Putinin kloun dediyi, dünyanın isə qəhrəman kimi gördüyü 44 yaşlı - Zelenski kimdir?


Biz futbolda islandiyalılar, torpağımızı müdafiə etməkdə isə...

putinin-kloun-dediyi-dunyanin-ise-qehreman-kimi-gorduyu-44-yasli
02.03.2022 00:41 3 dəq oxuma

Ukrayna prezidenti Volodimir Zelenski hazırda dünyanın ən populyar siyasətçisidir. Rusiya prezidenti Vladimir Putin bir neçə gün öncə xalqa müraciətində onu "Qərbin klounu" adlandırmışdı. Hazırda davam edən Ukrayna - Rusiya müharibəsində Zelenski hər keçən gün nüfuzunu daha da artırır. 

Ukrayna prezidentinin dosyesini təqdim edirik: 

Volodimir Zelenski 25 yanvar 1978-ci ildə Ukraynanın Krivoy Roq şəhərində anadan olub. Atası Aleksandr Semenoviç Zelenski iqtisadiyyat professoru, texniki elmlər doktoru, anası isə mühəndis olub. Zelenski anası ilə 4 il Monqolustanın Erdenet şəhərində yaşayıb və orada məktəbə gedib. Sonra isə Krivoy Roq şəhərinə qayıdıb. Daha sonra ingilis dilini dərin öyrənmək üçün həmin şəhərin 95 nömrəli məktəbində təhsil almışdır. O, 2003-cü ilin sentyabrında orta məktəb yoldaşı olan Olena Zelenska ilə evlənib. Onların 2004-cü ilin iyulunda Oleksandra adlı qızı, 2013-cü ilin yanvarında isə Kirilo adlı oğlu dünyaya gəlib.

Zelenskini digər dövlət başçılarından fərqləndirən bir keçmişi var. 2008-ci ildən media sektorunda çalışan Zelenski daha sonra aktyor, ssenarist, rejissor olub. 2015-ci ildə televiziya serialında prezident kreslosuna əyləşən və hazırda 44 yaşı olan Zelenski 4 il sonra seçki ilə dövlət başçısı oldu. Onun nə atası kimi iqtisadiyyata, nə də anası kimi mühəndisliyə marağı olub. Zelenskini maraqlandıran yalnız teatr idi. Universitet illərində hüquq təhsili alsa da, vaxtının çoxunu dostları ilə birgə ərsəyə gətirdiyi "Kvartal 95” teatr qrupunda keçirirdi. Çünki o, karyerasını teatrda davam etdirmək fikrində idi. Bu sahədə uğurlu çıxışları olan, başqalarından fərqlənən Zelenski və onun qrupu müəyyən zamandan sonra teatr səhnələrindən televiziyaya yüksəldi. O, siyasətçilərlə yanaşı, sənətçiləri, iş adamlarını, idmançıları parodiya edirdi.

Zelenskinin siyasi karyerasının başlamasına onun 2015-ci ildə rol aldığı bir serial təkan verdi. Belə ki, o, 2015-ci ildə "Xalqın qulluqçusu” adlı serialda rol aldı. Vladimir Zelenskinin şəkli və "Xalq prezidenti” sözləri olan reklam afişaları ilk dəfə 2015-ci ildə paytaxt Kiyevin küçələrində peyda olub. İlk vaxtlar hansı mənanı daşıdığı anlaşılmayan bu afişaların daha sonra Zelenskinin baş rolda çəkildiyi "Xalqın qulluqçusu” serialına aid olduğu məlum olub. Serialın təqdimatı bu sözlərlə başlayır: "Xalq arasından vicdanlı, prinsipial, ziyalı bir şəxs prezident seçilsəydi, nə olar?”. Zelenski serialda jarqon və təhqiramiz dillərdə danışan tarix müəllimi rolunu oynayırdı. Vasili Qoloborodko adlı bu müəllim "təmiz siyasət” axtarışında idi. Xalq onsuz da siyasi intirqalardan, rüşvətxorluqdan, korrupsiyadan əziyyət çəkmişdi. Serialdakı Vasili belə bir xalqın ümidi olaraq qısa müddətdə siyasətə yüksəldi. Həmin "Müəllim Vasili” daha sonra "Prezident Vasili” oldu. Serial xeyli rezonans doğurdu və Zelenski o qədər məşhurlaşdı ki, serialın prodüsseri 2018-ci ildə Ədliyyə Nazirliyinə müraciət etdi. Onlar "Xalqın qulluqçusu” partiyasını yaratdılar və daha sonra 2019-cu ilə seçkilərində namizəd oldu. Onların güclü rəqibləri var idi.

Rəqiblərdən biri, adı korrupsiyada hallanan Petro Poroşenko, digəri Yuliya Timoşenko olub və o da güclü rəqiblərdən biri hesab olunurdu. Nəhayət, seçkilərdə Zelenski 73 faiz səslə qalib gələrək Ukrayna prezidenti seçildi. O, andiçmə mərasimində maraqlı, nikbin nitqi ilə diqqəti çəkdi: "Biz futbolda islandiyalılar, torpağımızı müdafiə etməkdə israillilər, texnologiyada isə yaponlar kimi olmalıyıq”, - deyə bildirmişdi.

Bundan başqa o, ilk hədəf kimi Donbası göstərmişdi: "Donbasda atəşkəsə nail olmaq bizim birinci vəzifəmizdir”.

Zelinski prezident seçilən kimi məmurlara müraciət etmişdi: "Otağınıza mənim şəkillərimi qoymayın, övladlarınızın şəkillərini qoyun. Qərar verəndə də onların gözünə baxın".

Azxeber.com / TurpKimi.com