Prezervativsiz necə hamilə qalmamaq olar? - TƏBİİ və TİBBİ yolları


Arzuolunmaz hamiləliyin qarşısını almağın yolları.

prezervativsiz-nece-hamile-qalmamaq-olar
29.08.2019 23:01 5 dəq oxuma

Prezervativdən istifadə etmədən arzuolunmaz hamiləlik riskini azalmağın bir çox yolu var. Bunun üçün müxtəlif tibbi yolları seçib həkiminizlə danışa və ya təbii yollardan istifadə edə bilərsiniz. Lakin unutmayın ki, prezervativ arzuolunmaz hamiləlikdən qorumaqla yanaşı, cinsi yolla keçəcək infeksiyaların da qarşısını almaqda faydalıdır. 100 faiz hamiləliyin qarşısını almağın yeganə yolu isə seksi buraxmaqdır.

ÜSUL 1 – Prezervativdən istifadə etmədən hamiləlikdən qorunmağın TİBBİ yolları

1 – Hormonal kontraseptiv həblər

Bu həblər ya estrogen və progesterondan, ya da sadəcə progesterondan ibarət olur. Adətən 7 gün davam edən aybaşıdan sonrakı 21 gün ərzində gündə 1 ədəd qəbul edilir.

2 – Spiral taxmaq

Spiral vagina yolu ilə bətnə yerləşdirilən kiçik T şəkilli bir alətdir. Hamiləliyin qarşısını almaqda 99 faiz təsirlidir. Hazırda istifadə olunan spirallara “Mirena”, “Skyla”, “Lilletta” və “Copper” kimilərinin adını çəkmək olar.

“Mirena” spiralı hormon əsaslı və daha bahalıdı. 5 ilə qədər bətndə qala bilir. Menstruasiya spazmını və qanaxmaları azaltmaqda müsbət təsiri var.

 “Skyla” və “Lilletta” spiralları da hormon əsaslıdı və 3 ilə qədər qalır.

“Copper” spiralı hormon əsaslı deyil. Üstünlüyü, ucuz olması və 10 ilə qədər bətndə qala bilməsidir. Ancaq menstruasiya spazmını və qanaxmaları artıra bilir.

Spiral taxdırmaq istəsəniz, həkimə müraciət edin. Adətən bir neçə dəqiqəyə bətnə yerləşdirilir. Spiralı taxarkən uşaqlıq boynunun dar yolundan keçərkən bir müddət ağrı verə bilər, amma taxıldıqdan sonra artıq ağrı hiss etməməlisiniz.

3 – Vaginal halqa (Nuva Ring olaraq da adlandırılır)

Vaginaya yerləşdirilən və orada 3 həftə qalan bir tibbi yoldur. Daha sonra aybaşı qanaması zamanı bir həftəliyinə  çıxarılır. Vaginada olarkən hormonları sərbəst buraxaraq ovulyasiyanı yatırdır. Cinsi əlaqə zamanı bu halqa nadir hallarda hansısa problemə yol aça bilər. Nə qadın, nə də kişi tərəfindən hiss edilməz.

4 – Depo – Provera iynələri

Bu 1 və 3 aylıq iynələrdir və həkim tərəfindən yazılır. İynələrdən birinin tərkibində progesteron olur və 3 aydan bir əzələ daxilinə vurulur. Ayda 1 dəfə əzələ daxilinə vurulan digər iynənin tərkibində isə esterogen və progesteron hormonları olur. Hər iki iynədə qan dövranına keçən yüksək hormon dozası olduğu üçün hamiləliyin baş tutmasını müxtəlif yollarla əngəlləyir.

5 – Hamiləliyə nəzarət yapışdırmaları

Bu yapışdırmalar 5sm x 5sm ölçüsündə olur və dəriyə vurulur. Hər yapşdırmanın müddəti bir həftədir və bu müddətdən sonra dəyişdirilməlidir. Beləliklə, 1 həftəlik aybaşı qanamasından sonra 21 gün ərzində 3 ədəd yapışdırmanı ard-arda istifadə etməlisiniz. Bu yapışdırmalarda kontraseptiv həblərdə olan eyni hormonlar var. Bu vasitədən düzgün istifadə edildikdə uğursuzluq nisbəti cəmi 1 %-dən azdır.

6 – Bədənə yerləşdirilən “İmplanon”

Bu kontraseptiv vasitə qadının qoluna yerləşdirilir və 4 ilə qədər orda qalır.

