Ölkədə siqaret çəkənlərin sayında ciddi azalma var...
Portuqaliya hökuməti "Sağlam gənclik" şüarı ilə hərəkətə keçərək siqaret qadağalarını genişləndirir.
Belə ki, Portuqaliyada sol hökumət hazırladığı qanun layihəsi ilə siqaretə və siqaret satışına qarşı yeni qadağalar tətbiq etməyi, o cümlədən siqaret satış maşınlarının ləğvini planlaşdırır.
Qanun layihəsinə görə, bu ildən məktəb, universitet və xəstəxana kimi ictimai binaların yaxınlığındakı açıq yerlərdə siqaret çəkmək qadağan olunacaq. 2025-ci ildən etibarən bar, restoran, hava limanı, konsert salonu, yarmarka və sərgi meydançaları kimi yerlərdə isə siqaret satan maşınlar yığışdırılacaq.
Səhiyyə Nazirliyinin Sağlamlığın Təşviqi Agentliyinin dövlət katibi Marqarida Tavares mətbuata açıqlamasında "2040-cı ilə qədər siqaretsiz nəsil yaratmaq istəyirik və bunun mümkün olduğuna həqiqətən inanırıq" deyib. Tavares siqaret qadağasının həbsxanalar kimi bəzi yerləri əhatə etməyəcəyini da qeyd edib.
Qanun layihəsinin qısa müddətdə Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul ediləcəyi və oktyabrın 23-də qüvvəyə minəcəyi gözlənilir.
Portuqaliyada 2007-ci ildə qüvvəyə minən Tütün Qanunundan sonra ölkədə siqaret çəkənlərin sayında ciddi azalma olduğu bildirilir.
Porto Universitetinin İctimai Sağlamlıq İnstitutunun dərc etdiyi araşdırmaya görə, ölkədə 13 yaşlı uşaqlar arasında siqaret çəkməyə cəhd nisbəti 2003-cü ildəki 19,9 faizdən 2018-ci ildə 3,9 faizə düşüb. Digər tərəfdən, Portuqaliyada 2006-cı ildə yüzdə 20,9 olan siqaret çəkmə nisbəti 2019-cu ildə yüzdə 19-a düşüb.
Firuzə Alimova / TurpKimi.com