İslamda buyurulan bu idman növləri uşağın gələcəyinə birbaşa təsir edir.
İdman etmək təkcə fiziki sağlamlığı qorumur, eyni zamanda psixoloji sağlamlığa faydalı olduğu, gələcəkdə şəxsiyyət və xarakterin formalaşmasında mühüm rol oynadığı sübut olunub. Günümüzdə müxtəlif idman növləri var, amma seçim qarşısında qalarkən hamısının fiziki və psixoloji sağlamlığa faydalı olmadığını bilirikmi? Əksəriyyət fiziki gücün çoxluğu ilə müdafiə oluna biləcəyini, qələbə qazanacağını düşünür. Amma unutmamalıyıq ki, ən üstün güc ağıl və səbrdir. Bəs bunları aşılayan və Muhamməd Peyğəmbərin (s.a.s) sünnəti olan idman növləri hansılardır?
TurpKimi.com Peyğəmbərimizin məsləhət bildiyi və uşaqlara sevdirdiyi idman növlərini, onların faydalı xüsusiyyətlərini təqdim edir:
Qeyd edək ki, həmin idman növləri uşaqlıq yaşlarından aşılanmalıdır. Övladlarımıza idmanı sevdirərək onların sağlam həyat tərzi yaşamalarına vasitəçilik etmiş olarıq.
ATÇILIQ
Ən sadəsindən başlayın: övladınızın bəyəndiyi atı seçməsi və ona ad qoyması atçılığa həvəsləndirmək üçün başlanğıcdır. Uşaqlarda rəhbərlik qabiliyyətinin inkişafını, bədəni tarazlıqda saxlamaq qabiliyyətini, heyvana sevgi və çevrəsinə güvənərək sosiallaşmasını artırır.
ÜZGÜÇÜLÜK
Fiziki inkişafa böyük təsir edən üzgüçülüklə uşaqların üzərkən həm əylənməsinə, həm də sağlam və təhlükəsiz idmanla məşğul olmalarına şərait yaratmış olarsınız. Hətta çox kiçik yaşlarından uşaqlara üzmək öyrədilə bilər. Suyla oynamağı sevən uşağınız varsa, üzərkən onunla oynayaraq inkişafına müsbət təsir edə bilərsiniz. Üzgüçülük bütün idman növləri arasında həm daxili, həm xarici, həm də psixoloji sağlamlığın qorunmasında mühüm rol oynayır. Həmçinin su rahatladır, sakitləşdirir.
OXÇULUQ
7-8 yaşında olan uşaqların asanlıqla öyrənə biləcəyi bir idman növüdür oxçuluq. Bu idman növü ilə məşğul olan uşaq hər zaman özünə hədəf seçməyi, diqqətini cəmləməyi və özünə güvənməyi bacaracaq.
Yazılıb: 09.11.2019-cu il
Firuzə Alimova / TurpKimi.com