Qadın işi – “zəif” cinsin güclü biznesi - Sakit inqilab


Postsovet məkanının, demək olar, bütün ölkələri üçün 8 Mart qadınlara ənənəvi olaraq çiçəklər və hədiyyələr verilən gündürsə, digər dövlətlərdə bu bayram işləyən qadınların günü kimi qeyd olunur.

qadin-isi-zeif-cinsin-guclu-biznesi
08.03.2021 17:53 5 dəq oxuma

Axı uzaq 1908-ci ildə bütün Nyu York boyu yürüş edən 15 min qadın əmək şəraiti və onun ödənməsi də daxil olmaqla, hər şeydə kişilərlə bərabərlik əldə etməyə çalışırdı.

Ancaq bu gün, həmin hadisələrdən bir əsrdən çox zaman keçdikdən sonra dövlətlərin sosial-iqtisadi həyatında qadınların bərabərhüquqlu iştirakı hələ də bütün aparıcı dünya təşkilatlarının gündəmində duran mövzudur.

Azərbaycanda müstəqillik illərində bu mövzuya xüsusi diqqət yetirilib və dövlət qurumlarının fəal dəstəyi qadın sahibkarlığının inkişaf statistikasının müsbət yöndə dəyişməsinə kömək edib. Ancaq “biznes ledi”lərimizin hələ də bir çox problemi var.

Sakit inqilab

XX əsrdə qadınların kütləvi şəkildə sahibkarlığa girişini sakit inqilab adlandırırlar. Qadın “işinin” zəif cinsin nümayəndələrinin sosial-psixoloji keyfiyyətləri – qeyri-standart şərtlərdə yeni fikirləri modelləşdirmə qabiliyyəti, inam yaratmaq bacarığı, intuisiya və s. ilə əlaqəli xüsusiyyətlərə malik olduğu hesab olunur.

Deməliyik ki, qadınların iqtisadiyyatda rolunu artırmaq BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 17 bəndindən biridir.

“Mastercard”ın Qadın Sahibkarlar İndeksinə (Index of Women Entrepreneurs) görə, qadın sahibkarlar iqtisadiyyatı daha çox inkişaf etmiş ölkələrdə uğur qazanırlar. Sənayeləşmiş bazarı olan ölkələrdə bisnes quran qadınlar inkişaf etməkdə olan ölkələrdəki qadın sahibkarlarla müqayisədə kapital, maliyyə xidmətləri və akademik təhsil də daxil olmaqla, daha böyük imkanlar və mənbələrdən yararlana bilərlər.

“Mastercard”ın keçən ilin noyabrında dərc olunan son indeksinə görə, qadın sahibkarlar üçün ən yaxşı ölkələrin ilk onluğuna İsrail, ABŞ, İsveçrə, Yeni Zelandiya, Polşa, Böyük Brtitaniya, Kanada, İsveç, Avstraliya və İspaniya daxildir. Reytinqin digər qütbündə isə Səudiyyə Ərəbistanı, Tunis, İran, Misir, Əlcəzair və Banqladeş qərarlaşıb.

Reytinqi tərtib edənlərin fikrincə, koronavirus böhranı ilə əlaqədar biznesi ən çox zərər görənlər məhz qadınlar olub. Qadın sahibkarların 42 %-i bizneslərini onlayn model üzərində qurub, 37 %-i yeni lokal və ya qlobal tələbatları qarşılayan sahələrdə inkişaf etməyə başlayıb, 34 %-i isə pandemiyanın yaratdığı fürsətlərdən istifadə edib.

Kredit əvəzinə stereotiplər

Azərbaycana gəlincə, statistikaya əsasən, ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə bağlı vəziyyət idealdan uzaq olsa da, trendlər kifayət qədər nikbindir. Bu il yanvarın 1-nə olan məlumatlara görə, ölkəmizdə məşğul əhalinin içərisində qadınların payı 48,2 %-dir. Dövlət qulluqçuları arasında qadınların payı 29 %, sahibkarlar arasında isə 21,3 %-dir.

“Sahibkarlar Qadınlar İctimai Birliyinin 7 mindən çox üzvünün əsas problemi iş yaratmaq və ya onu inkişaf etdirmək üçün kredit almaqda çətinlik çəkmələridir”.

Zemfira Ağayeva, Sahibkar Qadınlar İctimai Birliyinin sədri

Son illərin müşahidələrindən də göründüyü kimi, ölkəmizdəki qadınlar daha çox kiçik biznes qurmaqda və özünüməşğulluqda maraqlıdır. Amma bütün təbliğat və maarifləndirmə işlərinə baxmayaraq, “zərf cinsin” nümayəndələri işlərini təşkil etmək yolunda, ilk növbədə, cəmiyyətin sırf psixoloji təzyiqi ilə qarşılaşırlar. Stereotiplər, şərq mentaliteti, kişi tərəfdaşlar tərəfindən layihəyə qarşı qeyri-ciddi münasibət – bəzən bunun öhdəsindən gəlmək müəssisə açmaqdan daha çətin olur. Bəli, qadınlar hələ də müvəffəqiyyətli olduqlarını sübut etmək üçün daha çox vaxta ehtiyac duyurlar, biznes üçün lazım olan ilkin kapitalı toplamaq onlara kişilərdən daha çətindir.