7 – Spermanı öldürən vasitələr

Spermanı öldürən vasitələr vaginaya yerləşdirilən gel və ya köpüklərdir. Bu vasitələrdəki sperma üçün zəhərli olan kimyəvi maddələr spermanı tutub öldürür. İstənilən aptekdən ala bilərsiniz. Spermanı öldürməkdə uğursuzluq nisbəti 22 %-dir.

8 – Uşaqlıq ağzı qapağı (servikal qapaq) və ya diafraqma

Uşaqlıq ağzını bağlamaq üçün qadın bu vasitəni vaginasına yerləşdirir. Bu, spermanın bətnə daxil olmasının qarşısını alır. Bu vasitədə spermanı öldürən kimyəvi maddələr də var və bu, hamilə qalma riskini daha da azaldır. Həkim qəbulunda servikal qapaq üçün ölçü verə bilərsiniz.

9 – Sonsuz olmağı seçmək

Arzuolunmaz hamiləliyin qarşısını almağın ən kəskin yollarından biri də kişi və ya qadının, ya da hər ikisinin qısırlaşdırılmasıdır. Lakin bunun ömürlük olduğunu bilməlisiniz. Gələcəkdə övladınızın olmasını istəməyəcəyinizdən əmin olduqdan sonra bunu edə bilərsiniz.

Kişilərdə bu, “vazektomi” adlanır. Bu zaman spermatazoidləri daşıyan “sperma kanalı” kəsilir. Bundan sonra həmin kişi heç bir qadını hamilə edə bilməz.

Qadınlarda bu əməliyyat “boruların bağlanması” adlanır. Qadının mayalanmamış yumurtalarını yumurtalıqlardan bətnə daşıyan borular bağlanır. Bu, yumurtaların mayalanmasını əngəlləyərək hamiləliyin qarşısını alır.

ÜSUL 2 – Hamiləlik riskini azaldan TƏBİİ yollar

10 – Geri çəkilmə üsulu

Prezervativdən istifadə etmədən hamilə qalmamağın bir yolu “geri çəkilmə” üsuludur. Kişi boşalmadan əvvəl penisini vaginadan çıxarmalıdır. Beləliklə, spermanın qadının vaginasına axma ehtimalı olmur. Lakin bu üsulun çətinliyi ondadır ki, kişi boşalmadan, penisini geri çəkmədən əvvəl sperma içəri axa bilər.

11 – Təqvimdən istifadə edin

Hər bir qadının hamilə qala biləcəyi gün sadəcə bir neçə gündür. Yerdə qalan günlərdə prezervativsiz sekslə məşğul ola bilər. Əksər qadınların menstruasiya dövrü 28 gündən bir təkrarlanır. Yumurtlama isə 14-cü gündə meydana gəlir. Amma qadın yumurtlama dövründən bir neçə gün əvvəl və ya sonra cinsi əlaqədə olarsa, hamilə qala bilər.

Onu da qeyd edək ki, bütün qadınlarda menstruasiya dövrü 28 günlük olmur. Bəzilərində daha az 21 gün, bəzilərində isə 28 gündən çox çəkir. Hətta menstruasiya dövü aydan aya dəyişən qadınlar da var. Ona görə də bu üsulun hamiləliyin qarşısını almaqda nə dərəcədə təsirli olduğunu demək bir az çətindir.

12 – Fizioloji əlamətləri izləyərək yumurtlama dövrünü müəyyən etmək

Qadın yumutlama dövrünün zirvəyə qalxdığı günləri müəyyən etmək üçün bazal bədən istiliyini ölçməli və ya uşaqlıq yolundan gələn axıntını izləyərək bu əlamətlərə diqqət etməlidir.

“Bazal bədən istliyi” üsulunda qadın hər səhər və hər gün yeməkdən əvvəl istiliyini ölçməlidir. Yumurtlama dövründə temperatur 0,6 dərəcə yüksələcəkdir. Bunu müşahidə etdiyiniz gündən 3 gün ərzində prezervativlə cinsi əlaqədə olun.

“Uşaqlıq yolu axıntısı” üsulunda qadında menstruasiyadan sonra axıntı olmaz. Lakin sonrakı günlərdə azacıq və yapışqan axıntılar müşahidə edilməyə başlayır. Yumurtlamaya hazır günlərdə isə daha nəm, şəffaf və həddən çox axan axıntı olur. Məhz həmin günlərdə qadının hamilə qalma ehtimalı yüksək olur və bu vaxt cinsi əlaqədən uzaq durmaq lazımdır.

Firuzə Alimova / TurpKimi.com