qəbul etmək elə də asan deyil, qorxu və həyəcan gətirir. Ağıllı insanlar isə qorxu və həyəcanı asanlıqla dəf edir, vəziyyəti təhlil edir və düzgün yol göstərir. Pandemiya bizə cəmiyyətdəki insanların çoxunun ağır psixoloji probleminin olduğunu üzə çıxardı: “Öz həyatı və övladlarının həyatı vecinə deyil. Uşaq yanında marketin arabasını yalayır, küçədə yeməyini yerə salıb ağzına vurur, əlini ayaqqabısına vurub gözünə vurur və ana dərk etmir. Niyə? Çünki beyin boşluqdadır. Məlumatsızdır, məlumatı olsa belə, ondan nəticə çıxarmağa beyin qatları yetərli səviyyədə inkişaf etməyib. Belə insanlar heç inkişaf etməyə həvəsli də deyil. Beynin işləməsi narahatlıq gətirir axı, əziyyət çəkməlidir, oxumalıdır, qaydalara əməl etməlidir. Belə çətindir. Niyə özünü əziyyətə salsın.Əşşi boş şeydir deyirsən bitir”.

TurpKimi.com