Qarabağ mətbəxində boranılı aş reseptləri - 3 fərqli dad


Payız-qış mövsümünün ən faydalı qidalarından biri də boranıdır. Boranıdan müxtəlif yeməklər hazırlanır. Azərbaycanın hər regionunda boranı müxtəlif cür bişirilir və içərisinə müxtəlif ərzaqlar, ya da bölgəyə uyğun ədviyyatlar vurulur. 

qarabag-metbexinde-boranili-as-reseptleri
20.10.2022 18:40 2 dəq oxuma

Boranılı aşa Qubadlıda müxəşər, şəkər tozu, Xocavənddə maş lobya, sarı kişmiş, qoz ləpəsi, sumax, alça qurusu, Zəngilanda isə çay maşı, zoğal turşusu, şəkər tozu əlavə olunur. Boranılı aşın hazırlanma qaydası isə hər üç rayonda demək olar ki, eynidir.  

TurpKimi.com Qarabağ mətbəxində məşhur olan boranılı aşın fərqli reseptlərini təqdim edəcək:

Qubadlı mətbəxində Boranılı aş

Tərkibi:

Düyü-1 kq
Boranı-500 qr
Ərinmiş yağ -300 qr
Müxəşər-100 qr (mıxaşər də deyilir- tumu çıxarılmış zoğal turşusu-Red.)
Soğan -1ədəd (baş soğan)–100 qr
Duz -60 qr
Şəkər tozu-40 qr

Hazırlanması:

Boranı əvvəlcə kub formasında doğranılır. İri qazanda odun üstünə qaynamaq üçün su qoyulur. Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər islaqda qalır. Su qaynadıqdan sonra duz ataraq düyü qazana tökülür. Düyü suda qaynayan zaman bir neçə dəfə kəfkirlə qarışdırılır. Düyü uzandıqda, yumşaldıqda aşsüzəndə süzülür. Su süzüldükdən sonra aşsüzəndəki düyü yenidən başqa qabın üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. Qazanın dibi tamamilə yağlandıqdan sonra bir az soğan
səpilir, boranı əlavə edilib ona şəkər tozu, azacıq duz və muxəşər səpirik. Sonra yağlanmış düyü qazana tökülərək ağzı kip qapaqla bağlanıb vam odun üzərinə qoyulur. Qazanın dibindəki yağ cızıldadıqda yemək hazırdır. Yemək süfrəyə tək-tək qablarda, yaxud buludda yuxa çörəklə verilir.

 Xocavənd mətbəxində Boranılı aş

Tərkibi:

Düyü – 400 qr.
Boranı – 1 kq.
Soğan – 200 qr.
Maş lobya – 250 qr.
Sarı kişmiş – 100 qr.
Qoz ləpəsi – 100 qr.
Sumax – 30 qr.
Alça qurusu – 100 qr.
Duz – 20 qr, istiot – 3 qr.

Hazırlanması:

Boranı əvvəlcədən təmizlənir, sonra xırda-xırda doğranılır. Qaynadılmış
maş lobya, düyü, kişmiş, alça turşusu, qoz ləpəsi və duz götürülür. Əvvəlcə doğranılmış boranı olmaqla bir neçə layda düzülür, üzərinə su tökməklə vam odda bişirilir. Əvvəlcədən kərə yağı da əlavə olunur.

Zəngilan mətbəxində Boranılı aş

Tərkibi:

Boranı – 2 kq.
Yumru düyü – 400 qr.
Çay maşı (balaca qırmızı lobya) – 200 qr.
Soğan – 3 ədəd.
Zoğal turşusu – 100 qr.
Şəkər tozu – 20 qr.
Ərinmiş yağ – 150 qr.
Duz-20 qr, istiot-2 qr

Hazırlanması:

Maş qaynadılaraq tam bişirilir. Suyu süzülüb soyudulur, yumru düyü yuyulub isladılır. Boranının qabığı soyulub içi təmizlənir və sinidə kubik formasında doğranılır,şəkərlə qarışdırılır. Maş, düyü, boranı, soğan, turşu, yağ, duz, istiot hamısı birlikdə qarışdırılır. Qazana tökülür və üzərinə 2 stəkan su əlavə edilib vam odda bişirilir.

Qeyd: T.Əmiraslanov və A.Əmiraslanovanın “QARABAĞ MƏTBƏXİ” kitabından istifadə olunub.

Vüsalə Əlövsətqızı, TurpKimi.com