Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər açıqlandı


“Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək".

poliklinikalarin-koronavirusla-mubarizede-goreceyi-isler-aciqlandi
30.06.2020 21:21 2 dəq oxuma

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün poliklinikalara yardım etmək məqsədilə Səhiyyə Nazirliyinin yaratdığı işçi qrupunun üzvü Nabil Seyidov bu yardımın nədən ibarət olduğu haqqında açıqlama verib.

"Report" xəbər verir ki, o, bunun metodiki tövsiyələr və təşkilatı məsələlərin həll edilməsindən ibarət olduğunu deyib. 

N.Seyidov bildirib ki, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədi ilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib: "Səhiyyə Nazirliyi simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlayıb, poliklinikalara əlavə təlimatlar təqdim edib".

N.Seyidov qeyd edib ki, Səhiyyə Nazirliyinin təqdim etdiyi tövsiyələrə uyğun olaraq, vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq, müvafiq poliklinikarla əlaqə saxlayacaq: "Poliklinikanın mütəxəssisləri vətəndaşın vəziyyətini ilkin olaraq qiymətləndirəcək və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar (məs., təmas) dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə səfər ediləcək və testlər üçün nümunələr məhz orada götürüləcək".

“Ümumiyyətlə, Bakı şəhəri üzrə bütün poliklinikalara verilmiş tövsiyə və təlimatlara əsasən simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək. Pasiyentlərin səhhətlərində baş verən hər hansı pisləşmə və ya mənfi dinamika müəyyən edilən kimi onlar poliklinika həkimi tərəfindən təkrar qiymətləndiriləcək. Obyektiv pisləşmə olduqda həmin an hospitalizasiya olunacaq. Poliklinikalar COVID-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini davam etdirir. Yəni, dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasientlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər” - o əlavə edib.

İşçi qrupunun üzvü hazırda koronavirusa yoluxma riskinin artdığı vəziyyətdə vətəndaşların digər məsələlərlə bağlı poliklinikaya gəlişlərinin məhdudlaşdırılmasını məqsədəuyğun hesab edir: "Testlər yalnız göstərişlərə uyğun aparılacaq, Vətəndaşlar öz poliklinikalarına zəng etməklə COVID-19 infeksiyası və onun profilaktikası, habelə evdə müşahidə və müalicə ilə bağlı müvafiq məlumat və təlimat əldə edə biləcək. Bütün bu tövsiyələrin yerinə yetirilməsi nəticəsində ilkin səhiyyə xidməti olan poliklinikalar koronavirus xəstələrinə daha yaxşı tibbi yardım göstərməyə cəlb edilmiş olacaq, TTTY-nin yüklənməsi azalacaq və vətəndaşlara  pandemiya dönəmində tələb olunan tibbi xidmətin göstərilməsi davam etdiriləcək".