Xüsusən də şirkət ənənəvi “qadın biznesi”ndən - təhsil, tibb, toxuculuq, xidmətlər sahəsindən kənara çıxırsa. Bu gün hər cür klinika və gözəllik salonlarının, moda evlərinin və atelyelərin, uşaqlar üçün təhsil kurslarının və dərnəklərin böyük əksəriyyəti qadın sahibkarların layihələri sayəsində yaradılıb və fəaliyyət göstərir. Böyük holdinqlərin və ya deyək ki, bankların, sənaye müəssisələrinin qadın rəhbərlərinin sayı isə təəssüf ki, hələ də azdır.

Görünür, elə bu amillər də banklar tərəfindən biznesvumenlərə inamsızlıq yaradır. Sahibkarlar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayevanın sözlərinə görə, bu təşkilatın 7 mindən çox üzvünün əsas problemi iş yaratmaq və ya onu inkişaf etdirmək üçün kredit almaqda çətinlik çəkmələridir. O bildirib ki, banklar həm zamin, həm də təminat verilməsini tələb edirlər, amma bu halda belə, heç də hər zaman böyük məbləğdə kredit verməyə razı olmurlar.

“KOB inkişaf mərkəzləri vasitəsi ilə qadınların biznesə və özünüməşğulluğa cəlb edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir”.

Orxan Məmmədov, KOBİA İdarə Heyətinin rəhbəri

Eyni zamanda bu gün qadın sahibkarlığının problemləri hökumətin bir çox ixtisaslaşmış strukturlarının, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) prioritetlərindəndir. Agentlik qadın sahibkarlığının inkişafı, kiçik və orta sahibkarlar arasında qadınların sayının artması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması üçün lazımi tədbirlər görür. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun daha əvvəl qeyd etdiyi kimi, KOBİA tərəfindən sahibkarlıq, bu sahədəki innovasiyalar və dəstək mexanizmləri haqqında məlumat vermək məqsədilə təşkil olunan informativ tədbirlərdə iştirak edənlərin 30 %-i qadın sahibkarlar olub. “Agentliyin struktur bölmələri olan və sahibkarların bilik və bacarıqlarının artırılmasına xidmət edən KOB inkişaf mərkəzləri vasitəsi ilə qadınların biznesə və özünüməşğulluğa cəlb edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir və artıq bir sıra uğurlu nəticələr əldə olunub”, - o bildirib.

Orxan Məmmədov qeyd edib ki, xüsusilə kənd yerlərində qadın sahibkarlığının inkişafı üçün layihə və proqramların hazırlanmasında qadınların məşğulluğu məsələsi diqqət mərkəzindədir.

Regionlara diqqət

Qeyd olunan son məsələ ilə əlaqədar vurğulamaq lazımdır ki, həqiqətən regionlarda qadınların iqtisadi maraqlarının həyata keçirilməsi paytaxtdan daha çox diqqət tələb edir. Bu gün beynəlxalq təşkilatlar da bu istiqamətdə dəstək verirlər. O cümlədən Dünya Bankının dəstəyi ilə həyata keçirilən ikinci AZRIP (Azərbaycan Kənd İnvestisiyaları) layihəsi çərçivəsində qadın sahibkarlığının inkişafı üçün artıq ölkənin beş bölgəsində qadın sahibkarlardan ibarət pilot qrupları yaradılıb. Bu qrupların yaradılmasının məqsədi kənd yerlərində qadınları biznesə cəlb etmək və özünüməşğulluq ilə təmin etmək idi. Bu layihənin “Kənd qadınlarının iqtisadi səriştəsi” komponenti əsasında 2018-ci ilin noyabr ayında Azərbaycan Kənd Qadınları Assosiasiyası yaradılıb və qeydiyyatdan keçirilib. Hazırda İsmayıllı, Balakən, Zaqatala, Ağcabədi, Ağdam, Goranboy, Bərdə, İmişli, Lənkəran, Masallı, Neftçala, Beyləqan, Saatlı və Sabirabad rayonlarında 38 qadın inkişaf və sahibkarlıq qrupu fəaliyyət göstərir. Bu qruplar fəaliyyətlərinin ilk mərhələsində öz hesablarına mikromüəssisələr yaradıblar. Eyni zamanda yeni qrup və müəssisələrin yaradılması prosesi davam edir. Qrup sahibkarlıq modeli daha çox qadının məşğulluğuna imkan yaradır. Kənd qadınları bizneslərinin həcmini artırdıqca kənd yerlərindəki digər işsiz qadınları da işə götürürlər.

Hazırda assosiasiyaya daxil olan 38 qadın inkişaf və sahibkarlıq qrupunda əkinçilik, kənd təsərrüfatı və kənd təsərrüfatı olmayan sahələrdə ümumilikdə 118 kiçik müəssisəni idarə edən 468 kəndli qadın çalışır.

Erməni işğalından azad edilmiş Qarabağ torpaqlarına normal həyat qayıtdıqdan sonra, şübhəsiz, qadın sahibkarlar da orada iqtisadi fəallığın canlanmasına öz töhfələrini vermək istəyəcəklər, xüsusən də orada iş aparmaq üçün şərtlər olduqca sərfəli, imkanlar isə lap çox olacaq. Bu baxımdan Azərbaycanda “qadın biznesi”nin daha sürətlə inkişaf edəcəyinə və yalnız kəmiyyətcə deyil, həm də keyfiyyət baxımından yeni zirvələrə çatacağına ümid etmək olar.

Ekspert Qulu Nuriyev, Report.az